İnsanlara hürriyət, millətlərə istiqlal!

Bişkek: Qırğız nazir etirazçıları haqlı sayır - "Təxribatçılar isə cəzalandırılacaq"

697 18.05.2024 11:00 Dünya A A

Qırğızıstanın Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri Kamçıbek Taşiyev ölkə paytaxtında əcnəbilərə qarşı keçirilən gecə aksiyalarını şərh edib.

Musavat.com yerli mediaya istinadla xəbər verir ki, nazir mayın 17-də axşam saatlarında Bişkekdə hadisə baş verən yerə toplaşan 700-ə yaxın gənc insanın müəyyən mənada haqlı olduqlarını bildirib. “Onların hiddətinin əsas səbəbi ondan ibarətdir ki, Qırğızıstanda digər ölkələrdən – Pakistan, Banqladeş, Misir, Hindistandan gələn miqrantların sayı kəskin artıb”, - Taşiyev deyib.

“Prezident ölkədə qanunsuz qalan miqrantların məsuliyyətinə baxmağı tapşırıb. Aprel və may aylarında aktiv iş apardıq. Biz hər gün ölkədə qeyri-qanuni olan 20-30 əcnəbini müəyyən edirik. Əsasən Pakistan və Banqladeş vətəndaşları qanunsuz olaraq saxlanılır. Artıq 1 min 500-dən çox Pakistan və 1 min Banqladeş vətəndaşını ölkədən çıxarmışıq. Bununla yanaşı, respublikada 5 minə yaxın qeyri-qanuni yaşayan əcnəbi qalır”, - deyə MTN rəhbəri qeyd edib.

O, əlavə edib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları Bişkekdə etirazçılara qarşı güc tətbiq etməyiblər.

“Ona görə də biz toplaşanların dünənki tələblərini müəyyən dərəcədə düzgün hesab edirik, lakin ictimai asayişin pozulması və ölkə üçün təhlükə yaranarsa, o zaman sərt tədbirlər görəcəyik. Biz toplaşanlar arasında pis niyyət görmədik, amma onların arasında təxribatçılar da var idi. Onların şəxsiyyəti müəyyən edilib və tezliklə saxlanılaraq məsuliyyətə cəlb olunacaqlar. Bəziləri telefonlar və WhatsApp kanallarından istifadə edərək müxtəlif təxribat xarakterli mesajlar yaymağa, dövlət əleyhinə hərəkətlərə çağırmağa, mövcud hakimiyyət sisteminə qarşı çıxmağa cəhd ediblər. Silahlı şəxslər də var idi, onların hamısı saxlanılıb və cəzalarını alacaqlar”, - Kamçıbek Taşiyev bildirib.

Xatırladaq ki, dünən Bişkekdə Misirdən olan miqrantlar yeri gəncləri döyüblər, bundan sonra yerli adamlar toplaşaraq onların yaşadığı yataqxanaya hücum ediblər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR