İnsanlara hürriyət, millətlərə istiqlal!

Biz İlham Əliyevi erməni faşizmindən qorumalıyıq!

529 24.01.2024 14:02 Siyasət A A

“Azərbaycan növbəti tarixi və siyasi proses ərəfəsindədir. Xalq və dövlət olaraq növbəti 7 il üçün ölkənin ən ali şəxsini müəyyən edəcək prezident seçkisinə gedirik. Təbii ki, bu günə qədər də ölkədə çox sayda seçkilər və o cümlədən də dəfələrlə prezident seçkiləri keçirilib. Ancaq zənnimcə, bu günə qədər heç bir seçki bu qədər həssas bir dönəmə təsadüf etməyib”.

Bu fikirləri Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri, politoloq Xəyal Bəşirov 7 fevralda keçiriləcək növbədənkənar prezident seçkisinin əhəmiyyəti barədə Musavat.com-a şərhində bildirib.

xeyal.jpg (31 KB)

Politoloq qeyd edib ki, Azərbaycan heç vaxt bu qədər güclü, bütöv, qalib olmayıb və onun bu göstəriciləri dünyada özündən başqa heç kimi güclü görmək istəməyən qüvvələri heç vaxt bu qədər narahat etməyib:

“Ona görə ki, biz ən son seçkilərdən sonra əldə etdiyimiz uğurlar və atdığımız addımlarla qlobal səviyyədə süni şəkildə formalaşdırılmış ənənələri darmadağın etməklə, çirkin planları pozmaqla və intəhasız maraqları dəf etməklə nəhəng layları tərpətdik. Dünyanı silkələmək təsirinə malik olan o lay tərpənişləri bir çox dövlətlərdə siyasi zəlzələ effekti verməkdədir. Ona görə də həmin qüvvələr tərəfindən Azərbaycana qarşı çoxsaylı siyasi, diplomatik və informasiya hücumları, səlib yürüşləri təşkil edilməkdədir. Bütün bunların monolit qüvvə kimi hərəkət edən və bütün məsələlərdə yeknəsək mövqedən çıxış edən Azərbaycan dövlətinə və xalqına heç bir təsir göstərməyəcəyini anlayanlar dövlətimizə yalnız daxildən nüfuz edərək təsir göstərə biləcəklərini düşünürlər. Bunun üçün də ölkədə istənilən siyasi prosesi, xüsusilə də prezident seçkisini ən münbit şərait hesab edib yararlanmağa çalışırlar”.

Politoloq bildirib ki, xalq olaraq çox keşməkeşli mərhələlərdən keçmişik:

“Bir zamanlar etdiyimiz səhvlər bizə həm xalq kimi, həm də Azərbaycan dövləti olaraq çox baha başa gəlib. Nəticədə dövlətimizdən, müstəqilliyimizdən və hətta tarixi torpaqlarımızdan məhrum olduğumuz zamanlar olub. Eyni ilə keçən əsrin əvvəllərində nakam Cümhuriyyətimiz kimi. Hələ bundan ürəyi soyumayan mənfur qüvvələr müstəqil Azərbaycan dövlətini quran və onlara dəstək göstərən siyasi şəxsiyyətlərə qarşı qətliam planını hazırladılar və həyata keçirdilər. Biz xalq olaraq ötən əsrin əvvəllərində tarixi torpaqlarımızı, dövlətimizi və siyasi şəxsiyyətlərimizi düşməndən qoruya bilmədik. Biz tarixdə yaşadığımız bu acı təcrübədən nəticə çıxarmalıyıq. Nəticə çıxarmalı və Azərbaycanın müstəqilliyinin qorunması, qalib xalq kimi daim yaşamağımız üçün seçkidə aktiv iştirak etməli, düşmənlərimizdən indiyə qədər bizə etdiklərinin qisasını alan, Azərbaycan tarixinə işğaldakı torpaqları azad edən lider kimi düşən İlham Əliyevi müdafiə etməliyik. İlham Əliyevi müdafiə etmək dövlətimizi, torpaqlarımızın bütövlüyünü, özümüzü müdafiə etməkdir. Biz xalq olaraq müdrik olmağa borcluyuq ki, tarixi Zəfərimizi və unudulmaz Qələbəmizi qoruya bilək. Zəfəri qorumaq üçün də biz mütləq şəkildə onun memarı olan İlham Əliyevi mənfur qüvvələrdən və erməni faşizmindən qorumalıyıq. Buna görə də Zəfər seçkilərində istisnasız olaraq qalib Azərbaycanın qalib Liderinə səs verməliyik”.

Etibar SEYİDAĞA,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR