İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu qədər ədalətsiz, ikiüzlü, riyakar siyasət olmaz!

669 21.11.2023 12:02 Siyasət A A

Milli Məclisin növbəti iclası öz işinə başlayıb.

Musavat.com-un xəbərinə görə, spiker Sahibə Qafarova ABŞ Senatının “Ermənistanı müdafiə aktı” ilə bağlı bəyanatını oxuyub və onun qəbul etdiyi qərəzli sənədə kifayət qədər ciddi arqumentlərlə sərt etirazını bildirib.

Spiker bəyanatın qəbul olunacağını deyib.

Ardınca bəyanat ətrafında müzakirələr başlayıb.

Komitə sədri Ziyafət Əsgərov çıxışında bildirib ki, noyabrın 15-də ABŞ Senatında Azərbaycana qarşı absurd teatr nümayiş etdirilib.

O xatırladıb ki, ABŞ Konqresi hələ 1992-ci ildə Azərbaycan əleyhinə 907-ci düzəlişi qəbul etmişdi:

“Hansı ki, həmin il Xocalı soyqırımı törədilmişdi”.

Z.Əsgərov xatırladıb ki, 11 sentyabr hadisələrindən sonra Azərbaycan birmənalı şəkildə ABŞ-ın yanında olduğunu, antiterror koalisiyasına qoşulduğunu bəyan edib.

“Yaxşı, strateji partnyora qarşı belə hərəkət edərlərmi?” - Z.Əsgərov sual edib.

Komitə sədri bildirib ki, Azərbaycan öz torpaqlarını azad edəndən sonra Qərb dövlətlərinin yuxusuna haram qatılıb.

“Çünki sən müsəlman dövlətisən. Çünki sən Türkiyə ilə Şuşa müqaviləsini imzalamısan” - Z.Əsgərov qeyd edib.

Komitə rəhbəri sual edib: “Nə istəyirsiniz Azərbaycandan? Axı, bu qədər ədalətsiz, ikiüzlü, riyakar siyasət olmaz!”

Ziyafət Əsgərov bildirib ki, biz müharibəni kişi kimi apardıq, heç bir mülki sakinin burnu qanamadı. Həmçinin BMT nümayəndə heyəti, “Qızıl Xaç”ın təmsilçiləri də bunu təsdiqləyib.

“Bunlar ümumiyyətlə, müsəlman dövlətlərinin dirçəlməsinin əleyhinədirlər” - Z.Əsgərov Qərbin riyakar siyasətinin səbəbini izah edib.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR