İnsanlara hürriyət, millətlərə istiqlal!

Bəstəboy kişinin böyük iddiası – namizədliyi qeydə alınsa, Əhmədinejad yenə seçilə bilər

2455 29.05.2024 09:52 Analitika A A

İranın 9-cu prezidenti olmağa iddia edənlərin içində bizim, eləcə də bütün dünyanın yaxşı tanıdığı bir isim var: Mahmud Əhmədinejad.

İbrahim Rəisinin seçilməsi ilə nəticələnən son seçkilərdə namizədliyi qeydə alınmayan Mahmud Əhmədinejad yenə də prezidentliyə iddialıdır.

Onun namizədliyinin “seçkidən öncə seçki keçirən” xüsusi şura tərəfindən qeydə alınması sual altında olsa da, eks-prezidentin tərəfdarları həm çox, həm də mütəşəkkildir. İki dəfə İran prezidenti seçilmiş adam üçün bu, təbiidir. Onun hazır iqtidar komandası var və onun üzvləri də yenidən iş başına qayıtmaq istəyirlər.

Mahmud Əhmədinejad 1956-cı ildə Tehrandan cənub-şərqdə yerləşən Garmsar şəhərində, kasıb dəmirçi ailəsində doğulub. İslam inqilabı zamanı 23 yaşında olan Əhmədinejad inqilabda fəal iştirak edib, 1980-ci ildə ABŞ səfirliyini girovluqda saxlayanlardan biri olub. (Bunu İranın ilk prezidenti Əbülqasım Bənisədr də təsdiqləyib, lakin keçmiş məhbusların və əməliyyat iştirakçılarının əksəriyyəti bu versiyanı təsdiqləmir). Əhmədinejad İran-İraq müharibəsində də iştirak edib.

768x432.jpg (226 KB)

O, İran İslam Respublikasının 6-cı prezidenti olmazdan əvvəl Ərdəbil əyalətinin qubernatoru və Tehran meri vəzifələrində çalışıb.

Əslində Əhmədinejadən 2005-ci ildə prezident seçilməsi gözlənilməz olmuşdu. Çünki Tehranda yaxşı tanınan, amma İran miqyasında elə bir şöhrəti olmayan Əhmədinejad seçkilərin 1-ci turunda 19,48% səs alsa da, ikinci turda seçkinin favoriti Əli Əkbər Haşimi Rəfsəncaninin qarşısında 61,6 faiz qazanıb.

Həmin vaxt Rəfsəncani nəinki İranda, eləcə də dünyada tanınmış siyasi xadim idi və gələcəkdə İranın ali dini rəhbəri olmağa əsas namizəd görülürdü. Fəqət onun qələmini necə qırdılarsa, yenidən prezident ola bilmədi, İranın ali rəhbəri olmaq şansını da itirdi. Aydın məsələ idi ki, Əhmədinejadın bir həftənin içində 40 faiz əlavə səs almasını ayətullah Əli Xamneyinin iradəsi və komandası təşkil edib. Əhmədnejad öz gücünə İran siyasətinin əjdahasına – Rəfsəncaniyə qalib gələ bilməzdi.

Onun 2009-cu ildə ikinci müddətə prezident seçilməsində də ali dini liderin böyük rolu olub. Həmin vaxt Xamneyi ilə eyni kənddən – Xamnədən olan, ali rəhbərə qohumluğu çatan (onların xalaoğlu və ya xalanəvəsi olduqları deyilir), vaxtilə İranın baş naziri postunu tutmuş (1981-89-cu illərdə) Mirhüseyn Musəviyə uduzduğuna dair geniş yayılmış qənaət var.

img1573810.jpg (11 KB)

2009-cu ildə İranda keçirilən ictimai rəy sorğuları Musəvinin yüksək reytinqini göstərib. Onun prezident seçiləcəyi əksəriyyətdə şübhə doğurmadığı halda, iyunun 12-də Əhmədinejadın seçicilərin 62,6 faizinin səsini aldığı və yenidən İran prezidenti seçildiyi, Musəvinin isə 33,8 faiz səslə ikinci yeri tutduğu elan olunub. Seçkilərin ilk nəticələrinin açıqlanmasından sonra Əhmədinejadın qələbəsi ayətullah Xamneyi tərəfindən təsdiqlənsə də, Musəvinin tərəfdarları seçkinin nəticələrinin saxtalaşdırıldığını bildirib, etiraz aksiyalarına başlayıblar. Musəvi tərəfdarlarının kütləvi nümayişləri bir həftə davam edib və iğtişaşlara çevrilib. Nəticədə hakimiyyət nümayişləri güc yolu ilə yatırıb, yüzlərlə insan həlak olub, minlərlə etirazçı həbs edilib.

Avqust ayının 3-də İranın ali rəhbəri Əli Xamneyi Əhmədinejadı prezident kimi rəsmən təsdiqləyib. Onun nədən belə etməsinin səbəbi olaraq güman edilir ki, Xamneyi bir kənddən olan iki qohumun İranın iki böyük vəzifəsinin ikisini də eyni zamanda tutmasının xalq tərəfindən anlayışla qarşılanmayacağını mülahizə edib.

2010-2011-ci illərdə ərəb ölkələrində kütləvi iğtişaşlar başlayayanda bu hadisələrin təsiri ilə İranda yenidən Mahmud Əhmədinejada qarşı etirazlar başlayıb. Bununla əlaqədar İran hakimiyyəti Musəvi də daxil olmaqla müxalifət liderlərini ev dustağı edib.

9622CB32-A947-4BDF-B5AD-A799A2E3CD4C_w1200_r1.jpg (117 KB)

Əhmədinejadın o zamanlar ali rəhbərin sevimlisi olmasının bir səbəbi də onun sözəbaxan və mühafizəkar dünyagörüşlü olmasıyla bağlıdır. O, hələ birinci dəfə prezident seçiləndən sonra sələfləri Rəfsəncani və Hatəminin dövründə həyata keçirilən bəzi liberal islahatları dayandırmış, İranın nüvə proqramının inkişafını sürətləndirmişdi.

Özü ruhani olmasa da, onun dövrünədə dövlət qulluğunda olan kişilərə saqqallarını qırxmamaq və uzunqol köynək geyinmək göstərişi verilib, qadınların örtülü geyinməsinə nəzarət gücləndirilib.

Əhmədinejadın etnik mənşəyi haqqında məlumatlar çox müxtəlifdir. Onun milliyətcə talış olduğunu deyənlər də var, İran azərbaycanlısı olduğunu iddia edənlər də. Əhmədinejad özü bir neçə dəfə Azərbaycan türkcəsini bildiyini deyib. Hətta Britaniyanın “Daily Telegraph” agentliyi bir dəfə Əhmədinejadın yəhudi olduğunu, əsl soyadının İran yəhudilərinin tanınmış soyadı Saburiciyan olduğunu iddia edib. Ancaq bu, yəqin ki, tam yalandır. Keşikçilər Şurası adamın yeddi arxa dönənini araşdırmamış preizdentliyə namizəd olmasna imkan verməzdi.

Əhmədinejad prezidentliyi dövründə özünü qatı anti-amerikan kimi tanıdıb. 2007-ci ilin yanvarında o, ABŞ hegemonluğuna qarşı birləşən Latın Amerikası ölkələrində - Venesuela, Nikaraqua və Ekvadorda olub, orada Venesuela prezidenti Uqo Çaves, Boliviyanın lideri Evo Morales, Nikaraquanın rəhbəri Daniel Orteqa və Ekvadorun dövlət başçısı Rafael Korrea ilə görüşüb.

71F0A26D-A83F-42BD-A13D-A78628286849_w1080_h608.jpg (96 KB)

Əhmədnejadın anti-İsrail mövqeyi isə daha barizdir. O, ictimai çıxışlarında və müsahibələrində İsrailə qarşı radikal fikirlər səsləndirib: “Sionist rejim yer üzündən silinməlidir”; “Holokost olmayıb və əgər varsa, o, fələstinlilərə qarşı istifadə olunur”; “İsrailə qarşı çıxmaq milli və dini bir vəzifədir”; “Bölgədəki bütün ölkələr İsrailin düşmənidir və tezliklə onu məhv edəcəklər; “BMT-nin İsrailə ayırdığı ərazi bölünmədən Fələstin dövlətinə məxsus olmalıdır”; “Yəhudi dövləti Avropa və Kanadada yaradıla bilər” və sair.

Əhmədinejad 2001-ci ildə ABŞ-də baş vermiş 11 sentyabr terror aktının da reallığını şübhə altına alıb. ABŞ Dövlət Departamenti isə onun sözlərini “iyrənc və aldadıcı” adlandırıb.

Maraqlıdır ki, 2011-ci ildə 11 sentyabr teraktının müəllifi “əl-Qaidə” Əhmədinejadın bəyanatlarını “gülünc” adlandırıb və İran prezidentinin onların “zəhmət”ini gözdən salmaqda suçlayıb.

Ancaq 2012-ci ilin yazında keçirilən parlament seçkilərində parlamentdəki 290 yerin təxminən dörddə üçünün ayətullah Xamneyinin müttəfiqlərinin qazanmasıyla Əhmədinejadın karyerasının bitdiyi işarəsi verilib.

Mahmud Əhmədinejad artıq iki müddət ölkə prezidenti olması üzündən 2013-cü il seçkisində iştirak edə bilməyib.

2017-ci ilin aprelində prezident seçkilərində iştirak etmək üçün sənədlərini təqdim edən Əhmədinejadın namizədliyinə İranın Keçikçilər Şurası tərəfindən icazə verilməyib.

coban.jpg (104 KB)

Onu da qeyd edək ki, İranda və ondan kənarda Əhmədinejadın həm prezident olanda, həm də ondan sonra mütəvazi, hətta zahidanə həyat tərzi keçirdiyi, eks-prezident kini ona ayrılan maaşdan imtina etdiyi, 47 illik, 2 min dollar dəyəri olan avtomobil sürdüyü, kənddə qoyun otardığı barədə əfsanələr var. Bu söhbətlər nə dərəcədə doğrudur, bunu iranlılar bilər, fakt odur ki, o, “xalqa yaxın lider” sayılır, ona görə də iddiaçılar arasında ən nüfuzlusudur.

Bununla belə, güman ki, yenə də onun prezidentliyə namizəd olmasına imkan verilməyəcək. Çünki belə görünür ki, Əhmədinejad “vurulmuş” kartdır, Xamneyinin gələcək planlarına daxil deyil. Ancaq işdir, onun namizədliyi qeydə alınsa, böyük ehtimalla o, yenidən İran prezidenti olacaq.

Araz Altaylı, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR