İnsanlara hürriyət, millətlərə istiqlal!

Brüssel formatı qayıdır, Fransanın hikkəsi bitir? - təhlil

813 13.02.2024 12:53 Siyasət A A

Mişelin Əliyevdən xahişinin ardınca Paşinyan növbəti dəfə sülh prosesini pozmağa yönəlik sərsəm iddialarla çıxış etdi; Ermənistanın baş nazirindən ziddiyyətli, məsuliyyətsiz açıqlamalara Bakıdan sərt cavablar verildi

Azərbaycanda erkən prezident seçkisi arxada qaldı. Demək, Bakı-İrəvan sülh danışıqları üzrə ən yüksək səviyyədə təmaslar məsələsi yenidən gündəmə qayıdır. Az öncə Ermənistanın baş naziri Nikol Paşinyan da bu xüsusda danışarkən Azərbaycandakı seçkidən sonra sülh prosesinin intensivləşəcəyini bildirmişdi. İndi ortaya ənənəvi sual çıxır: bəs liderlərin növbəti görüşü harada, nə vaxt reallaşa bilər?

Xəbər verdiyimiz kimi, ötən həftə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib və onu seçkidə qələbə münasibətilə təbrik edib. Telefon danışığı əsnasında Azərbaycan və Avropa İttifaqı arasında əlaqələrin müxtəlif aspektləri, xüsusilə energetika və nəqliyyat sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Tərəflər COP29-un Azərbaycanda keçirilməsi və bu çərçivədə Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq məsələlərinə də toxunublar. Mişel üçtərəfli formatda Brüsseldə Azərbaycan, Ermənistan və Avropa İttifaqı arasında görüşlərin bərpa edilməsi ilə bağlı İlham Əliyevdən mövqe bildirməsini xahiş edib. Azərbaycan rəhbəri isə rəsmi Bakının həmişə Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə keçirilən üçtərəfli görüşləri dəstəklədiyini bildirib. Söhbət zamanı Ermənistanla Azərbaycan arasında sülh danışıqları ilə bağlı fikir mübadiləsi aparılıb və Azərbaycan Respublikası Prezident Administrasiyası və Ermənistan baş nazirinin aparatı arasında ikitərəfli əsasda 7 dekabr tarixində qəbul edilmiş birgə bəyanatın irəliyə doğru mühüm addım olduğu qeyd olunub. Belə olduğu təqdirdə Brüssel üçlü formatının tezliklə bərpası mümkünmü və bu, sülh prosesinə pozitiv nə gətirəcək? Proses qaldığı yerdən davammı edəcək, yoxsa? Yaxud Rusiyanın reaksiyası necə olacaq?

Xatırladaq ki, bu format 19 sentyabr antiterror tədbirlərinə Avropa İttifaqının qərəzli münasibətindən və müəyyən qədər də Mişelin ehtiyatsız açıqlamasından sonra fiasko olmuşdu. Adıçəkilən formatda sonuncu görüş (Əliyev-Mişel-Paşinyan) ötən ilin iyulunda reallaşıb. Brüssel formatının konstruktivliyinə ən böyük zərbəni isə Makron Fransası vurub. Lakin ötən həftəsonu Fransa xarici işlər naziri Stefan Sejurne Parisdə səfərdə olan erməni həmkarı Ararat Mirzoyanla görüşü zamanı deyib ki, Fransa Azərbaycanla Ermənistan arasında münasibətlərin tənzimlənməsinə töhfə verməyə hazırdır. Əlavə edib ki, “ədalətli və davamlı sülh yalnız beynəlxalq hüquqa, suverenliyə, ərazi bütövlüyünə və iki dövlətin sərhədlərinin toxunulmazlığına hörmət əsasında mümkün ola bilər”. Görəsən, hansı töhfədən söhbət gedir? Fransa həqiqətənmi sülh prosesinə bundan sonra əngəl olmayacaq? Brüssel formatına qayıdış üçün rəsmi Bakının hər hansı ön şərti varmı, olacaqmı? Sülh müqaviləsi Avropada imzalana bilərmi?

Bu arada - fevralın 11-də (Azərbaycandakı seçkidən sonra) Nikol Paşinyan Böyük Britaniyanın “The Telegraph” qəzetinə verdiyi müsahibədə yenə sayıqlayıb. Həyasızcasına iddia edib ki, guya Azərbaycan Prezidenti yanvar ayında yerli telekanallara müsahibəsindəki fikirlərlə sülh prosesinə ciddi zərbə vurub. Paşinyan əvvəlcə iddia edib ki, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin arxitekturası və prinsipləri razılaşdırılıb. “Keçən ilin sonunda bizə elə gəldi ki, biz nəhayət müqavilənin yekun mətnini razılaşdırmağa çox yaxınıq. Amma Azərbaycan ilkin olaraq üç dəfə müxtəlif formatlarda danışıqlarda iştirakdan imtina edib. Bundan sonra Azərbaycanda prezident seçkiləri təyin olundu. Biz bu mərhələdəyik”, - Paşinyan bildirib. O deyib ki, prezident seçkisindən sonra siyasi iradə olarsa, artıq razılaşdırılmış məqamların həyata keçirilməsinə nail olmaq mümkün olacaq. “Qeyd edə bilərəm ki, Ermənistan hökuməti əvvəlki kimi regionumuzda sülhə, xüsusən də Azərbaycanla sülh müqaviləsinin imzalanmasına doğru irəliləmək üçün bu siyasi iradəyə malikdir”, - Paşinyan bildirib. O qeyd edib ki, xeyli vaxt itirilib. N.Paşinyan iddia ki, 2023-cü ilin sentyabrında guya “Dağlıq Qarabağa hücumlar həyata keçirilib, etnik təmizləmə aparılıb, dinc əhalinin köçü baş verib”. Hansı ki, o məlum hadisələrdən sonra Qarabağ ermənilərinin hər hansı təzyiqlərə məruz qalmadığını etiraf etmişdi. Eyni zamanda Azərbaycanın dəfələrlə müraciət etməsinə baxmayaraq, Qarabağdakı mülki sakinlər Ermənistana köçməkdə israrlı olmuşdular, bunu sübut edən minlərlə videofakt var. Azərbaycan dövləti ermənilərin təhlükəsiz şəraitdə yaşamasını təmin etmək üçün dəfələrlə mövqeyini ifadə edib, portal yaradıb. Amma Ermənistan daxilində portal bloklanıb. Belə olduğu təqdirdə, gündə bir dona girən Paşinyanın avantürist mövqeyi, şər-böhtan atması sülh prosesinə də əngəl yaradır. İndi bu adamla yüksək səviyyədə görüşlərə dəyərmi, Ermənistan sülh istəyirmi? Ümumiyyətlə, Paşinyan nə istəyir?

MKS

Sahib Məmmədov

Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru, hüquqşünas Sahib Məmmədov “Yeni Müsavat”a açıqlamasında öncə bunları söylədi: “Biz əvvəlki şərhlərimizdə də qeyd etmişdik ki, Azərbaycan tərəfi hansı ölkədə və hansı formatda olmasından asılı olmayaraq Ermənistanla sülh məsələlərinin müzakirəsi və sülh müqaviləsinin imzalanması istiqamətində danışıqlardan imtina etməyəcək. İstisna Fransanın iştirakı ilə təklif olunan format ola bilər. Yəqin ki, bundan sonra da etməyəcək. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel seçkilərdən dərhal sonra Prezident İlham Əliyevə zəng edib təbrik etməsini müsbət dəyəndirməklə yanaşı, bu ittifaqın Xarici Əlaqələr üzrə Ali Nümayəndəsi Cozep Borrelin açıq anti-Azərbaycan mövqeyi, Avropa İttifaqı parlamentinin isə Azərbaycana qarşı açıq düşmənçiliyi fonunda Aİ himayəsi altında danışıqların ciddi nəticələrə gətirəcəyi, qənaətimə görə, indiki halda real görünmür. Həmçinin Ermənistan rəhbərliyinin son günlərdə etdiyi açıqlamalar və bəyanatlar da Ermənistanın sülh proseslərinin müsbət istiqamətdə getməsinə xidmət etmir”. S.Məmmədov erməni baş nazirin sərsəm iddialarından da bəhs etdi: “Ermənistanın baş naziri "The Telegraph" qəzetinə verdiyi müsahibəsində “Azərbaycan Prezidenti İlham Əliyevin açıqladığı bəyanatlar sülh prosesinə zərbə vurur” kimi məsuliyyətiz bəyanat verib. Məlum olduğu kimi, Ermənistan 2024-cü il 1 fevral tarixindən Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) tamhüquqlu üzvdür. Bununla bağlı Haaqada keçirilən rəsmi qəbul zamanı Ermənistanın xarici İşlər naziri Ararat Mirzoyan böhtan və yalan bəyanatla çıxışında Azərbaycanı sülh prosesini ləngitməkdə və regionda münaqişəni qızışdırmaqda ittiham edib. Diplomat Bakının Ermənistana təcavüzü və onun ərazilərinin işğalı barədə də saxta məlumatlar verib. Belə halda sülh danışıqlarının istənilən yerdə və formatda davam etməsi hələ sülh müqaviləsinin yaxın vaxtlarda bağlanacağı demək deyil. Nəzərə almalıyıq ki, Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna qoşulmasının məqsədi də həmin məhkəmədən Azərbaycana qarşı istifadə etməkdir. Niyyətlərini də gizlətmirlər. Onlar hesab edir ki, 2022-ci ilin sentyabr ayında Azərbaycan Ermənistan ərazilərinə daxil olub və müharibə cinayətləri törədib. Əlbəttə, bu, saxta bir ittihamdır, amma Ermənistan 2024-cü ilin 1 fevral tarixindən BCM üzvü olsa da, Ermənistana münasibətdə məhkəmənin yurisdiksiyasının 2022-ci ilin sentyabr ayına qədər geriyə şamil olunması haqqında bəyanat verib. Niyyət aydındır. Azərbaycan siyasi rəhbərliyini və hərbi rəhbərliyini təcavüz cinayəti, insanlıq əleyhinə və hərbi cinayət törətməkdə ittiham etsinlər. Təbii ki, bu, bir xülyadır. Amma burada əsas olan niyyətdir. Ermənistanın niyyəti sülhə gəlmək deyil, düşmənçiliyi davam etdirməkdir". Hüquqşünas əvvəllər də qeyd etdiyi daha bir məsələdən bəhs etdi: “Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası yer alıb. Həm Azərbaycan, həm Ermənistan konstitusiyasına görə, beynəlxalq müqavilələr konstitusiya və referendum aktlarına zidd ola bilməz. Belə olarsa, onun hüquqi əhəmiyyəti yoxdur və istənilən zaman Konstitusiya Məhkəməsinin qərarı ilə ləğv edilə bilər. Beləliklə, bağlanacaq istənilən müqavilə, hətta çərçivə sənədi olsa belə, Ermənistan onu istənilən əlverişli məqamdə mübahisələndirib ləğv edəcək. Ona görə də Azərbaycan Respublikasının Prezidenti cənab Əliyev haqlı olaraq bu məsələni qaldırıb. Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası qaldıqca bağlanacaq sülh müqaviləsinin hüquqi əhəmiyyəti olmayacaq”. Ekspert qeyd etdi ki, Fransanın sülh prosesinə necə “töhfə” verməsini biz artıq bilirik: “Prosesdə Fransanın istənilən iştirakı prosesin bu başdan uğursuzluğa düçar olacağına şübhə yaratmır. Digər tərəfdən, Rusiya sülh danışıqlarının Moskvada deyil, Aİ ölkələrində, yaxud ABŞ-da davam etməsində maraqlı olmadığını açıq nümayiş etdirir. Nəzərə alaq ki, Rusiyanın Ermənistan siyasətinə təsiri tükənməyib, ən azı siyasi təsir üçün onun əlində ciddi iqtisadi və hərbi rıçaqlar qalmaqdadır”.

Akif Nağı: “Əsas meyar din deyil, milliyətçilikdir”

Akif Nağı 

Azad Vətən Partiyasının sədri Akif Nağı isə bildirdi ki, Avropanın yenidən təşəbbüsü ələ almaq cəhdi başadüşülən, amma qəbiledilən deyil: “Biz Qranada görüşündə onların nə istədiklərini aydın şəkildə gördük. Qərb çalışır ki, prosesə daha çox özlərinə yaxın dövlətləri cəlb edib, ermənipərəst mövqeni gücləndirsinlər. Həm də onların qeyri-obyektiv olduqlarını, birmənalı şəkildə ermənilərin tərəfində olduqlarını gördük. Ona görə də bu danışıqlardan nəticə gözləməyə dəyməz”. 

A.Nağı hesab edir ki, biz Qərbin və ya Rusiyanın vasitəçiliyi ilə danışıqlardan nəticə gözləməməliyik: “Sadəcə, danışıqlar xatirinə danışıqları davam etdirməliyik ki, bizə qarşı qıcıqları yaranmasın. Amma daha çox ikitərəfli danışıqlara və güc faktoruna üstünlük verməliyik. Qərbin, Şarl Mişelin təşəbbüsü ilə danışıqlara da həmin prinsip əsasında getmək olar. Şərtlərimiz isə ondan ibarət ola bilər ki, üçtərəfli format genişləndirilməsin, genişləndiriləcəksə, Azərbaycan tərəfinin namizədləri də, məsələn, Türkiyə nəzərə alınmalıdır. Digər tərəfdən, daha bir şərt olaraq tələb etməliyik ki, Qranada bəyanatı və ondan sonra Avropa Parlamentində qəbul olunan qətnamənin qərəzli anti-Azərbaycan tezislərindən imtina olunmalıdır”. Paşinyanın mövqeyinə gəldikdə, partiya sədrinin sözlərinə görə, buna o qədər də fikir verməyə dəyməz: “Bu adam ciddiliyini tam itirib. Sizin istinad etdiyiniz müsahibənin bir hissəsində bildirir ki, guya Azərbaycan Prezidenti sülh prosesinə "zərbə vurur", az sonra isə sülh “arxitekturasının və əsas prinsiplərinin razılaşdırıldığını” bəyan edir. Bu adamın əvvəllər bir neçə gün fərqlə fikirləri ziddiyyət təşkil edirdi, indi artıq eyni anda ziddiyyətli fikirlər səsləndirir. Bu, onun sağlamlıq durumu ilə də bağlı şübhələr yaradır. Hər halda, proses gedir, Paşinyan Azərbaycanın cızdığı “yol xəritəsi”ndən kənara çıxa bilməyəcəyini başa düşür, ona görə də müəyyən sapıntılarla olsa da, həmin yolla gedir. Ona görə də Paşinyanın sərsəmləmələrinə o qədər də ciddi fikir vermədən işimizi görməliyik. Atın arxasınca kəndirli yedəkdə gedənlərin hərdən yıxılıb durmasına normal baxmalıyıq".

Elşad PAŞASOY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR