İnsanlara hürriyət, millətlərə istiqlal!

Brüssel görüşü ərəfəsində sərhəddə növbəti xain təxribat

641 12.05.2023 10:55 Gündəm A A

Vaşinqtonda sülhə doğru atılan “bir addım”a Ermənistan yenə güllə atdı; Elçin Mirzəbəyli: “Moskva Azərbaycan-Ermənistan münasibətlərinin həmişəlik tənzimlənməsini istəmir”

Mayın 11-i səhər saatlarında Basarkeçər istiqamətində törədilən erməni təxribatı rəsmi İrəvanın qeyri-konstruktivliyinin daha bir pis nümunəsidir. Təəssüflə qeyd edirik ki, Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələri bölmələrinin mayın 11-də qəsdən törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Novruzəlizadə Orxan Elxan oğlunun şəhid olduğu barədə məlumat yayıb.

Hərbçimizin qisasının artıqlaması ilə alınacağına şübhəmiz yoxdur. Amma Azərbaycan hər zaman proseslərin danışıqlar yolu ilə tənzimlənməsində, tezliklə sülhün əldə olunmasında maraqlı olduğunu bəyan edib. Ermənistanın davranışları isə gərginliyin tətiklənməsinə xidmət edir. Beləliklə, Azərbaycan və Ermənistan arasında sülhə nail olmaq üçün Vaşinqtonda keçirilən üçtərəfli və ikitərəfli görüşlərin konkret bir nəticəsi olmadı. Hansı ki, davamlı şəkildə danışıqlarda irəliləyişlərin əldə edildiyi iddiası tirajlanırdı.

İstisna deyil ki, Ağ Ev rəsmiləri nikbin açıqlamaları məhz ABŞ-ın moderatorluğunun “0 nəticə” ilə bitməsini ört-basdır etməkdən ötrü veriblər. Hər halda, dörd günlük danışıqlardan az sonra ciddi sərhəd toqquşmasının baş verməsi sıradan məsələ deyil. Əlbəttə, istər bu danışıqlarda, istərsə də postmüharibə dövründəki daha əvvəlki bütün müzakirələrdə nəticənin olmamasının yeganə səbəbkarı Ermənistandır. Ermənistan həm də xarici təsir dairələrinin təzyiqi ilə sülhdən qaçır, prosesi yubadır. Ancaq müzakirələr heç də sonsuzadək nəticəsiz davam edə bilməz. Necə ki, Azərbaycan 30 illik işğal dövründə Qarabağ məsələsinin həlli üçün səbrlə danışıqlar prosesi apardı və yekunda bunun heç bir nəticəsi olmadığı üçün hərbi yolla torpaqlarını azad etdi, eyni qaydada sülh prosesində də davranış sərgilənəcək. Ölkə rəhbərliyi də dəfələrlə elan edib ki, Ermənistan sülh istəmirsə, bizə də lazım deyil. Yəni bunun açması odur ki, Ermənistanın nazı ilə çox oynanılmayacaq. Şübhəsiz Ermənistanda anlayırlar ki, sülh imzalamadan nə Azərbaycanla, nə Türkiyə ilə əməkdaşlıqları mümkün olacaq, həm də bütün regional layihələrdən, proseslərdən kənarda qalacaqlar. Odur ki, sülhdən birmənalı imtina etdiklərini də demirlər. Belə bir dönəmdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov maraqlı açıqlama verib. Sitat: “Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin 1-4 mayda ABŞ-da baş tutan görüşünün əsas məqsədi sülh müqaviləsi ətrafında aparılan danışıqlardır. Məlum olduğu kimi, sülh müqaviləsi ilə bağlı təşəbbüslər Azərbaycan tərəfindən səsləndirilib. Hələ 2021-ci ildə Prezident İlham Əliyev ilk dəfə səsləndirib. 2022-ci ilin fevral ayında Azərbaycan 5 baza prinsipini irəli sürmüşdü, nəhayət, 2022-ci ilin oktyabrında sülh müqaviləsi üzrə danışıqlara başlanılmışdı. Həmin danışıqlar da məhz Azərbaycanın ilkin təqdim etdiyi genişlənmiş baza prinsipləri ətrafında danışıqlara başlanılmışdı. Daha sonra noyabr ayında Vaşinqton görüşləri olub. Dekabr ayında üçüncü görüş Moskvada planlaşdırılıb. Ancaq üçüncü görüşdən Ermənistan imtina etmişdi. Həmin görüşü müxtəlif səbəblər gətirərək boykot etmişdi. Həmin vaxtlarda onlar Laçın yolu ətrafındakı məsələləri bəhanə etmişdilər. Nəticədə 6 aya yaxın müddətdə görüşlər keçirilmədi. ABŞ-ın vasitəçiliyi ilə Ermənistan tərəfi danışıqlar masasına qayıdıb və 4 günlük müzakirələr oldu. Müzakirələr sülh müqaviləsi ətrafında olub. Biz Vaşinqtonda bir addım da irəli getdik. Bir görüşdə bütün məsələlərin razılaşdırılmasi, əlbəttə ki, yaxşı olardı, bunu arzulayardıq, amma biz buna hələ ki hazır deyilik”.

Rəsmi Vaşinqton Aİ-nin təşəbbüsü ilə planlaşdırılan görüşə müsbət yanaşıb və ortaya sağlam mövqe qoyub: “Mayın 14-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında keçiriləcək görüş xəbərini alqışlayırıq”. APA xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri bürosu məlumat yayıb. “Bu görüş Vaşinqtondakı danışıqlardan sonra gələcək irəliləyişə zəmin yaradan mühüm bir fürsətdir” - məlumatda qeyd edilib. Lakin Moskvadan “fürsət” açıqlaması yoxdur...

Bu yerdə Rusiyadan verilən son bəyanata da diqqət çəkək. “Rusiya Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasında vasitəçi funksiyasını yerinə yetirir”. “Report”un Rusiya bürosu xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Onun sözlərinə görə, Rusiya tərəfləri təmkinli olmağa çağırır, eləcə də Bakı və İrəvanla əlaqə saxlamaqda davam edəcək. Göründüyü kimi, Kreml masanı yenə də öz qabağına çəkir...

Bu gərginliyin məhz Vaşinqton danışıqlarından sonraya “təsadüf” etməsinin səbəbsiz olmadığını Rusiyada da yaxşı bilirlər. İstisna deyil ki, ardınca sərhədə KTMT-nin missiyasının yerləşdirilməsi ilə bağlı növbəti təşəbbüslər ortaya çıxacaq. Ermənistan isə məsələni alver predmetinə çevirəcək, daha çox qopartmaqdan ötrü.

N.Paşinyan sülhün əldə olunmasının tez olduğunu deməklə növbəti təxribatların da anonsunu verir. Təbii ki, hələlik sülh danışıqlarının detalları açıqanmır, bu, diplomatik qaydalara uyğundur. Pozitiv olan isə odur ki, Azərbaycanın xarici işlər naziri Vaşinqton danışıqlarında bir addım irəli gedildiyini deyib. Ekspertlər necə hesab edir, növbəti mərhələ necə olacaq? Mayın ortalarında Brüsseldə Azərbaycan və Ermənistan rəhbərlərinin baş tutacaq görüşündə daha böyük irəliləyiş gözlənilirmi? Bəs Brüssel görüşündən sonra Moskvada planlaşdırılan müzakirələr nə nəticə verə bilər? Gedişat yaxın zamanda sülh üzrə bir sənədin imzalanmasına gətirib çıxaracaq kimi görünürmü?

İran səfirliyinin dostu olan 60-dan çox jurnalist: onlar kimlərdir? - Elçin  Mirzəbəyli yazır

Elçin Mirzəbəyli 

Siyasi şərhçi Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirib ki, Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin Vaşinqtonda keçirilən görüşdən sonra Rusiyanın rəsmi dairələrinin sözçüləri tərəfindən verilən bəyanatlar, həmçinin Ararat Mirzoyanın səsləndirdiyi ziddiyyətli fikirlər rəsmi Moskvanın və İrəvanın prosesin ABŞ-ın vasitəçiliyi ilə irəliyə doğru aparılması üçün təxribatlara əl ata biləcəkləri gözlənilən idi: “Ermənistanın baş naziri Nikol Paşinyanın Moskva səfərindən və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının missiyasının Ermənistana dəvət olunacağı barədə açıqlamalarından sonra təxribat ehtimalları daha da artıb və şübhə etmirəm ki, Basarkeçər istiqamətində həyata keçirilən son təxribat Moskvanın təlimatı ilə həyata keçirilib və Brüssel görüşü öncəsi danışıqlar prosesindəki müsbət dinamikanın pozulmasına xidmət edir”.

E.Mirzəbəyli hesab edir ki, Rusiya öz ənənəsinə uyğun olaraq, Cənubi Qafqazda dominant mövqeyə sahib olduğunu görüntüləmək, digər platformalarda əldə olunan razılaşmaları iflasa uğratmaq üçün Ermənistanla birlikdə ənənəvi metodlarından istifadə edir: “Əldə olunan razılaşmaların pozulması üçün ziddiyyət yaradır, daha sonra ekskalasiyanın baş verməməsi üçün "diplomatik səylər" göstərir.

Eskalasiyanın qarşısının alınmasından sonra isə öz “meydanında” “danışıqlar masası” açır və bütün prosesin özünün müəyyənləşdirdiyi “yarımçıq həll” platformasına qaytarılmasına çalışır. Moskva Azərbaycan-Ermənistan münasibətlərinin həmişəlik tənzimlənməsini istəmir. Ona ehtiyac duyulduğu halda konfrontasiya yaratmaq üçün mexanizmlər lazımdır. Başqa cür bacarmır. Əgər Cənubi Qafqazı iqtisadi mexanizmlərlə öz təsir dairəsində saxlamağı bacarsaydı, bunu edərdi. Dünyanın ən böyük ərazisinə və resurslarına malik olan bir dövlət əgər öz ərazisində normal iqtisadiyyat qura bilməyibsə, gözü yenə də başqalarının torpağında və sərvətindədirsə, bu ölkədən sivil davranışlar gözləməyə dəyməz. Rusiya klassik ənənələrinə “sadiqdir”. Özü xoşbəxt ola bilmir, başqalarına da mane olur".

Azərbaycanda sosial islahatlar dövlətin əsas prioritetlərindəndir”- Tural  İsmayılov

 Tural İsmayılov: “Son zamanlar Qərbdə baş tutacaq görüşlər öncəsi Ermənistan vəziyyəti gərginləşdirməyə çalışır”

Politoloq Tural İsmayılov Ermənistan tərəfinin daha əvvəl Fransa vasitəsilə də Brüssel görüşlərini sabotaj etdiyinə diqqət çəkib: “Bu dəfə isə yenidən Brüssel görüşünə bir neçə gün qalmış bu tip təxribatların törədilməsi Ermənistanın nə dərəcədə riyakar, ikiüzlü və provokativ olduğunu növbəti dəfə ortaya qoyur. Maraqlısı isə odur ki, hər zaman Rusiya Qərb mərkəzli görüşlərə etiraz edir və bu etirazlardan qısa müddət sonra Ermənistan bu tip təxribatlar törədir. Həmçinin Fransanın da Aİ Prezidenti Şarl Mişelin rəhbərliyi altında keçirilən görüşlərə qısqanclığını nəzərə aldıqda, bu hadisələrin indiki dövrdə baş verməyinin təsadüfi olmadığı bir daha ortaya çıxmış olur”. Siyasi analitik sərhəddə Ermənistan silahlı qüvvələrinin bölmələrinin təxribatlarını genişləndirmək cəhdlərinə də münasibət bildirib. Tural İsmayılov şübhə etmir ki, son zamanlar Qərbdə baş tutacaq görüşlər öncəsi Ermənistan vəziyyəti gərginləşdirməyə çalışır: “Dəfələrlə Brüssel görüşlərindən əvvəl İrəvanın bu tip təxribatlar törətdiyi və bölgədə gərginliyi artırmaq cəhdlərinin şahidi olmuşuq”.

Elşad PAŞASOY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR