İnsanlara hürriyət, millətlərə istiqlal!

Borrelin qərəzi Aİ ilə əməkdaşlıqdan imtinaya sövq edir - rəy

660 25.01.2024 13:38 Siyasət A A

Azərbaycan sülh prosesində Avropa İttifaqının vasitəçiliyindən imtina edə bilər

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrel Azərbaycana qarşı qərəzli və əsassız bəyanatları ilə artıq bütün qırmızı xətləri keçdi - Azərbaycan XİN-in açıqlamasında qeyd olunan faktlar - Borrelin Azərbaycan Prezidentinin Azərbaycan və Ermənistan ərazilərinə dair tarixi faktlarla bağlı fikirlərini təhrif etməsi, diplomatların ölkədən çıxarılması ilə bağlı Fransa ilə həmrəylik ifadə etməsi və s. buna əyani sübutdur. 

Borrel bu cür məsuliyyətsiz və qərəzli mövqeyi ilə Azərbaycan-Aİ münasibətlərinə böyük zərbə vurdu və faktiki olaraq Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesində Aİ-nin rolunu heçə endirdi. Aİ-nin ali nümayəndəsinin faktları açıq-aşkar təhrif etməsi ilk hal deyil, bundan əvvəl Borrelin hətta ermənilərin özlərinin “120 min” hesab etdiyi Qarabağ ermənilərinin sayını “150 min” kimi səsləndirməsi də mexaniki səhv deyildi.   

Borrel faktiki Azərbaycan-Aİ əlaqələrini darmadağın edir, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasında bu platformanın rolunu heçə endirirmi? Azərbaycan haqlı olaraq onların vasitəçiliyindən, təkliflərindən imtina edə bilərmi? Taktikamız necə olmalıdır?

Yusif Bağırzadə: "Ədliyyə Nazirliyi tərəfindən siyasi partiyaların qeydə  alınması təqdirəlayiq haldır"

Yusif Bağırzadə

Politoloq Yusif Bağırzadə “Yeni Müsavat”a bildirdi ki, Avropa İttifaqının Borrelin timsalındakı mövqeyi sözsüz ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesində bu qurumun rolunu heçə endirir. Eyni şəkildə bu cür mövqe Avropa İttifaqı-Azərbaycan münasibətlərinə də kölgə salır. Borrelin açıqlamalarının hər hansı bir hüquqi əsası yoxdur, məntiqsizdir və daha çox təbliğat xarakteri daşıyır. Əslində Borrel bununla Ermənistana onun mövqeyini dəstəkləməyə hazır olduqlarının mesajını verir: “Məqsəd təbii ki, Brüsselin regional maraqları ilə bağlıdır. Digər vasitəçilər kimi Avropa İttifaqı da özünün Cənubi Qafqaz maraqlarının təmin olunması üçün Ermənistandan istifadə edir. Rusiyanın bölgədən sıxışdırılıb çıxarılmasını özü üçün prioritet vəzifə elan edən Avropa İttifaqı Ermənistana dəstək verməklə onu Rusiyaya qarşı dirəniş göstərməyə sövq edir. Bundan əvvəl də Ermənistanın "Avropa Sülh Fondu" vasitəsilə silahlandırılması imkanlarına dair Borrel tərəfindən səsləndirilən bəyanat məhz buna hesablanmışdı. İndi də Azərbaycanın Ermənistana qarşı ərazi iddiasının olmasına dair absurd mövqe səsləndirən, Ermənistanın ərazi bütövlüyünün hər hansı formada pozulmasının qəbuledilməz olduğunu deyən Avropa İttifaqı rəsmisi bununla Ermənistana “biz sənin təhlükəsizliyinə zəmanət verə bilərik” mesajını verir və eyni zamanda Azərbaycanı da hədələməyi unutmur. Təbii ki, ortaya haqlı suallar çıxır: Ermənistanın ərazi bütövlüyü məsələsinə bu qədər həssaslıqla yanaşan, hər fürsətdə ona dəstəyini ifadə edən Avropa İttifaqı 30 il ərzində niyə susurdu? Ölkələrin ərazi bütövlüyü prioritetdirsə, o zaman Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal altında saxlanılmasına niyə münasibət bildirilmirdi? Azərbaycan dəfələrlə ən yüksək səviyyədə Ermənistana qarşı ərazi iddialarında olmadığını bəyan edib. Amma bizdən fərqli olaraq Ermənistanın Konstitusiyası və Müstəqillik Aktında açıq şəkildə həm Azərbaycana, həm də Türkiyəyə dair ərazi iddiaları hələ də yer amaqdadır. Amma Avropa İttifaqı nədənsə bu faktı da gözardı etməkdə davam edir".

Politoloq qeyd etdi ki, bütün bunlara rəğmən Borrelin Avropa İttifaqı ilə rəsmi Bakı arasında münasibətlərin gələcəkdə pozulması ehtimalını vurğulamaqla ölkəmizi hədələməyə çalışması isə hər hansı çərçivəyə sığmır. Halbuki Avropa İttifaqı ilə Azərbaycan arasında qarşılıqlı münasibətlrin inkişafına bizim qədər Avropa İttifaqının özü də maraqlı olmalıdır. Çünki bu onlar üçün də olduqca əhəmiyyətlidir: “Əvvəla ona görə ki, əgər Avropa ittifaqı hansısa formada özünün Cənubi Qafqaz maraqlarının təmin etmək istəyirsə, o zaman regionun ən güclü dövləti olan Azərbaycanla yaxşı münasibətlərin saxlanılmasında maraqlı olmalıdır. İkincisi, Azərbaycan Aİ-nin ən etibarlı enerji tərəfdaşlarından biridir və enerji təhlükəsizliyi bu gün Avropa üçün bir nömrəli prioritet vəzifə olaraq qalır. Əgər bütün bunlara baxmayaraq, Avropa İttifaqı yenə də anti-Azərbaycan mövqeyindən çıxış etməyə davam edirsə, bundan ən çox itirən də elə özü olacaq. Azərbaycan artıq Ermənistanla bütün danışıqların ikitərəfli formatda vasitəçilərsiz həyata keçirilməsi təşəbbüsü ilə çıxış edib. Bu istiqamətdə ilkin addımlar da atılıb və delimitasiya komissiyasının görüşləri buna əyani sübutdur. Bizim haqlı olaraq Avropa İttifaqı vasitəçiliyindən, ümumiyyətlə, imtina etmək hüququmuz və imkanımız var. Bu gedişlə Avropa İttifaqı qərəzli mövqeyi ilə özünün vasitəçiliyinə son qoyacaq. Necə ki, Azərbaycan Fransanın qərəzli mövqeyini əsas göstərib onun vasitəçiliyindən imtina edib, eləcə də Avropa İttifaqının vasitəçiliyindən imtina edə bilərik.  Avropa İttfaqı anlamalıdır ki, belə olan halda danışıqlarda ABŞ və Rusiya üçün daha geniş imkanlar açılır”.

Elxan Şahinoğlu: "Kremlin Qarabağla bağlı “fərqli” mövqeyi var"

Elxan Şahinoğlu

Politoloq Elxan Şahinoğlu isə bildirib ki, Avropa qurumları və diplomatları ard-arda “ermənilər Qarabağa qayıtmalıdır”, “Azərbaycan ermənilərin qayıdışını təmin etməlidir” kimi sənədlər və bəyanatlar yaydıqca, sadəcə, Azərbaycanla münasibətləri gərginləşdirmirlər, eyni zamanda Ermənistan hökumətinin də işini çətinləşdirirlər: "Çünki baş nazir Nikol Paşinyan ermənilərin Qarabağa qayıdışını istəmir, onları Ermənistanda yerləşdirib və bununla məsələni bitmiş hesab edir. Avropalılar isə anti-Azərbaycan sənədləri ilə sanki Paşinyana mesaj yollayırlar ki, “Sən bizi dinlə və ermənilərin Qarabağa qayıdışı məsələsində fəallığını artır”. Avropalılar bu məntiqsiz siyasətləri ilə həm də Ermənistanı Azərbaycanla sülh sazişi imzalamaqdan yayındırırlar. Çünki erməni rəsmilər Avropa qurumlarının, o cümlədən Fransanın Azərbaycan əleyhinə qətnamələrini hər dəfə dəstəkləmək məcburiyyətində qalır və bununla Parisin, Brüsselin və Strasburqun anti-Azərbaycan siyasətindən asılı vəziyyətə düşürlər. Halbuki Ermənistan üçün hazırkı mürəkkəb vəziyyətdən çıxış yolu Azərbaycanla qısa zamanda sülh sazişini imzalamaqdır. Ermənidən daha çox erməni olmaq istəyən Borrelin ikiüzlülüyü Avropa-Azərbaycan münasibətlərinə mənfi təsir edəcək. Azərbaycan Borrel kimilərinin sülh prosesi pozuculuğuna rəğmən Ermənistanla sülh sazişi imzalamaq üçün gərəkən addımları atmalıdır. Ermənistan hakimiyyəti də dərk etməlidir ki, Borrel kimi siyasətçilər əslində Ermənistanı sülh prosesindən sapdırmağa çalışmaqla Ermənistan dövlətinə pislik etmiş olurlar. Avropa beynəlxal təşkilatları öz maraqlarını güdürlər”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR