İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniyanın Avropa üzrə naziri bölgəyə hansı təkliflə gəlir? - rəylər

794 16.11.2023 13:35 Siyasət A A

Politoloq: “Maraqlarının təmin edilməsi üçün Böyük Britaniyaya regionda sülh lazımdır”

Dünyada gedən proseslərə zaman-zaman ciddi təsirlər göstərə bilən Böyük Britaniyanın Cənubi Qafqaza dair siyasətində aktivlik müşahidə olunur. Sirr deyil ki, hazırda Cənubi Qafqaz uğrunda Avropa İttifaqı və Rusiya arasında “soyuq savaş” gedir. 

Avropa İttifaqından çıxmış Böyük Britaniyanın belə bir həssas məqamda aktivlik göstərməsi maraq doğurur.   

Böyük Britaniyanın Avropa üzrə naziri Leo Doçerti gələn həftə bölgəyə səfər edəcək. O, Ermənistana gedəcək.

Onun regiona səfəri çərçivəsində daha sonra Azərbaycana da gəlməsi gözlənilir.

“Ermənistan Böyük Britaniya ilə hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq sazişi imzalamaq niyyətindədir”.

APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Londonda keçirilən qəbulda bildirib.

XİN rəhbəri deyib ki, bu, iki ölkə arasında münasibətləri yeni səviyyəyə qaldıracaq.

Mirzoyan bildirib ki, Ermənistan və Böyük Britaniya artıq siyasi və iqtisadi əməkdaşlığın möhkəmlənməsinə nail olub, strateji dialoq qurublar. “İrəvan qlobal problemlərin həlli və ümumi maraqların təşviqi üçün Londonla əlaqə saxlamağa hazırdır”, - Mirzoyan deyib.

İkinci Qarabağ savaşı zamanı balanslı mövqe tutmağa çalışan Böyük Britaniya Azərbaycanın bölgədə yaratdığı yeni reallıqlar çərçivəsində regiona hansı təkliflə gəlir? Britaniya sülh danışıqları üzrə təşəbbüsləri də ələ almağa cəhd edə bilərmi?

Yusif Bağırzadə: "Bu hadisə bir daha onu göstərir ki, Azərbaycanda hamı  qanun qarşısında bərabərdir"

 Yusif Bağırzadə

Politoloq Yusif Bağırzadə “Yeni Müsavat”a bildirdi ki, Cənubi Qafqaz regionu həmişə böyük dövlətlərin diqqət mərkəzində olub. Son dövrlərdə dünya siyasətində baş verən dəyişmələr, o cümlədən də İkinci Qarabağ savaşından sonra yaranmış yeni reallıqlar fonunda bu diqqət daha da artıb. O cümlədən Böyük Britaniya üçün də Cənubi Qafqaz böyük əhəmiyyət daşıyan regionlardan biridir: “Həm Böyük Biritaniya, həm də Azərbaycan ikitərəfli münasibətlərin dərinləşməsində maraqlıdır və uzun illərdir ki, bu istiqamətdə aktiv fəaliyyət göstərirlər. Böyük Britaniyanın bir çox dövlət adamları Azərbaycanı Cənubi Qafqazdakı strateji müttəfiqləri olaraq gördüklərini dəfələrlə bəyan ediblər. 

İkinci Qarabağ savaşı zamanı biz Böyük Britaniyanın balanslı və ədalətli mövqe tutduğuna şahidlik etdik. Hətta ayrı-ayrı ölkələrin, xüsusilə də Fransanın BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə qətnamə qəbul etdirməsinin qarşısının alınmasında Böyük Britaniyanın rolu əvəzsiz oldu.

İki ölkə arasında siyasi münasibətlərin yüksək səviyyədə olması iqtisadi münasibətlərə də öz müsbət təsirini göstərib. Böyük Britaniya Azərbaycana yatırılan investisiyanın həcminə görə lider ölkələr sırasındadır. Ölkələrimiz neft-qaz sənayesi sahəsində uğurla əməkdaşlıq edir. BP şirkəti ilə həyata keçirilən səmərəli əməkdaşlıq əlaqələri uğurla davam etdirilir. Şirkət Azərbaycanın neft-qaz sektorunun inkişafına və modernləşdirilməsinə mühüm töhfələr verməklə enerji sektorunda ölkəmizin əsas tərəfdaşı qismində çıxış edir. 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi” imzalanan vaxtdan Britaniyanın BP şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda həyata keçirilən əsas neft-qaz layihələrinin operatoru qismində çıxış edir. Əməkdaşlığımızın davamı olaraq 14 sentyabr 2017-ci ildə Bakıda SOCAR və BP-nin əməliyyatçısı olduğu Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının 2050-ci ilədək işlənilməsini nəzərdə tutan yeni saziş imzalanıb". 

Ekspert qeyd etdi ki, Cənubi Qafqazda Böyük Britaniyanın maraqları həm də İran və Rusiya faktoru ilə bağlıdır: "İngiltərə bütün imkanları ilə Rusiyanın və İranın regiona təsir imkanlarının azalması istiqamətində aktiv fəaliyyət göstərir. Digər vacib maraq isə Mərkəzi Asiya regionuna Xəzər dənizi vasitəsilə əldə olunan çıxışları təhlükəsizlik zolağına çevirmək və Azərbaycanın Avropanın enerji bazarlarındakı rolunu, yaşıl enerjiyə keçidində oynadığı rolu BP şirkətinin nəhəng maraqları kontekstində inkişaf etdirməkdən ibarətdir. Bütün sadalanan maraqların təmin edilməsi üçün isə Böyük Britaniyaya regionda sülh lazımdır. Odur ki, bu ölkənin Azərbaycan-Ermənistan münasibətlərinin yaxşılaşması və sülh sazişinin bağlanması istiqamətində birbaşa olmasa da müəyyən mənada iştirak etmək istəməsi tamamilə normal qəbul oluna bilər”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR