İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu NATO ölkəsi “ikinci Ukrayna”ya çevriləcək? - sensasion iddia

1536 30.12.2023 08:38 Siyasət A A

“Rusiyada Ukrayna və Finlandiya ilə bağlı ritorik paralellər mövcuddur ki, bu da Kremlin gələcək ideoloji və ərazi məqsədlərinin təkcə Ukrayna ilə məhdudlaşmadığını göstərir”.

“Yeni Müsavat” xəbər verir ki, bu barədə ABŞ-ın “beyin mərkəz”lərindən olan Müharibə Tədqiqatı İnstitutunun (ISW) analitikləri bildiriblər.

Rusiyalı hərbi blogerlərdən biri dekabrın 26-da deyib ki, bu yaxınlarda imzalanmış sazişlər sayəsində ABŞ Finlandiya, İsveç və Danimarkadakı 35 hərbi bazaya, o cümlədən, Rusiya ilə sərhədin 137 km-dəki Finlandiya bazasına daxil olmaq imkanı əldə edib. Ümumilikdə Vaşinqtonun Finlandiyada 15, İsveçdə isə 17 hərbi obyektə çıxışı var.

Rusiya mənbəsinə görə, Finlandiya, ehtimal ki, Finlandiyanın neonasist təşkilatları və “Kareliya Milli Batalyonu” kimi millətçi hərəkatların güclənməsi səbəbilə “ikinci Ukraynaya” çevrilir. Neonasizmin və millətçiliyin xatırladılması Kremlin Ukraynaya genişmiqyaslı işğalı üçün bəhanə etdiyi bəzi ideoloji əsaslandırmalarla səsləşir.

Bildirilir ki, son vaxtlar Rusiya qonşu Finlandiyaya hərbi müqavimət göstərmək üçün bir sıra tədbirlər həyata keçirib: “Mümkün döyüş zonası Rusiya-Finlandiya sərhədi boyunca yerləşəcək Leninqrad Hərbi Dairəsi yaradılıb. Xüsusilə bu yaxınlarda NATO-ya daxil olması ilə əlaqədar Finlandiyaya qarşı güclənən ritorika və hərbi mövqe Moskvanın Ukraynadakı döyüş meydanından kənar daha geniş məqsədlər güddüyünü göstərir. 

Lakin ISW analitikləri Rusiyanın hazırkı hərbi potensialının Finlandiyanı və ya hər hansı digər NATO ölkəsini təhdid etmək üçün yetərli olduğuna inanmırlar. 

“Amma hərbi ritorika gələcək təhdidlər və alyansla münasibətlərdə gərginlik üçün şərait yaradır ki, bu da Rusiyanın uzunmüddətli hədəfləri ilə bağlı narahatlıq yaradır”, - deyə onlar əlavə ediblər.

Öz növbəsində Ukraynanın xarici işlər naziri Dmitri Kuleba “The Kyiv Independent”ə müsahibəsində qeyd edib ki, əgər kimsə Putinin Ukraynada qalib gəldikdən sonra NATO ölkəsinə hücuma cəsarət etməyəcəyini güman edirsə, həmin şəxs ya axmaqdır, ya da bu diskursda Rusiyanın maraqlarını güdür. 

“Bu gün masada təhlükə altında olan Ukrayna qoyulub. Amma sabahkı təhlükə nədir? Birbaşa Qərb və Avropa ölkələri”, - deyə ukraynalı nazir vurğulayıb.

Fikrət Yusifov da prezidentliyə namizəd oldu-AÇIQLAMA

Fikrət Yusifov: “Başqa bir ölkəyə sonsuza qədər yardım etmək heç bir dövlətin istəyində ola bilməz”

Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov Rusiyanın öz oyununu oynadığını qeyd etdi. Onun sözlərinə görə, şimal qonşumuz kürəyini yerə qoymaq fikrində deyil: “Rusiyanın Ukraynaya hərbi təcavüzü onun gözləntilərini doğrultmadı. Qərbdən yetərincə dəstək alan Ukrayna hərb maşını bu təcavüzün qarşısında layiqli müqavimət göstərdi və müharibənin ilk günlərində rus qoşunları tərəfindən yağmalanmış ərazilərin böyük bir qismini işğaldan azad etdi. Lakin Ukrayna ordusunun bu ilin ortalarına planlaşdırılan əks-hücum planları özünü doğrultmadı. Ukrayna hərbi-siyasi dairələri bunun səbəbini Qərbdən göstərilən hərbi yardımların - ilk növbədə isə müharibə meydanında havada üstünlük qazandıra biləcək F-16 qırıcı təyyarələrinin və digər hərbi sursatların vaxtında çatdırılmaması ilə izah etdilər. Bu bir həqiqət ola bilər. Lakin bir başqa həqiqət ondan ibarətdir ki, bu günə qədər Qərbin 20 minə qədər çoxçeşidli sanksiyalar tətbiq etməsinə, müharibə başlayandan 350 mindən çox itki, bir milyondan çox yaralı verməsinə baxmayaraq Rusiya cəbhədə böyük dirəniş göstərir və bəzən də mövqe üstünlüyü qazana bilir. 

Bu arada Avropa Birliyində Ukraynaya hərbi yardımlarla bağlı fikir ayrılıqlarının meydana gəlməsi müharibədə Rusiyanın məğlubiyyətini arzulayan tərəfləri ciddi düşünməyə vadar edir. Ukrayna tərəfin bu ilin yay aylarına planlaşdırılan əks-hücum əməliyyatlarının uğursuzluğu, Qərbdən ayrılan hərbi yardımların istifadəsində yol verilən korrupsiya hallarına dair məlumatlar və ümumiyyətlə, müharibənin məlum olmayan bir müddətə qədər uzanması Avropa Birliyinin üzv ölkələrində Ukraynaya hərbi yardım göstərilməsi məsələsində çatlar yaradıb. Digər tərəfdən gələn il ABŞ-da keçiriləcək prezident seçkilərində Donald Trampın qalib gəlmək şanslarının böyük olduğu da ortadadır. Siyasi səhnədəki davranışlarında adekvatlıq olmayan Tramp artıq çoxdandır ki, - prezident seçiləcəyim halda Ukraynaya hərbi yardımları dayandıracam - deyir. Bu baş verərsə, o halda Avropa Birliyi Ukraynaya hərbi yardımın bütün yükünü öz üzərinə götürməli olacaq. Bu gün əvvəldə sadaladığımız səbəbləri əsas gətirərək Ukraynaya hərbi yardımların ayrılmasında tərəddüd etməyə başlamış və bu yardımın əsasən Rusiyanın Qərbdə dondurulmuş aktivləri hesabına həyata keçirilməsini təklif edən Avropa Birliyi ölkələri ABŞ bu oyundan çıxdığı halda necə davranacaqlar? Bu yaxın zamanın ən böyük sualıdır. Başqa bir ölkəyə sonsuza qədər yardım etmək heç bir dövlətin istəyində ola bilməz. Bu müharibənin isə sonu görünmür. Bu gün bu müharibədə mövqe savaşları gedir və onun nə vaxt bitəcəyini heç kim bilmir. 

Ukraynanın hərbi-siyasi dairələri Qərbə “Ukrayna bu müharibədə məğlub olarsa, növbə sizlərə çatacaq” kimi çağırışlarla xəbərdarlıq edir. Avropa Birliyi bu çağırışlar olmadan da məsələnin ciddiliyini yaxşı anlayır. Yəni Avropa Birliyi bu gün Ukraynaya hərbi yardımı Ukrayna sevgisinə söykənərək etmir. Avropa daha çox özünü düşünür. Çünki Qərbin bu qədər basqılarından sonra Ukraynanı məğlub edə biləcək Rusiyanın gündəmində ilk növbədə ona qonşu olan ölkələrlə ciddi haqq-hesab çəkmək planları var. Bu sıraya Polşa, Baltikyanı ölkələr və Finlandiya daxildir. Gələn ilin mart ayında Rusiyada keçiriləcək prezident seçkilərindən sonra bir çox mətləblərə aydınlıq gələcəkdir. Rusiyanı məğlub etməyin asan olacağını düşünənlər yanılırlar. Rusiya düşdüyü vəziyyətdə öz oyununu oynayır və kürəyini yerə qoymaq fikrində deyil..."

İran mollalarının Hacı Şahini “öz adamları” kimi təqdim etmək hiyləsi

Kənan Rövşənoğlu: “Qərbdə Rusiyanın imkan və iddialarını daha dəqiq bilirlər”

Tanınmış siyasət yazarı Kənan Rövşənoğlu isə bu iddiaları ciddi saymır: “Fikrimcə, Rusiyanın Şərqi Avropaya hücum edəcəyi ilə bağlı iddialar daha çox Avropada ictimai rəydə səfərbərlik yaratmağa hesablanmış təbliğat şüarlarından biridir. Şərqi Avropa ölkələri NATO üzvüdür, aydın məsələdir ki, Rusiya bu ölkələrə hücum edib NATO ilə müharibəyə girmək riski etməz. Yəni Putin aqressiv siyasətçi ola bilər, amma ağılsız deyil. O ki qaldı Skandinaviya ölkələrində NATO bazaları məsələsinə, bu, sirr deyil ki, Rusiya NATO ilə arada plastdarm kimi neytral ölkələrin olmasını tələb edir. Ukrayna probleminin kökündə də elə məsələ dayanırdı. Rusiya özünün təsir zonası hesab etdiyi ölkələrin NATO təsiri altına girməsinə etiraz edirdi. NATO-nun şərqə doğru genişlənməsi nəticədə bu müharibəni gətirdi. Amma Finlandiya və ya Polşa Ukrayna deyil, şərtlər tamamilə fərqlidir. O mənada Ukraynadan sonra Putinin Avropanı işğal edəcəyi ilə bağlı iddiaları ciddi hesab etmirəm. Amma postsovet məkanı fərqlidir, Rusiya bu ərazini öz təsir zonası hesab edir. Təbii ki, əgər Ukrayna müharibəsindən qalib çixsa, Moskva növbəti mərhələdə Qafqaz və Orta Asiyada təsirini artırmağa, respublikalar üzərində təsirini artırmağa çalışacaq. İndiki halda Avropa ilə bağlı xəbərdarlıqlar, fikrimcə, daha çox Ukraynaya dəstək toplamaq, Rusiyaya qarşı qəzəbi artırmaq məqsədi daşıyır. Amma bu cür çağırışların təsirinin olduğunu zənn eləmirəm, Qərbdə Rusiyanın imkan və iddialarını daha dəqiq bilirlər”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR