İnsanlara hürriyət, millətlərə istiqlal!

Beynəlxalq qurumlarda türk dövlətlərinin fəallığını necə artırmalı - Prezidentdən önəmli təşəbbüs

797 13.04.2023 09:50 Siyasət A A

Prezident İlham Əliyev aprelin 10-da Qazaxıstanda səfərdə olarkən mühüm bir təşəbbüs qaldırıb. Dövlət başçısı beynəlxalq müstəvidə qarşılıqlı dəstək mövzusunda danışarkən qeyd edib: “...Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində fəal qarşılıqlı əlaqə saxlayır, bütün məsələlərə dair bir-birini dəstəkləyir. Xüsusən ölkələrimizdən birinin üzv olduğu təşkilatlarda bir-birimizi dəstəkləyirik. Bu, uzun illər boyu bizim münasibətlərin səmimi xarakterini nümayiş etdirir...” 

Nəzərə çatdıraq ki, beynəlxalq qurumlarda Türk dünyasına münasibətdə daim qərəzli münasibətlərin şahidi olmuşuq. Azərbaycan və Türkiyə ilə bağlı məsələlərdə AŞ PA-da, Aİ-də, Avroparlamentdə və digər qurumlarda hər hansı neqativ layihə təklifləri olanda antitürk, antiislam dairələr mütəşəkkillik nümayiş etdirir. Ötənlərdə belə halların da şahidi olmuşuq ki, belə müzakirələr, səsvermələr zamanı bəzi türk, islam dövlətləri mütəşəkkillik nümayiş etdirməyib. Bu, daha çox koordinasiyasız fəaliyyətdən, beynəlxalq təşkilatlardakı missiyaların fəaliyyətinin qənaətbəxş olmamasından irəli gəlib. Azərbaycan, Türkiyə, Qazaxıstan beynəlxalq əməkdaşlıq məsələsində birgə yeni siyasət həyata keçirməkdədir. Ayrıca Qazaxıstanla bu məsələdə vəziyyət qənaətbəxşdir, prezident də bunu qeyd edib. Eyni zamanda yeni dünya düzənində beynəlxalq qurumlarda təmsilçilik, beynəlxalq əməkdaşlıqda mütəşəkkillik prioritet təşkil etməlidir. Nələr edilməlidir? Bu işlər necə qurulmalıdır?

Bəhruz Məhərrəmov: Böyük Qayıdış qərarlı olduğumuzu göstərməkdədir

Bəhruz Məhərrəmov: “Azərbaycan Prezidentinin bu prosesdə ən böyük uğuru ondan ibarətdir ki...”

Deputat Bəhruz Məhərrəmov bu istiqamətdə son üç ildə həyata keçirilən fəaliyyətə xüsusi vurğu etdi: “Bildiyiniz kimi, Türk dünyasının vahid amal uğrunda birləşməsi istiqamətində çoxsaylı cəhdlər olub və adətən bu və ya digər formada səylər fiaskoya uğrayıb. Lakin 2020-ci ildən etibarən Azərbaycan Prezidentinin aktiv Türk açılımı, Türkiyə və Orta Asiya ölkələrinin prosesə xüsusi maraq göstərməsi yeni və çox arzuolunan bir mənəzərə meydana çıxarıb. Ümumiyyətlə, Azərbaycan Prezidentinin bu prosesdə ən böyük uğuru ondan ibarətdir ki, əməkdaşlıqlar ümumi mənafelərlə yanaşı hər bir dövlətin milli maraqlarını ehtiva edə bilir. Yəni yeni konfiqurasiyada türk dövlətləri arasında münasibətlərin təməli sağlam praqmatik əsaslara söykənir, əlaqələrimiz, ortaq keçmişimiz naminə hansısa fədakarlıqlar bahasına yox, milli maraqlar naminə inkişaf edir. Cənab İlham Əliyevin heç kimin proseslərin hazırkı gedişatını proqnoz verə bilməyəcəyi bir dövrdə bütün mümkün ehtimalları nəzərə alaraq və milli mənafeləri rəhbər tutaraq reallaşdırdığı regional infrastruktur layihələri bu gün Azərbaycanı bölgədə marağı olan beynəlxalq subyektlər, o cümlədən türk dövlətləri üçün cəlbedici tərəfdaşa çevirir. Nəticə isə artıq göz önündədir. Bu gün Türk dünyası beynəlxalq müstəvidə faktiki olaraq vahid orqanizm kimi çıxış edir, maraq və mənafelərini qətiyyətlə qoruya bilən güc kimi özünü təsdiqləyir. Biz Azərbaycana münasibətdə, Vətən müharibəsində Türk dünyasının yekdil mövqeyini misal göstərə bilərik. Lakin etiraf edək ki, daha qətiyyətli və birmənalı mövqe nümayişinə ehtiyac var, məsələn, Türkiyə-Azərbaycan münasibətlərində biz bu formata nail olmuşuq. Bu mənada Prezident İlham Əliyevin aprelin 10-da Qazaxıstanda səfərdə olarkən irəli sürdüyü təşəbbüs daha güclü Türk dünyası yolunda vacib mərhələ sayılmalıdır”.

Paşinyanın “artsax ordusu” oyunu - separatçılar onu vecinə almır, yoxsa...

Rəhim Əhmədzadə: “Türk dünyası liderlərinin hər addımı dünya ictimaiyyəti tərəfindən diqqətlə izlənilir”

AĞ Partiya başqanının müavini, siyasi ekspert Rəhim Əhmədzadə bildirdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana səfəri, Astanada iki ölkənin liderləri arasında aparılan danışıqlar və Azərbaycan-Qazaxıstan münasibətlərinin inkişafı perspektivləri dünya mediasının da diqqətində olan məsələ idi: “Günü-gündən aktivləşən, güclənən Türk dünyası liderlərinin hər addımı dünya ictimaiyyəti tərəfindən diqqətlə izlənilir. Bu məqamları ona görə xüsusi olaraq vurğulayıram ki, hadisənin mahiyyəti daha yaxşı anlaşılsın. Ümumilikdə Azərbaycan Prezidentinin Qazaxıstan səfəri kifayət qədər vacib səfər idi. Hansı ki, mövcud olan bir çox iqtisadi-mədəni əlaqələrin daha da inkişaf etdirilməsinə dair razılıqlar oldu. Əldə edilən razılıqlardan biri də Qazaxıstan və Azərbaycan arasında ticarət dövriyyəsini 1 milyard dollara çatdırmağın planlaşdırılmasıdır. Bildiyimiz kimi, 2022-ci ildə Qazaxıstanın Azərbaycana ixracı 30,4 faiz artaraq 375,3 milyon dollara, idxalı isə 95,2 artaraq 86,6 milyon dollara çatıb. Eyni zamanda ötən il Qazaxıstan iqtisadiyyatına Azərbaycan investisiyalarının məbləği 69,7 milyon dollar olub. Türk dünyasının iki nəhəng dövləti arasında əlaqələrin bu şəkildə inkişaf etməsi və buna digər Türk dünyasındakı dövlətlərin də qoşulmasının miqyasının dünyada gətirəcəyi səs-küyü siz düşünün. Xatırlayırsınızsa, Türk Dövlətləri Təşkilatının son toplantısında qurumun Ağsaqqallar Şurasının sədri və AK Partinin sədr müavini Binəli Yıldırım "Türk dünyası hələ də dünya rifahından layiq olduğu payı ala bilməyib" kimi fikirlər səsləndirdi. Türk dünyası enerji, təbii sərvətlər və strateji torpaqlar baxımından bütün dünya ölkələrindən fərqli mövqedə olsa da, dünyanın rifahından layiq olduğu payı aldığını söyləmək olmaz. Daha bir narahatlıq doğuran məqam odur ki, Türk dövlətlərinin 700 milyard dollarlıq xarici ticarəti olsa da, bu ticarətin cəmi 18 milyard dolları öz aralarında edilir. Bu, onların ümumi ticarətinin 3 faizindən də azdır. Binəli Yıldırım bunların həll edilməli olan mühüm məsələ olduğunu demişdi. Yuxarıda qeyd etdiyim iqtisadi əlaqələr kifayət qədər önəmli məsələ olsa da, birliyimiz üçün təkbaşına kifayət etmir. Çünki bizlər mənəvi-mədəni dəyərlərin birləşdirdiyi iki xalqıq. Əsrlər boyu davam edən qardaşlıq və dostluq əlaqələri Qazaxıstan-Azərbaycan münasibətlərinin dərin köklərə malik olduğunu göstərir. Azərbaycan və qazax xalqları türkdilli xalqlar olmaqla, etnik, dini və mədəni dəyərlər baxımından bir-birinə çox yaxındır. Xalqlarımız eyni etnik soy-kökə malik olmaqla yanaşı, həm çar Rusiyası, həm də sovet dönəmində vahid mərkəzdən idarə edilib. Yəni bizlər aşağı-yuxarı eyni taleyi yaşamış xalqlar olaraq keçmişdən dərs çıxarmalı, birliyimizə mane olmaq istəyənlərə qarşı eyni çətirin altında birləşməliyik. Qarabağımızı işğaldan azad etdiyimiz vaxtda Qazaxıstanın bizə verdiyi dəstəyi də unutmamalıyıq. Daha sonra Qazaxıstanın hazırda Füzuli şəhərində inşa etdiyi Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi Azərbaycan və Qazaxıstan xalqları arasında dostluğun parlaq nümunələrindən biridir. Bir sözlə, bütün bu faktları ona görə sadaladım ki, bizlər Qaspıralının dediyi kimi dildə, fikirdə, işdə birlik olacağımız təqdirdə bizlərin qarşısında heç bir qüvvə dayana bilməz".

Asif Nərimanlı yazır...

Asif Nərimanlı: “Son iki ildə Türk dünyasının dərin inteqrasiyası aparılıb”

Siyasi analitik Asif Nərimanlı son iki ildə bu istiqamətdə ciddi işlərin aparıldığını qeyd etdi: “Türk dövlətlərinin beynəlxalq müstəvidə əməkdaşlığı və fəallığını artırmaq üçün iki istiqamətdə addım atmaq mümkündür: ya türk dövlətləri ikitərəfli qaydada xarici siyasətlə bağlı əməkdaşlıq razılaşmaları əldə edir, ya da ümumilikdə Türk Dövlətləri Təşkilatı çərçivəsində xarici siyasət prioritetlərini əhatə edən ümumi razılaşma ola bilər. Azərbaycan və Türkiyə arasında imzalanan Şuşa Bəyannaməsi bu məsələdə presedent rolunu oynaya bilər. Şuşa Bəyannaməsi çoxvektorludur, əgər digər türk dövlətlərinin mövcud siyasi şərtlərdə bir-biri ilə bu qədər geniş tərkibli bəyannamə imzalaması hələ ki mümkün deyilsə, ən azı bəyannamədə xarici siyasətlə bağlı müddəalardan yararlanaraq, beynəlxalq platformalarda birlikdə hərəkətlə bağlı razılaşma əldə edə bilər. Bununla yanaşı, Türk Dövlətləri Təşkilatının beynəlxalq təşkilat statusu əldə etməsi istiqamətində addımlar atılmalıdır. Təşkilatın hədəfi budur, son iki ildə Türk dünyasının dərin inteqrasiyası aparılıb. Bu inteqrasiya xarici siyasətdə ortaq maraqlardan çıxış etmək və beynəlxalq platformalarda birlikdə hərəkət etmək istiqamətində də gücləndirilməlidir”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR