İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniyalı politoloq: "İrəvanda Azərbaycan bayrağının yandırılması onu göstərir ki, Ermənistan... "

2535 15.04.2023 12:37 Son xəbər A A

"İrəvanda televiziya ilə canlı yayımlanan idman tədbirində Azərbaycan bayrağının yandırılması ən yüksək səviyyədə hazırlanmış, tamamilə qəbuledilməz təxribat hadisəsidir. Bu, təxribat bir daha onu göstərir ki, Ermənistan sülh istəmir".

Bu sözləri Böyük Britaniyanın tanınmış politoloq-jurnalisti Neil Vatson Musavat.com-a açıqlamasında deyib.

Britaniyalı politoloq Ermənistanın bu təxribatını ən kəskin şəkildə pislədiyini deyib:

"Ən kəskin şəkildə pislədiyim bu dəhşətli təxribat üç Azərbaycan hərbçisinin şəhid olması, həmçinin Ermənistan ordusunun üzvləri tərəfindən Azərbaycan əsgərinə qarşı zorakılıq və işgəncələri əks etdirən narahatedici kadrların bütün dünyada yayımlandığı həftəyə təsadüf edir. 2020-ci ildə əldə olunan atəşkəsə, gərginliyin azaldılmasına dair beynəlxalq çağırışlara və sonsuz sülh danışıqlarına baxmayaraq, Ermənistan barışmaz,  nifrət ritorikası mövqeyində qalmaqda və özünü aldatmaqda davam edir.

Bundan başqa, İkinci Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra İran və Rusiyanın dəstəyi ilə özünə inam qazanıb.  Paşinyan və tərəfdarları qaçılmaz olanı - Azərbaycanla sülh müqaviləsini ləngitməyə çalışırlar. Belə görünür ki, onlar sülh danışıqlarının həmişəlik dayandırılmasını istəyirlər.

Azərbaycan, Ermənistan və dünya sülhü naminə Paşinyan və ya onun xələfi bu vəziyyətin ölkəsini hara apardığına ciddi nəzər salmalı, zorakılığa və təxribat xarakterli hərəkətlərə son qoymalı, üçüncü dövlətlərin köməyi olmadan danışıqlar masasına oturmalı və ciddi işləməlidir".

Xatırladaq ki, ötən gün Ermənistanın paytaxtı İrəvan şəhərində ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağı rəsmi akkreditasiya olunmuş şəxs tərəfindən nümayişkəranə şəkildə yandırılıb. Hadisə ilə bağlı Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi birgə bəyanat yayaraq, Azərbaycan idmançılarının vətənə qayıtması barədə qərar qəbul edildiyi bildirilib.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR