İnsanlara hürriyət, millətlərə istiqlal!

Böyük Atatürk niyə Qərbi seçdi?..

913 25.11.2023 10:24 Yazarlar A A


Son vaxtlar Rusiya ilə Ermənistan arasındakı münasibətlərin soyuqluğundan danışarkən unutmamalıyıq ki, axır vaxtlar bizim də Qərblə münasibətlərimiz heç də bundan mülayim deyil.

Etiraf edim ki, bunu biz çox böyük təəssüf hissilə deyirik. Amma nə etmək olar?

Qərb dövlətləri, xüsusən də ABŞ və Fransa  son vaxtlarda strateji dövlət maraqlarını cari siyasi maraqlara, milli maraqları bu və ya digər siyasi xadimin cari siyasi hədəflərinə qurban verirlər: bəli, bizim Qərblə münasibətlərimiz həm də ona görə soyuyub ki, ABŞ demokratları növbəti dəfə Ağ Evdə qalmaq, adi hərəkət oriyentasiyasını belə itirən, bir çox hallarda nə danışdığının belə fərqində olmayan çarəsiz bir qoca Baydeni prezident seçdirmək istəyirlər!

Eləcə də bir vaxtlar çox böyük inqilabi-demokratik ənənələri olan (bəli, bunu da etiraf etmək lazım gəlir: şəhərlər şəhəri Paris tarixə həm də böyük inqilablar şəhəri kimi həkk olubdur!) Fransada Emmanuel Makron cənabları hazırda növbəti dəfə prezident olmağın yollarını arayır və bu işdə ölkədəki erməni diasporasını da özünə müttəfiq görür...

Bir daha deyirik ki, bütün bunlar böyük təəssüf doğuran hallardır. ABŞ sanki uzaq doxsanıncı illərə qayıtmaq, təzədən 907-ci düzəlişi bərpa etmək istəyir. Bunlar bizdə təəssüf doğurmazdı, əgər bir məsələ olmasaydı: müəyyən siyasi-ictimai və mənəvi dəyərlər sistemi var ki, onlar Qərb dəyərləri adlanır və onlardan elə-belə vaz keçmək olmur, ona görə ki, onlar bütün mütərəqqi ölkələrin ən azı strateji hədəfləridir.

Biz dəfələrlə yazmışıq ki, indi iqtisadi inkişaf, hətta texnoloji tərəqqi təkcə Qərbdə cəmləşməyib, Çin, Yaponiya və Cənubi Koreya, eləcə də Cənub – Şərqi Asiya “pələng”ləri kimi dövlətlər var. Amma bu ölkələrin böyük hissəsi demokratiya və insan azadlıqları sarıdan hələ də “axsayır”lar. Məsələn, məlum deyil ki, ÜDM-in həcminə görə ABŞ-a çatan Çin nə vaxt demokratiya və insan haqlarının da səviyyəsinə görə də dünyanın demokratiya nəhənginə çatacaqdır?..

Ona görə də biz Qərbdən və Qərb dəyərlərindən elə-belə vaz keçə bilmərik. Həm də ona görə ki, bu dəyərlər bir dövlətin, hətta regionun kontekstindən çoxdan çıxaraq bəşəri dəyərlər olublar. Əlbəttə, müəyyən problemlər var. Məsələn, hər şeyin böhranından danışılır, amma Qərb demokratiyasının böhranı haqqında demək olar ki, susurlar. Eyni cinsli nikahlar, seksual azlıqlar kimi iyrənc tendensiyalar – bütün bunlar Şərq insanını demokratiyadan iyrəndirmək səviyyəsində olan məsələlərdir. Di gəl, problem təkcə bunda olsaydı, dərd yarıydı. Daha bir problem bundadır ki, demokratik Qərb dövlətlərinin yürütdüyü xarici siyasət onların bəyan etdiyi yüksək demokratik ideallarla ziddiyyət təşkil edir. Bir ara Qərb və demokratiya deyəndə Şərqli gənclərin belə ürəkləri riqqətə gəlirdi. Xüsusən də post-sovet məkanında bu hal daha qabarıq idi. Amma bu, çox çəkmədi: tez bir zamanda demokratik idealları geosiyasi maraqlar, ikili standartlar əvəz etdi. Əlbəttə, bunun bir günahı da post-sovet ölkələrində oldu: onların çoxu demokratiyanı quru və süni şüara çevirdi, əməldə onu demək olar ki, rədd etdi. Buna qarşı ABŞ-ın bir vaxt “insan haqları diplomatiyası” vardı və onun əsasını keçmiş ABŞ prezidenti, Nobel mükafatı laureatı C.Krater qoymuşdu. Fəqət, ABŞ-ın və Avropanın xarici siyasətində bu tendensiya üstünlük təşkil etmir, biz burada tamamilə başqa çalarlar görürük...

Bəs nə etməli? Burada böyük Atatürkdən misal çəkmək istərdik. Atatürk çox böyük qərbçi idi. Amma bir ara ona Qərblə vuruşmaq lazım gəlmişdi, ona görə ki, o vaxt Qərb dünyası o vaxtki Osmanlını tamamilə ləğv etmək, onun ərazisini öz aralarında bölüşdürmək istəyirdi. Böyük Atatürk Osmanlının yerində yeni Türkiyə qurdu, onun üçün yeni strateji hədəflər müəyyən etdi. O vaxt Lenin Rusiyasının Türkiyə ilə münasibətləri daha sıx idi. Amma Atatürk Lenini və leninizmi seçmədi, siyasi hədəf kimi hətta yeni Rusiyanı da seçmədi – o, Qərbi və Qərb dəyərlərini seçdi...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR