İnsanlara hürriyət, millətlərə istiqlal!

Bəxtsiz cavan

1838 01.11.2022 09:10 Yazarlar A A

Onu ilk dəfə 2005-ci il martın 3-də, qətlə yetirilmiş jurnalist Elmar Hüseynovun dəfn mərasimində görmüşdüm. Elmlər Akademiyasında cənazə qoyulmuşdu, Bakının o vaxtkı icra hakimi Hacıbala müəllim rəsmi vidalaşma törəni düzəltmişdi, binanın içində və çölündə çoxlu adamlar vardı. Hava soyuq, sazaqlı idi, binanın qarşısındakı meydançada boynuna “Qalatasaray” futbol klubunun şərfini bağlamış bir gənc mənə yaxınlaşdı. Özünü təqdim elədi, yanılmıramsa, İqtisadiyyat Universitetinin tələbəsi olduğunu dedi. Qısa, qaçaraq söhbətimizə baxmayaraq bu gənc insanın həyata, ölkəmizdəki ictimai-siyasi proseslərə aid aydın düşüncələri, ümid və arzuları diqqətimi çəkmiş, yaddaşıma həkk olunmuşdu.

İndi, daha dəqiqi, oktyabrın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsi həmin insanı 7 il, 7 ay, 14 günlüyə azadlıqdan məhrum etdi. Nəsə şirkət düzəldib saxtakarlıq etməkdə, xaricə mühacir alveri ilə məşğul olmaq kimi işlərdə suçladılar.

Yəqin aktiv oxucular artıq söhbətin kimdən getdiyini başa düşdülər. Bəli, Ramin Hacılı haqda yazıram.

Mən onun indi cəzalandığı cinayət işi haqda heç bir əlavə məlumata malik deyiləm. Sözün qısası, haqlı tutublar, ya haqsız, nəsə fikrim yoxdur. Məni, sadəcə, bu gəncin haradan haraya gəlməsi düşündürür və dilxor edir.

10-15 il qabaq Ramin Hacılı Azərbaycanın ən parlaq, istedadlı gənclərindən biri idi. “Dalğa” gənclər hərəkatını yaratmışdı, dalğaçıların ölkədəki, beynəlxalq aləmdəki hadisələrə orijinal aksiyalarla, etiraz üsulları ilə münasibəti cəmiyyətimiz üçün yeni idi. Dalğaçılar qadın azadlığını da qoruyurdular, kitabı da təbliğ edirdilər, kinodan, mədəniyyətin hər sahəsindən nəsə əldə etməyə, mənimsəyə çalışırdılar. Hətta media sahəsində də dalğaçılar ad qoymuşdular, onların patronajlığı altında çıxan “Alma” qəzeti indiyəcən çoxlarının yadında qalıb.

2010-cu ildə ABŞ dövlət katibi Hillari Klinton Bakıya səfərə gələndə onun görüşdüyü cəmiyyət nümayəndələrindən biri Ramin Hacılı olmuşdu.

Sonra biz Ramin Hacılının yavaş-yavaş yıxılmasına sakitcə baxmağa başladıq. O, gah riyakar siyasi qurumlara qoşuldu, gah adı pis işlərdə eşidildi. Yanılmıramsa, keçən həftəki məhkəmə qərarı onun həyatındakı ikinci qərardır, bundan öncə də həbsdə olub.

İndi bizdə rəngarəng gənclər barmaqla sayılan qədər qalıb. “Dalğa”nın yerində quru səhralıqdır, oradan ərəb dilində moizələr, İran mollalarının avazı eşidilir. Bir filmimizdəki məşhur sitatdan yararlanaraq belə deyə bilərik: “Dalğa həmin dalğa deyil, ancaq koordinatlar həmişəkidir”.

Ölkənin az qala hər yerində “Gənclər evi” açıblar. Universitetlərimiz işləyir. Tələbələr metroda dərsə tələsir, yenə güman edirəm qatar “Elmlər”ə, “İçərişəhər”ə yaxınlaşanda “Filankəs, atan rayondan qoyun göndərib, avtovağzaldadır”, - deyə bir-biri ilə məzələnən şit gənclər var. Pis-yaxşı könüllü hərəkatı, təqaüdlər, hətta tələbə kreditləri var. Yalnız gənclər yoxdur. Gənclərin bu ölkənin həyatında iştirakı sıfra yaxındır.

Mən Ramin Hacılının kədərli taleyinə çox təəssüfləndiyimi bildirmək üçün bu yazını yazıram. Niyə belə olur, niyə biz istedadlı, bilikli, potensiallı gənclərimizin büdrəməsini, vurulmasını, yıxılmasını çox asanlıqla seyr edirik? Niyə gənc blogerlər hazırladığı korrupsiya süjetlərinə görə zindana salınmalıdır? Niyə xaricdə təhsil alan savadlı insanlar hökumətə xoş gəlməyən çıxışlarına görə təqiblərə məruz qalmalıdır?

Əlbəttə, bunlar daha çox ritorik suallardır və mən bu sualların cavabını bilirəm. Ümid edirəm siz də bilirsiniz. Bilənlər bilməyənlərə danışsın, mən də gedim görüm yeni bir “Ramin Hacılı” ilə tanış ola bilirəmmi.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR