İnsanlara hürriyət, millətlərə istiqlal!

Biləcəri üçün Formula

1894 12.04.2023 09:40 Yazarlar A A

Öncə mən bütün zəhmətkeşlərimizi 12 aprel insanın kosmosa ilk uçuş günü münasibətilə təbrik edirəm. Keçmişdə bizim həmyerlimiz Kərim Kərimovun imzası olmasa sovet kosmonavtları göyə uça bilməzdilər, indi də camaatımız İrandan gələn emissarlar üçün Kərimə dövləti yaratmaq fikrindədir. Necə deyərlər, öz cəzandı, çək, Balaş. Gör hardan hara gəlmişik.

Hərçənd qalaktikalararası mövqeyimiz o qədər pis də sayılmaz, hazırda bir neçə peykimiz kosmosun dərinliklərini şumlamaqdadır. Bundan başqa, 1979-cu ildə NASA Kainata “Voyacer” adında qurğu buraxıb, onun da içinə musiqi diski qoyublar, həmin diskdəki mahnılardan biri Üzeyir Mehdizadənin “Mənə nə, sənə nə” mahnısıdır. Bunu o məqsədlə qoyublar ki, yadplanetlilər mahnıya qulaq asıb “qələt eləyərik siz tərəfə uçarıq” desin, bəlkə uçuşlara tamamilə tövbə eləsin. Zarafat edirəm, qorxmayın, diskə qoyulan mahnı hansısa xalq musiqimizin melodiyasıdır, indi dəqiq yadıma düşmür. (Dəqiqləşdirdim, Kamil Cəlilov balaban çalıb. Uzaylılar fikirləşəcək ki, bu planetdə davamlı matəmdir).

Qayıdaq mövzuya. Mövzu isə odur ki, biz həm göydə, həm yerdə uçuruq. Bakıda aprelin axırında növbəti dəfə uçan maşınların yarışı - Formula-1 keçiriləcəkdir. Bu yarış ana vətənimizi dünyada tanıtmaq üçün çox vacibdir. Yoxsa biz hansı formulu kəşf eləmişik bizi tanısınlar? Heç Allahın adi qarın ağrısı dərmanını qayıra bilmirik, dünən parlamentoda deputatlar bu münasibətlə ağlaşma qurmuşdular. Səyavuş müəllim deyirdi ki, xaricdən gələndə özü üçün aldığı dərmanı gömrükdən buraxmayıblar. Dəhşətdir. Belə getsə, biz deputatlarımızı itirə bilərik. Təklif edirəm təcili şəkildə milli dərman istehsalı zavodları tikək. Xammal zibil kimidir. Məsələn, çobanyastığı diş ağrısına dərmandır. Sarımsaq qripi sağaldır. Üzərriyi yandıranda adama göz dəymir. Qoyun qığı ilə camış sidiyini qarışdırıb üzərinə bir çimdik bülleten tozu əlavə edəndə seçicilərin şikayətləri kəsilir. Hər xalqın öz çarə üsulları vardır, bizimki türkəçarədir. Milli olmalıyıq. Öz dəyərlərindən uzaqlaşan millətlər özgə dəyirmanında dərman axtarar. (Hazır aforizmdir, Vatsap-da paylaşmaq üçün. Halal eləyirəm). 

Camaat isə burnunu sallayır. Deyirlər maşın yarışı nəyimizə lazımdır, yollar bağlanır, tıxacda qalırıq, nə bilim, elmi kəşflərin faizi aşağı düşür və sairə. Nə qədər boş söhbətlərdir... Adam bunlara cavab yazmağa belə ərinir. Hökumət keçən həftə rəqəmsal inkişaf nazirinin müavinini beynəlxalq avtovağzala elə bu cür səbəblərdən müdir qoydu. İndi Ucara rəqəmsal şəkildə gedirik.

Siz Allah, yol açıq olanda guya hara gedirsiniz? Sanki atom parçalamağa gedirlər. Uzağı sünnət toyuna, yaxını da hansısa kababxanada basdırma yeməyə gedirik. Bizim yolumuzun sonu, həyat məqsədlərimiz belə şeylər ola bilər. İndi 3 gün basdırma yemə. Toya yarım saat gec get. Nə olacaq? Vallah, mən hökumətin yerinə olsam sizi kandardan bayıra buraxmaram. Qədrini bilin. Yenə bunlar yeyib doyublar...

Əslində mən siyasətə qarışmıram, sadəcə, dünən gözümə Gəncədən deputat Nafiq müəllimin çıxışı dəydi. Deyir Formula-1 Gəncədə olsa sevinərik.

Əla təklifdir, ancaq məncə, haqsız rəqabətdir. Çünki biz - Biləcəri sakinləri neçə ildir hökumətdən xahiş edirik Formula-1-i, ya da onun bəzi, türkün sözü, halqalarını Biləcəridə təşkil eləsin. Bu bizə çox lazımdır. Yoxsa haçan baxırsan camaat deyir: “Filankəsi Biləcəridən o tərəfdə tanımırlar”. Biləcəri də dünyada tanınmalıdır. Bu bizim, yenə türkün sözü, doğal haqqımızdır. Formula-1 Bakıdan sonra ilk növbədə Biləcəridə olmalıdır. Sonra Gəncəyə baxarıq. İnşallah. Gəncə qədim şəhərdir, onun vaxtı çoxdur.

Üstəlik, Biləcəridə bu işin tarixçəsi var. Sovet dövründə burada Motodrom yerləşirdi, orada maşın yarışları keçirilirdi. Ziya müəllim dağıtdı, yerində avtovağzal tikdi. Vandalizm idi. İkincisi, elə həmin Motodromla üzbəüz, Sumqayıta gedən yolun sağında motosiklet yarışları üçün relyefli yarış pisti var idi. Oranı da bələdiyyə ilə icra ev tikənlərə satdı. Yəni haradan baxsan Biləcəri motoyarışların ənənəsi olan yerdir.

İndi söz əlaqədar təşkilatlarındır. 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR