İnsanlara hürriyət, millətlərə istiqlal!

“Buna görə narahatlığımız yoxdur, ortaya sübut qoya bilmirlər” – Fazil Mustafadan İLGİNC AÇIQLAMA

1849 24.01.2024 16:26 Siyasət A A

“Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycana qarşı qərəzli mövqeyi illərdir davam edir. Biz orada təmsil olunanda da AŞPA özünü olduqca prinsipsiz və ədalətsiz bir qurum kimi təqdim edirdi. Azərbaycan torpaqları işğal olunmuşdu, onlar işğal edənlə işğala məruz qalan arasında bərabərlik işarəsi qoymuşdular”.

Bu fikirləri Musavat.com-a açıqlamasında millət vəkili Fazil Mustafa deyib.

Millət vəkili bildirib ki, AŞPA uzun illərdir bu ikiüzlü siyasəti davam etdirir:

“İndi də seçkini və qondarma siyasi məhbus məsələsini bəhanə edərək Azərbaycana təzyiq göstərmək istəyirlər. AŞPA-nın hər hansı bir qərarı Fransa Senatının qərarından daha ağır çəkili qərar olmayacaq ki. Azərbaycan öz prinsipial mövqeyini davam etdirir və bizə qarşı hər hansı bir şəkildə, bu formada hansısa addımlar olarsa, bunun cavabı qətiyyətlə veriləcək. Buna görə narahatlığımız yoxdur. Azərbaycan beynəlxalq hüquqa uyğun fəaliyyətini davam etdirir. Hər hansı bir şəkildə Azərbaycanda hansısa bir azadlığın pozulmasından söhbət gedirsə, monitorinq qrupu var, onlar onsuz da bunu təsbit edirlər və ortaya sübut qoya bilmirlər. Ona görə də bunların hamısı bəhanədir. Ermənilərin məğlubiyyətinin əvəzini AŞPA müstəvisində bizdən çıxmaq istəyirlər. Bu da məncə, mənasız bir addımdır. Bu platformada hansısa bir qərar qəbul olunsa, biz öz sərt münasibətimizi ortaya qoyacağıq”.

“Sizcə, Azərbaycan nümayəndə heyəti AŞPA-da fəaliyyətini dayandırmalıdırmı?” sualına Fazil Mustafa belə cavab verib:

“Biz Avropa ilə inteqrasiyanın tərəfdarıyıq, uzun illərdir AŞPA-da təmsil olunuruq. Ona görə də hələ ki, belə bir problem qarşımızda durmur. Bizim dövlət olaraq öz maraqlarımız, hüquqlarımızı qoruma potensialımız var. Ona görə də bu məsələləri müzakirə edib qərar qəbul edə bilərik. AŞPA-dakı fəaliyyətimizi dayandırmaq kimi bir məsələ gündəmimizdə durmur”.

Aytən Novruz
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR