İnsanlara hürriyət, millətlərə istiqlal!

Brüssel görüşündən nə gözlənilirdi...

645 18.07.2023 09:13 Yazarlar A A

Bəli, ötən həftənin sonlarında Azərbaycan və Ermənistan liderlərinin daha bir Brüssel görüşü başa çatdı, özü də təxmin olunan vaxtdan təqribən bir həftə qabaq. Görüş bitər-bitməz Rusiya maraqlı bir bəyanatla çıxış etdi: Moskva sülh sazişinin imzalanması üçün sammit keçirməyə hazırdır!

Qeyd edək ki, bu bəyanat Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin açıqlamalarla çıxış etməsindən bir az qabaq verilmişdi. Ona görə də hamı belə düşündü ki, Rusiya böyük dövlətdir, onun çox geniş nformasiya kanalları və şəbəkəsi var, əgər ruslar belə deyirsə, deməli, tərəflər görüşdə çox ciddi razılaşmalara gəliblər.

Daha sonra Şarl Mişel media üçün bəyanat verdi və belə məlum oldu ki, əvvəlki görüşlərdəki razılaşmalar bir daha möhkəmləndirilib, tərəflər əvvəlki razılaşmalara sadiq olduqlarını bəyan ediblər və mövqelər sonuncu görüşdə bir az da möhkəmlənib. Amma hələ ki sülh sazişinin imzalanmasından danışmaq tezdir. Ola bilsin, bu ilin oktyabr ayında İspaniyanın Qranada şəhərində keçiriləcək görüşdən çox şey asılı olacaq. Amma Şarl Mişelin bəyanatından həm də belə anlaşıldı ki, bu il Brüsseldə daha bir görüş olacaq və ola bilsin, o, Qranada görüşündən əvvəl baş tutacaq.

Amma bütün bunlardan əvvəl bəzi suallar yaranır. Bəs hazırda ümumi proses necə görünür? Tərəflərin razılığa gəlməsi üçün hər şey edilirmi? Tərəflər özləri qarşılıqlı anlaşmaya can atırmı?

Əvvəlcə tərəflər haqda. Görüş ərəfəsində və dövründə ermənilərin sərhəddə təxribatları oldu və ən əsası budur ki, bu təxribatların böyük hissəsi Rusiya “sülhməramlı”larının nəzarət etdiyi ərazilərdə baş verir. Bunun özü də heç də təsadüfi deyil: Moskva çalışır ki, tərəflər razılığa gəlməsin və yaxud da elə bir “sülh sazişi” imzalansın ki, o, Rusiyanın maraqlarına cavab versin və onun bölgədə qalmasına, burada öz sülhməramlılarını yerləşdirməsinə imkan yaratsın. Sonuncu Brüssel görüşündən dərhal sonra verilən bəyanatda daha bir məqam vardı. O da budur ki, guya Kreml Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyi üçün “narahatlıq” keçirir!

Bəli, Rusiya bununla köhnə oyunlarını davam etdirir, həm də Nikol Paşinyana təzyiq edir ki, o, Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanımağa tələsməsin. Bəs Paşinyan nə düşünür? Erməni liderinə Qərbdən də böyük təzyiqlər var ki, o, Azərbaycana qarşı ərazi iddialarından əl çəksin, tezliklə sülh sazişini imzalasın. Elə bu səbəbdən də Paşinyanın manevr imkanları daralır və Nikol topu Dağlıq Qarabağ separatçılarına ötürməyə cəhd edir ki, onlar özləri öz dərdlərinə çarə tapmağa çalışsınlar. Bəzən bu çox gülünc bir forma alır, məsələn, son vaxtlarda N.Paşinyan Araik Arutyunyanın poçtalyonu rolunda çıxış edir, onun “məktub”larını Rusiya prezidentinə və Şarl Mişelə çatdırır, özü isə guya sülh prosesinə sadiq olduğunu göstərməyə cəhd edir, az qala, “sülh göyərçini” rolunda çıxış edir.

Gələk daha bir tərəfin siyasətinə - Qərbin səylərinə. Qeyd etmək lazımdır ki, ABŞ və Avropa İttifaqı çox çalışır ki, tərəflər sülh sazişini mümkün qədər tez imzalasınlar. Onlar İrəvana yetərincə təzyiq edirlər. Burada bir məqam var və onu açıq demək lazımdır: müasir geosiyasətdə, beynəlxalq münasibətlərdə bəzi hallarda güclü tərəfə yox, əksinə, zəif tərəfə təzyiq edirlər ki, bir nəticə hasil olsun. Bunu biz öz təcrübəmizdən bilirik - bir vaxtlar, daha doğrusu, torpaqlarımız erməni işğalı altında olanda biz zəif tərəf idik və heç kim bizi saya salmır, eşitmir, “reallıq”larla barışmağa çalışırdılar. İndi vəziyyət dəyişib, biz bütün göstəricilərə görə güclü tərəfik - burada demoqrafik, iqtisadi, hərbi parametrlərdən tutmuş geosiyasi və diplomatik resurslara qədər çox şeyləri sadalamaq olar. Həm də biz elə-belə güclü tərəf deyilik, hüquq da, ədalət də bizim tərəfimizdədir və bunun özü də güclü olmağın mühüm bir amilidir. Odur ki, sülhə gedən yolda Qərb maneə deyil, bu yolda əngəl daha çox Rusiyadır. Ona görə də mümkündür ki, Brüssel görüşünün nəticələrini sıfırlamaq üçün Moskva da bir görüş təşkil edəcək.

Amma ona açıq işarə edilir ki, prosesə əngəl olmasın. Hətta Rusiya ilə az-çox normal münasibətləri olan Türkiyə bu günlərdə xatırlatdı ki, 2025-ci ildə o, Dağlıq Qarabağdan “sülhməramlılar”ını çıxarmalıdır...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR