İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu savaşı da biz başlamadıq, amma... biz bitirərik!

1379 18.11.2023 12:37 Siyasət A A

Ermənistan öz arxasında daha çox havadar hiss etdikcə bir o qədər sülh müqaviləsindən yayınır. Yəqin hesab edir ki, hələ vaxtı deyil və toparlanıb masa arxasında güclü olmaq lazımdır, bu isə vaxt istəyir.

Kapitulyant tərəf paralel surətdə bütün beynəlxalq platformalarda ölkəmizi gözdən salmaq, günahkar kimi təsbit eləmək kursu götürüb, havadarlarının birbaşa dəstəyi ilə Azərbaycana qarşı görünməmiş iftira və böhtan kampaniyası aparır. Əleyhimizə bacardıqca “arayış”, “sənəd-sünəd” yığmağa çalışır. Növbəti belə bir struktur BMT-nin Ədalət Məhkəməsi (BƏM) oldu.

Dünən bu qurum uzun müzakirələrdən sonra öz qərarını elan edib. Erməni tərəfinin nə az, nə çox 10 iddiasından 7-si rədd edilib. Və haqına edilib. Ən önəmlisi odur ki, qərarda heç bir “etnik təmizləmə”, “soyqırımı” ifadələri keçmir. Suverenliyimiz və ərazi bütövlüyümüz, eləcə də 19-20 sentyabr antiterror tədbirlərinin legitimliyi şübhə altına qoyulmur. İrəvanın əsas hədəfi isə məhz bu idi.

Yəni Məhkəmə Azərbaycanın Qarabağ üzərində suverenliyini və ərazi bütövlüyünü tam təsdiq edib. O sırada BƏM məsələn, Azərbaycanın hərbi və hüquq-mühafizə orqanlarının Qarabağ bölgəsindən çıxarılması ilə bağlı erməni tərəfinin əsassız və gülünc tələbini rədd edib. Bu, həm də o anlama gəlir ki, erməni sakinlər qayıtsa belə, yaşadıqları ərazidə Azərbaycanın güc qurumları, ordusu, polisi, hər şeyi yerində qalacaq, qanunsuz silahlı dəstələr isə istisnadır.

Qarabağın erməni sakinləri ilə bağlı “Azərbaycanın öhdəliyi” məsələsinə gəlincə, Bakı buna qədər onsuz da öz mövqeyini beynəlxalq hüquq əsasında formalaşdıraraq elan edib. Qayıtmaq istəyənlər üçün xüsusi portal yaradılıb. Konstitusiyamızı, bayrağımızı qəbul edənlər üçün heç bir problem yox. Bundan artıq nə etməliyik, yalvarmalıyıq? Hansı normal, özünə hörmət edən dövlət buna gedər?

Hər halda, bir yerdən başqa yerə köç də insanın təməl haqlarından sayılır və BƏM də bunu haqlı olaraq nəzərə və ciddiyə alıb. Yəni Azərbaycan hökumətinin Qarabağın erməni sakinləri ilə bağlı artıq bəyan olunmuş siyasətini qəbul edib. Bu, milli və ya etnik mənşəyindən asılı olmayaraq bütün sakinlərin təhlükəsizliyini və mühafizəsini təmin etmək barədə öhdəliyimizi əhatə edir.

Məhkəmə habelə Azərbaycanın həbs elədiyi separatçı-kriminal ünsürlərlə bağlı Ermənistanın iddiasını təmin etməyib. Yenə məntiqlidir və Qarabağ üzərində suverenliyimizin daha bir formada təsbitidir, ərazimizdə qanunazidd əməllər törədənləri mühakimə eləmək haqqımızın ən yüksək səviyyədə tanınmasıdır. Yerdə nə qaldı...

Bildirək ki, BƏM-in qərarları məcburi xarakter daşımır. Ancaq erməni bizdən sözsüz ki, yenə əl çəkəsi deyil. Qarşıda BMT Təhlükəsizlik Şurasında ifritə Fransanın təşəbbüsü ilə növbəti iclas gözlənilir. Gələn il fevralın 1-dən isə Ermənistan Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) tamhüquqlu üzvü olacaq. Yüzdə yüz Ermənistan ora da şikayət ünvanlayacaq, absurd iddialar qaldıracaq. Zatən İrəvan Roma Əsasnaməsinə elə buna görə qoşulduğunu bəyan edib.

Hərçənd Azərbaycan BCM-nin yurisdiksiyasını tanımır. Türkiyə, Rusiya, ABŞ, İsrail, bir sıra başqa dövlətlər kimi. Bununla belə, Ermənistan xəyal edir ki, Azərbaycanın hərbi-siyasi rəhbərliyindən kimlərəsə qarşı hökm çıxarılmasına nail olub özünü “zərərçəkmiş” kimi təsbit edə biləcək. Baxarıq.

Azərbaycan bu davaya da hazırıdır. Bizim dövlət və millət olaraq bəşəriyyət qarşısında hər hansı cinayətimiz, suçumuz yox. Ermənistan kimi başımız aşağı, üzümüz qara deyil, heç bir ölkəyə də hücum etməmiş, etnik təmizləmə, soyqırım, ekosid, urbisid törətməmişik. Qoy narahat olan olsun. Bizim də iddialarımız, şikayətlərimiz olacaq. Daşdan keçən dəlil-sübutlarla birgə. Hazırlaşın.

Bütün hallarda bu savaşı da biz başlamadıq, amma biz bitirərik! Öz xeyrimizə təbii ki. Ona görə yox ki, haqlıyıq. Həm də o səbəbə ki, güclüyük, bizim də Allahımız, dostlarımız var...

Siyasət şöbəsi,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR