İnsanlara hürriyət, millətlərə istiqlal!

Bir bazar günü

2309 07.05.2023 21:36 Yazarlar A A

Dünya Səhiyyə Təşkilatı bir-iki gün öncə koronavirusun COVİD-19 növünün pandemiya sırasından çıxarılması haqda növbəti qərarını açıqladı. Deyir ta bunu da başqa yoluxucu xəstəliklər siyahısına qatıb yola vermək olar.

Ancaq dünya üçün keçərli olan qayda-qanunlar bizdə də işləkdirmi, şübhəli məsələdir. Ən azından Operativ Qərargahımız hələ bir-iki ay da xüsusi karantin rejimini saxlamaq qərarı vermişdir. Quru sərhədlərimiz adamlar üçün, sulu sərhədlərimiz balıqlar üçün, hava sərhədlərimiz isə quşlar üçün bağlı saxlanılır. Bu isə Azərbaycanın analoqu olmayan dövlət statusunu növbəti dəfə təsdiqləyir. Bizdə tarixən proseslər bu cür davam etmişdir. SSRİ dağıldı, biz kommunizm quruculuğunu yarıda qoymadıq ki? Əksinə, Yeni Azərbaycan Partiyasını yaradaraq daha da inkişaf etdirdik. Planet devalvasiya, iqtisadi böhranlar yaşayanda, biz “üzən məzənnələr”, “möhkəmlənən valyuta”, “sosial tərəqqi”, “hökumətin ətrafında sıx birləşən millət” gördük. Məsələn, Fransada sarı jiletliləri qara jiletlilər əvəz eləyib, hər gün Parisi dağıdırlar, lakin bizdə heç vaxt o cür etiraz aksiyaları ola bilməz. Bizdə sarı jiletlilər yolları süpürür, xalqa xidmət edir. Əvəzində fransızlar yandıqlarından bizim daxili işlərimizə badalaq vurmağa çalışır. Axırıncı dəfə Kolonna soyadlı xarici işlər naziri gəlmişdi, ümid elədik bəlkə münasibət düzələr, lakin o da gedib Qarabağı “anklav” adlandırdı. Nurəddin Məmmədli kimi. Əsəblərimizlə oynayırlar. Gərək biz Korsikanın müstəqilliyini tanıyaq, ağıllansınlar. Düzdür, Korsika müstəqillik istəyirmi, bundan xəbərim yoxdur, ancaq boynuna qoymaq olar.

Hökumət əhaliyə elə sosial yardım mühiti yaradıb ki, artıq boynuyoğun, öküz kimi cavanlar da əlillik dərəcəsi almaq arzusundadır. Yəqin hamınız qazinin çənəsini sındıran “əlilin” videosuna baxmısınız. Vallah, heyrətamizdir. Hansı ölkədə o cür boy-buxunun, vuran əlin olsa azı barda nəzarətçi işləyib yaxşı yaşayarsan. Hələ hansısa mafioza, quldura cangüdənlik etmək, lap elə özün quldur olmaq perspektivlərini demirəm. Bizdə adam beş-on manatlıq sosial yardım üçün idarəyə gedir, camaatı döyür ki, mənə əlillik verin. Çünki başa düşür: dövlətdən kənarda, hökumətin atalıq qayğısı olmadan heç adi qoğal da yeyə bilməzsən. Bütün qoğalların üzərində mütləq JEK-in, ASAN-Xidmətin, uçaskovının və TƏBİB-in peçatı-ştampı olmalıdır. Qoğalı özbaşına qoyarsan, dığırlanar gedər, tülkü-mülkü yeyər. Şair məhz bu münasibətlə yaxşı yazmışdır: “Azərbaycan deyiləndə ayağa dur ki, Füzulinin ürəyinə toxuna bilər!” (Burda rayonu yox, şairi nəzərdə tutur – Z.H.).

Burada bəzən yerlərin səhv düşməsi hallarına da rast gəlinir, hesab edirəm respublikamızın cavanlığı, hələ tam relsə oturmaması üzündəndir. Məsələn, əlillər məşqçi işləyib camaatın uşağını öldürür, məşqçi olası adam isə hökuməti döyür. Dünən mən ticarət mərkəzindən uşağa köynək alırdım, satıcı uşaqdan ücbucağın sahəsini soruşdu. Məlum oldu qardaşımız riyaziyyatı tum kimi çırtlayır, hətta “AZİ”dən ikinci kursa qədər oxuyub, necə deyərlər, “başını buraxıbdır”.

Lakin bunu dərd etmək lazım deyil. Həmin adamlar hamısı bizim gizli batalyonlarımızdır. Ehtiyatda saxladığımız vuran əlimizdir. Atalar demiş, saxla samanı, gələr zamanı.

Dükandan ayrılanda satıcıya “bazar olsun” dedim. Uşaq ücbucağın sahəsini tapa bilməsə də, gerçəkdən bazar günündə idik.

Sonra mən Sezen Aksunun mahnısını ürəyimdə pıçıldadım: “Əlimdə olsa yırtardım kölgəni, Rəsminə vurmuş bir bazar günü”...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR