İnsanlara hürriyət, millətlərə istiqlal!

Bizi hara qovurlar?..  

693 27.01.2024 09:02 Yazarlar A A

 

Əvvəlcə bir qədər başqa məsələ - İrəvanın Qərbə, hətta NATO-ya yönəlik çabaları haqqında, çünki bu məsələ son nəticədə həm də bizim üçün də maraqsız deyil.

Bilirsiniz, istənilən məsələyə iki aspektdən yanaşmaq olar – bir nəzəri, bir də praktiki-təcrübi aspektdən.

Nəzəri aspektdən yanaşanda, NATO ilə bağlı post-sovet ölkələrinin planlarının bütün digər çətinliklərini, bu yoldakı bütün maneələri bir tərəfə qoyaraq demək olar ki, İrəvan Finlandiyanın və İsveçin, xüsusən də ikincinin bu yoldakı təcrübəsini diqqətlə öyrənməli və indidən bundan düzgün nəticə çıxarmalıdır.

Bu iki ölkə, xüsusən də İsveç daha bir NATO üzvü- qardaş Türkiyə ilə münasibətlərini yoluna qoymayınca, NATO –ya üzvlük protokollarını təsdiqlədə bilmədi. Odur ki, bircə anlığa düşünsək ki, möcüzə baş verib və bu gün-sabah Ermənistanı NATO-ya qəbul edirlər, o halda təxmin etmək çətin deyil ki, bu yolda onun qarşılaşacağı ən böyük maneə qardaş Ankara olacaq – Türkiyə bu ölkəni özü ilə və Bakı ilə münasibətləri tam normallaşdırmayana qədər NATO-ya buraxmayacaq.

O ki qaldı başqa əngəllərə, Ermənistan Rusiyanın qoltuğundan çıxmaq üçün hələ real olaraq bir addım belə atmayıb. Məhz bu səbəbdən Avropa strateqləri deyirlər ki, onlara Ermənistanda daha çox işləmək lazım gələcək. İkincisi, ortada Ukraynanın və Gürcüstanın təcrübəsi var. Bəli, bu ölkələr on, bəlkə də iyirmi il NATO-ya üzv olmaq üçün çarpışırlar, di gəl, hələ də məqsədlərinə nail olmayıblar...

Fəqət, bütün bunlara baxmayaraq, İrəvan Qərb istiqamətində yamanca çabalayır. Etiraf etmək lazımdır ki, Qərb də bu çabaları cavabsız qoymur, özü də söhbət təkcə Fransadan getmir. Ən ürək ağrıdan hadisə budur ki, Qərb bizi, həqiqəti yox, obyektivliyi yox, Ermənistanı seçdi və hal-hazırda bizim Fransa bir tərəfə, Avropa ilə, xüsusən də Avropa Şurası ilə çox ciddi problemlərimiz yaranıbdır.

Yox, demirik ki, bu 23 il ərzində biz nümunəvi üzv olmuşuq. Əlbəttə, belə olmayıb. Amma bizim Avropa Şurası ilə problemlərimiz tamam başqa müstəvidə, Ermənistanın ucbatından yaranıb – Avropa Şurası bu ölkəyə doğma münasibət bəsləyir, onu seçir, bizə isə tamam özgə kimi yanaşırlar. Niyə belə oldu?

Deyirlər ki, Avropa Şurasının Parlament Assambleyasının deputatları tamam korrupsiyalaşıblar. Olsun! Amma onlar bizim xidmətimizi niyə qəbul etmirlər? Məgər bizim pulumuz, imkanlarımız erməni lobbisinkindən azdır? Və yaxud da ərz edirlər ki, Avropa Şurası Parlament Assambleyasında islamofobiya hökm sürür. Olsun! AŞ PA bir tərəfə, bir neçə il bundan əvvəl daha ciddi və önəmli Avropa strukturu – Avropa İttifaqı öz yubileyini Vatikanda keçirdi! Bu, bir tərəfə, neçə ildir ki, həmin təşkilat qardaş Türkiyəni kandarda saxlayıbdır, onu özünə üzv etmir ki, etmir! Bəli, bütün bunlar həqiqətdir. Amma Avropa Şurası neçə ildir ki, xristian Rusiyasına da eyni münasibət bəsləyir və bizi həm də ona görə sıxışdırır ki, Rusiya ilə yaxşı münasibətlərimiz var! Qərəz, əsl motivləri tapmaq çox çətindir, heç biri həlledici amil olmasa da, burada korrupsiya da var, islamofobiya da, geopolitik nüanslar da! Bəs nə etməliyik?

Qəti bir söz demək, birmənalı çıxış yolu göstərmək çətindir. Bəli, Azərbaycana ölkədən daha çox özəl şirkət kimi baxan bəzi məmurlar və deputatlar üçün hər şey asandır – onların malı-mülki Avropada olsa da, hətta doğmaları Avropada yaşasa da, elə bu gün Avropa ilə əlaqələri tamam kəsib Şanxay Əməkdaşlıq Təşkilatına, nə bilim, Rusiyanın hansısa digər geosiyasi layihələrinə üzv olmağı təklif edirlər. Onlar haqlıdırmı? Bir məsələdə haqlıdırlar ki, Avropa Şurası açıq-aşkar ermənipərəst mövqe tutubdur. Üstəgəl, biz özümüz də daim qeyd edirik ki, dünyanın reallığı elədir ki, ən azı iqtisadi-texnoloji inkişaf daha yalnız Qərbdə cəmləşməyib, Şərq də böyük addımlarla irəli gedir. Amma Avropanın da üstündən xətt çəkmək çox tezdir. Odur ki, gəlin qalan bütün imkanları da səbirlə araşdıraq. Hərçənd, elə özümüz də qəbul edirik ki, bəlkə də bu imkanlar artıq tamam sonuncudurlar...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR