İnsanlara hürriyət, millətlərə istiqlal!

Bolşevik yazı

2005 04.06.2022 21:57 Yazarlar A A

Yaxud, Əhməd Cavadın davam edən repressiyası

İnsanların nə qədər unutqan olduğunu bu yaxında əyani şəkildə gördüm, heyrətləndim. Mayın 16-da Azərbaycanda ilk dəfə idi COVİD-19 virusuna yoluxma qeydə alınmamışdı, ancaq bu xəbər bütün media camaatının, o cümlədən xalqın diqqətindən kənarda qaldı. Heç bir sayt, qəzet, telekanal, radio bu informasiyanı manşetinə daşımadı.

Bizdə bu korona virusuna ilk yoluxma 2020-ci ilin 28 fevralında qeydə alınmışdı. O vaxtdan ötən 2 il 3 ay ərzində həyatımız sözün əsl anlamında cəhənnəmə çevrilmişdi. Dəyişməyən heç nə qalmamışdı. Nə qədər doğma insanlarımızı qurban verdik. Və budur, artıq 1 nəfər də olsun yoluxanın olmadığı gün gəldi, lakin kimsənin vecinə deyildi.

Əgər sözün əsl mənasında dünən olanları unuduruqsa, insanlardan 50, 100, 1000 il qabaqkı hadisələri xatırlamaqlarını ummaq mənasızmış.

Mayda Əhməd Cavadın nəvəsi Anar Axundzadədən intervü alınmışdı, müxbir “Babanızı görmüsünüzmü” sualı verib gülüş hədəfinə çevrilmişdi. Ancaq hansımızın bu mövzuda gülməyə haqqı vardı?

Əhməd Cavada Ankarada heykəlin açılışına sevindik, eyni zamanda, neçə nəfərimiz bu sualı özünə verdi: “Himnimizin sözlərini yazan şairə Bakıda niyə heykəl qoyulmayıb?”

Təxminən 2 ay qabaq Seymur Baycanla bir söhbətimiz olmuşdu, sonra saytlarda çıxdı. Orada mən Rəsul Rzanın “Mübarizə bu gün də var, yarın da, Mən də onun ən ön sıralarında” misralarını sitat vermişdim, bunu şairin mübarizliyinə ironiya məqsədiylə yada salmışdım.

Burada haşiyə çıxaraq doğrudan da Rəsul Rzanın hərdən dissident, kommunizm əleyhdarı kimi təbliğ edilməsini anlamadığımı bildirirəm. Faktlar tam tərsini göstərir. Rəsul Rza 1938-ci ildə (maraqlı ildir – Z.H.) “Şərəf nişanı” ordeni, 1946, 1970, 1980-ci illərdə düz üç dəfə “Lenin” ordeni, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1943), Azərbaycan SSR xalq şairi adı (1960), Stalin mükafatı (1951), Sosialist Əməyi Qəhrəmanı (1980) və sairə ödüllər almışdır. Sovet Azərbaycanında Rəsul müəllimin 62 dəfə kitabı çıxıb. Onun 70 yaşında öldüyünü, ilk kitabının isə 22 yaşında dərc olunduğunu nəzərə alsaq, ilə neçə kitab düşdüyünü hesablamağı oxucuların ixtiyarına buraxıram.

Əcəb dissidentlikdir. Allah-təala belə dissidentlik və mübarizlikdən hamımıza qismət eləsin, amin. Müqayisə üçün: Nobel ödüllü şair Boris Pasternakın SSRİ-də cəmi 15-ə yaxın, çox kiçik həcmli və tirajlı kitabları çap edilib. Dünya şöhrətli Anna Axmatova SSRİ-də min zülümlə 4 kitab buraxdıra bilmişdi. Bir çox görkəmli şairlər isə ümumiyyətlə çap üzünə həsrət qalıblar.

Mövzu açılmışkən, bəzən Rəsul Rzanın “Rənglər” şeir seriyasına görə tənqidlərdə tuş gəldiyi xüsusi vurğulanır. Bu vurğuya Rəsul Rzanın qızı Fidan Rzayeva ilə intervüdə də rast gəldim (19 may, 2022). Sitat:

“- “Rənglər” silsiləsinə görə də onu xeyli incitmişdilər.
-Həddindən artıq. Amma atam heç vaxt öz fikrindən bir addım da geri çəkilməzdi”.

Həmin silsilə ilk dəfə 1962-ci ildə Azərbaycan Yazıçılar İttifaqının orqanı “Azərbaycan” jurnalında dərc edilib, 1964-cü ildə “Duyğular, düşüncələr”, 1965-ci ildə isə “Dözüm” kitabında verilib. Bəs bu “incitmə” görəsən necə baş verib? Haqqında hardasa tənqidi məqalə olubsa, bunu incitmək sayırlar? Əgər bu incitməkdirsə, Mikayıl Müşfiqin, Əhməd Cavadın, Yusif Vəzirin, Hüseyn Cavidin və başqa minlərlə bolşevizm repressiyası qurbanlarının başına gələnlər nə idi?

Elə mən “Mübarizənin ən ön sıraları...” temasını açandan sonra bir həmkarımızdan məktub aldım. Bəy yazırdı ki, sən görünür bu şeirin hansı kontekstdə yazıldığını unutmusan, əslində o əsər donos kimi bir şeydir və heç yada salınmağa layiq deyil. Şeirin konkret olaraq Əhməd Cavadın əleyhinə yazıldığını söyləyirdi.

Doğrudan da, o misralar Rəsul Rzanın 1931-ci ildə dərc edilən “Bolşevik yazı” əsərinin sonluğudur və o qorxunc yazıda ən azı 2 görkəmli ədibimiz əleyhinə çirkin misralar var.

Birinci Mikayıl Rəfiliyə sataşır:

“Kəndin dərdi”
kəndin dərdi deyildir.
Bu dərd yeni kəndlərin,
Düz yolunu əyildir”.

(Qafiyə xətrinə ana dilimizin ağladılmasını, ümumiyətlə, Rəsul Rzanın şair kimi çox bəsit poetik dünyası olduğunu bu yazıda müzakirə etmirəm).

Rəfili bundan qabaq “Kəndin dərdi” adlı şeir yazıbmış.

Daha sonra Əhməd Cavadın 1930-cu ildə yazdığı “Kür” poemasına, konkret onun son beytinə (“Əyil, Kürüm, əyil keç, Dövran sənin deyil, keç”) Rəsul Rzanın münasibəti gəlir:

“Qulaq vermə şairin “lirik” misralarına.
Ləkəsiz alnınla çıx, son ömrün baharına.
(Nə qədər mənasız söhbətdir – Z.H.).
Əyilib keçmə, Kürüm.
Qoy sənə xor baxanlar əyilib keçsin” və sairə.

Yenə haşiyə çıxaraq qeyd edim ki, əslində Əhməd Cavadın “Kür” poeması da hansısa dissident ədəbiyyat nümunəsi sayılmazdı. Orada şair Kürün kənd təsərrüfatı üçün istifadəsini işıqlandırıb. 1927-ci ildə SSRİ Mingəçevir tərəfdə Kür üzərində bənd tikmək qərarına gəlmişdi, dövrün şairləri də bu temada çoxlu cızmaqara etmişlər. Bunların öncüllərindən biri Səməd Vurğun idi, məsələn, şair 1931-ci ildə “Komsomol” poemasında yazırdı: “Tanklarla hücuma keçir komsomol, Təbiət, təslim ol, düşmən, təslim ol”. Təbiətə düşmən olan şair – bu da Azərbaycanın kəşfidir. Hərçənd, insaf naminə, o dövrdə təbiətə azğın münasibət bolşevizmin əsas şüarlarından biri idi, guya SSRİ planetin təbiətini təzədən quracaqdı. Təbiətə yad olduğu üçün elə o sistem artıq rədd edilmişdir.

1930-cu illərdə Əhməd Cavadın əleyhinə şeirlər yazmaq həm dövlət sifarişi idi (Stalin hələ 1928-ci ildə sənət adamlarına öz həmkarlarını ifşa etməyi tapşırmışdı), həm də böyük qəhrəmanlıq tələb etmirdi. SSRİ Əhməd Cavadın Türkiyə fəaliyyətini, ADR-də gördüyü işləri unutmamışdı və onun başını öz həmkarları vasitəsiylə istəyirdi. “Mən nə Sanılıyam, nə də Cavadam, Onlara düşmənəm, onlara yadam” – bunu da Səməd Vurğun yazıb. Nəticədə bu gün Əhməd Cavadın heç qəbrinin yerini bilmirik, Bakının mərkəzində isə Səməd Vurğunun heykəli göyə uzanır.

Ancaq Əhməd Cavad da Əhməd Cavad olmazdı, əgər bu günləri uzaqdan görməsəydi. Yazımı onun hələ 1929-cu ildə yazdığı həcvdən iki beytlə bitirirəm:

“Arpasın böləmməz iki ulağın,
Qapı dalındadır uzun qulağı.
Daldada gizlənib danos yazmağı,
Üzdə sinəsinə vuranlara bax!

Sağdan da, soldan da yüksəlir səslər,
Doğma qardaşına nifrinlər bəslər.
Cavidi, Cavadı sevməyən kəslər, -
Onların yerində duranlara bax!”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR