İnsanlara hürriyət, millətlərə istiqlal!

Brüssel, Kişinyov... - bəs sonra?

477 11.05.2023 13:11 Siyasət A A

Həftəsonu iki ölkə lideri görüşəcək, ABŞ estafeti Aİ-yə ötürüb və təşəbbüsü alqışlayır, analitik: “Nəticə gözləməyə dəyməz...”

Qərbin vasitəçilik səylərinin artması fonunda bu həftəsonu Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında növbəti görüş keçiriləcək.

“Yeni Müsavat”ın siyasət şöbəsi yazır ki, iki ölkə liderlərinin danışıqları Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşkilatçılığı ilə baş tutacaq. Liderlər sərhədlərin demarkasiyası və minalı ərazilərlə bağlı fikir mübadiləsi aparacaq. Qeyd olunub ki, bu görüş mühüm irəliləyişə səbəb ola bilər: “Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində Vaşinqton və Brüsselin səyləri bir-birini tamamlayır”. Bu, fevral ayında Almaniyanın Münhen şəhərində keçirilən danışıqlardan sonra və iki ölkənin xarici işlər nazirlərinin ötən həftə ABŞ-da baş tutan görüşündən sonra iki lider arasında ilk təkbətək görüş olacaq.

Avropa İttifaqı (Aİ) 30 ilə yaxın davam edən Qarabağ münaqişəsi zamanı özünü prosesdən kənarda saxlamaqla məşğul olub. Bu qurumun rəsmiləri “Minsk Qrupunun səylərini dəstəkləyirik” bəyanatını verməklə işlərini bitmiş hesab ediblər. İkinci Qarabağ müharibəsindən sonra isə Aİ Şurasının Prezidenti Şarl Mişel Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesində vasitəçiliyə başlayıb. Belə üçtərəfli formata 2021-ci ilin 14 dekabrında start verilib. 2022-ci ilin aprel ayının 6-sı, may ayının 22-si, 31 avqust və oktyabr ayının 6-da belə görüşlər olub.

Aİ Şurası Ermənistan və Azərbaycan liderlərinin mayın 14-də Brüsseldə  görüşəcəklərini açıqlayıbİlham Əliyevlə Paşinyan görüşəcək

Ötən il 6 oktyabrda Praqada Azərbaycan Prezidenti İlham Əliyevin Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşünün sonunda qəbul edilmiş bəyanatda Azərbaycanla sərhədin Ermənistan tərəfinə Avropa İttifaqının 2 aylıq mülki missiyasının göndərilməsinə razılıq vermişdi. Son belə görüşün ötən il dekabrın 7-də Brüsseldə  keçirilməsi nəzərdə tutulurdu. Amma Ermənistanın baş naziri həmin görüşə yalnız orada Fransa Prezidenti Emmanuel Makronun iştirak edəcəyi təqdirdə razılıq verə biləcəyini dedikdən sonra Bakı da belə bir formatı qəbul etməmişdi.

Avropa İttifaqı Şurasının bu ilin yanvarında Ermənistana iki illik mülki missiya göndərilməsi qərarı isə bu quruma olan etimadı, onun normallaşma prosesindəki rolunu zədələdi. Azərbaycan Prezidenti bununla bağlı ciddi etirazını da bildirmişdi: “Avropa İttifaqının yüksəkvəzifəli şəxsi demişdi ki, missiya uzadılacaq. Ondan sonra Fransanın xarici işlər naziri demişdi ki, biz missiyanı uzadacağıq. Əlbəttə, biz dərhal hərəkətə keçdik və izahat tələb etdik. Bu, nə məsələdir? Siz bunu necə uzadacaqsınız? Siz axı bu missiyanın göndərilməsini bizimlə razılaşdırmısınız. Nə üçün? Çünki bu, bizim sərhədimizin yanında olacaq. Necə ola bilər ki, bizimlə bu, razılaşdırılmasın?”

Bütövlükdə, əvvəlki mərhələdə Brüssel görüşlərini məhsuldar kimi dəyərləndirmək mümkündür. İlk görüşdə regionda kommunikasiyaların açılması məsələsi ətraflı müzakirə edilib. 2021-ci ilin dekabrınadək Zəngəzur dəhlizi ilə bağlı konkret mövqe ortaya qoymayan Ermənistan Brüsseldə öz ərazisindən dəmir yolu xəttinin çəkilməsi ilə bağlı öhdəliyi təsdiqlədi. 2022-ci ilin mayında baş tutan üçüncü görüşün ən mühüm nəticələrindən biri kimi, tərəflərin mövqelərinin konkretləşdirilməsi və uzlaşdırılması istiqamətində səylər göstərildiyi və bir sıra məsələlər üzrə razılığa gəlindiyi bildirilirdi. Əvvəlki görüşlərdə əldə olunan razılaşmalar 2022-ci ilin oktyabrında baş tutan Praqa görüşündə daha da inkişaf etdirildi. Proseslərin sonrakı gedişi isə hər kəsə məlumdur. Görünən bu idi ki, Fransa və Ermənistan Brüssel formatını iflasa sürükləyirlər, amma son nəticədə uduzan yenə İrəvan olacaq. Bizim ekspertlərin Brüssel görüşündən gözləntiləri nədir? Bakı və İrəvan razılığa gələ biləcəkmi?

Ədalət Verdiyev: Ermənistan Vətən müharibəsi zamanı mülki əhalidən qalxan  kimi istifadə etdi - AZƏRTAC

Ədalət Verdiyev

Hərbi ekspert Ədalət Verdiyevin sözlərinə görə, Ermənistan rəhbərliyinin bütün siyasi təklifləri, o cümlədən “Qarabağın statusu”, “qoşunların qarşılıqlı şəkildə geri çəkilməsi”, “Qarabağda beynəlxalq missiya” və s. ideyaları tamamilə iflasa uğrayıb: “Son 30 ayda Ermənistanın bir təklifi belə yazılı sənədlərdə və ya şifahi bəyanatlarda yer almayıb. Paşinyanın özü deyib, Anna eşidib. İrəvan üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirməyənə qədər nə regionda sülh olacaq, nə də Ermənistanda rahatlıq. 1 iyunda isə sülh müqaviləsi imzalanmayacaq, çünki Ermənistan dəfələrlə atəşkəsi pozmaqla və Azərbaycana qarşı ərazi iddiaları səsləndirməklə sülh prosesini dalana dirəyib”.

Elxan Şahinoğlu: “Gərək azərbaycanlı nazir orda olardı ki...”

Elxan Şahinoğlu

Analitik Elxan Şahinoğlunun fikrincə, Vaşinqton estafeti Brüsselə verib. Onun sözlərinə görə, bu görüş ötən ilin dekabrında olmalı idi, Makron işi pozdu: “İlham Əliyev və Nikol Paşinyan Brüsseldən sonra iyunun 1-də Kişinyovda görüşəcək. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın erməni mediasına verdiyi açıqlamaya görə, Kişinyovdakı görüşə Emmanuel Makron və Almaniya kansleri Olaf Şolts da qatılacaqlar. Almaniya kanslerinin görüşə qatılması rəsmi Bakının təklifinə oxşayır. Fransa Prezidenti israrla görüşdə iştirak etmək istəyirsə və Avropa İttifaqının rəhbəri Şarl Mişel buna etiraz edə bilmirsə, məsələlərə nisbətən neytral mövqedən yanaşan Almaniyanın qatılması alternativ variantlardan biridir. Əlbəttə, Azərbaycanın Avropada Polşa və Macarıstan kimi strateji tərəfdaşları var, bu ölkələrdən birinin liderinin Makronla yanaşı oturması bizim üçün daha faydalı olardı. Ancaq Almaniya Avropa İttifaqının lokomotivlərindən biridir və masada Makron varsa, yanında Olaf Şolts oturmalıdır. Ancaq beşli - İlham Əliyev, Nikol Paşinyan, Şarl Mişel, Emmanuel Makron və Olaf Şolts formatında keçiriləcək görüşdən nəticə gözləməyə dəyməz. Ən yaxşısı tərəflər arasında birbaşa dialoqdur ki, Nikol Paşinyan bundan yayınır”.

Politoloq Yeganə Hacıyevanın zənnincə, Avropa İttifaqı da Rusiya kimi sülhə əngəl törətməyə çalışır: “Vaşinqtonda keçirilən görüşün ardından Rusiya tərəfindən növbəti görüşün Moskvada olacağı açıqlandı. Amma Avropa İttifaqı növbəti görüşün Brüsseldə keçiriləcəyini elan etdi. Çünki Vaşinqtonun başlatdığı təşəbbüsləri Brüssel ələ keçirməyə çalışır. Rusiya sülhü əngəlləməyə çalışır, amma o, tək deyil. Çünki Avropa İttifaqı da sülhə mane olmağa cəhd göstərir. Məsələ ondadır ki, Avropa İttifaqı sərhəddəki gərginlikdən istifadə edərək Cənubi Qafqaza yerləşdi. Ümumi danışıqların və Ermənistanın təxribatlarının xronologiyasına baxdıqda, Avropa İttifaqının Cənubi Qafqaza mülki missiyaı göndərməsi onu deməyə əsas verir ki, bu təxribatların sifarişi də Avropadan gəlib”.

Y.Hacıyevanın 14 maydakı görüşdən xüsusi gözləntisi yoxdur: “Avropa İttifaqı növbəti görüşlə Cənubi Qafqazda mövcudluğunu genişləndirməyə təşəbbüs edir. Ona görə də bu görüşdən xüsusi gözləntilər yoxdur. Amma bu görüş ərəfəsində Ermənistanın hərbi təxribatları ola bilər. Yəni Şarl Mişelin və digər Avropa İttifaqı rəsmilərinin danışmağa sözü olması üçün təxribatlar törədilə bilər”.

Emil SALAMOĞLU
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR