İnsanlara hürriyət, millətlərə istiqlal!

Bəşər Əsədə qarşı yeni ordu - Yaxın Şərq yenidən alovlanır...

1859 12.05.2023 08:50 Siyasət A A

Rusiya bəyan edib ki, ABŞ terrorçuların iştirakı ilə “Azad Suriya ordusu” yaratmağa başlayıb və rejimə qarşı savaş qızışır; Kreml və Tehran yeni bataqlıqda, bəs dördtərəfli görüş effekt verəcəkmi?

Suriya, daha dəqiq desək, prezident Bəşər Əsədlə bağlı Qərb yeni planlar həyata keçirə bilər. Uzun illərdir Suriya problemi həll olunmur, Əsəd hansısa bilinməyən səbəblərdən hakimiyyətdən salına bilmir və ya salınmır.

Digər Yaxın Şərq ölkələrində demokratiyaya keçid (?) planları 1-2 ilə icra olunduğu halda, Suriyada proseslər yekunlaşmır. Əlbəttə, bunu şərtləndirən ciddi səbəblər var. Ancaq son açıqlanan məlumatlar onu deməyə əsas verir ki, Yaxın Şərq yenidən alovlanacaq, Suriyada şiddətli döyüşlər başlayacaq. Suriya məsələsində maraqlı tərəf olan Rusiya artıq bunun anonsunu verib. “Yeni Müsavat”ın xarici siyasət bölməsinin məlumatına görə, Rusiya xarici işlər naziri Lavrov bəyan edib ki, ABŞ Əsədə qarşı terrorçuların iştirakı ilə “Azad Suriya ordusu” yaratmağa başlayıb. Onun sözlərinə görə, Birləşmiş Ştatlar Suriyada tanınmamış kürd hakimiyyətini dəstəkləmək və özləri tərəfindən yaradılmış qanunsuz silahlı birləşmələri silah-sursatla təchiz etməkdən artıq məmnun deyil:

“Bizdə olan məlumatlara görə, amerikalılar Suriyanın Rakka şəhərinin ətrafında yerli ərəb qəbilələrinin nümayəndələri, İŞİD və digər terrorçu təşkilatların döyüşçülərinin iştirakı ilə "Azad Suriya ordusu" yaratmağa başlayıb. Məqsəd aydındır. Bu döyüşçülərdən ölkədə vəziyyəti qeyri-stabilləşdirməkdən ötrü Suriyanın qanuni hakimiyyətinə qarşı istifadə etmək istəyirlər. Məlum məsələ bizim hərbi həmkarlarımız tərəfindən müzakirə olunub. Onlar bu istiqamətdə birgə fəaliyyət sxemi barədə razılığa gəliblər. Ümid edirəm ki, bütün görüləcək addımlar uğurla həyata keçiriləcək". Lavrovun dediklərində həqiqət payı nə qədərdir? Əsədi bu dəfə hakimiyyətdən sala biləcəklərmi? Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu mayın 11-də Moskvada keçirilən Suriya üzrə dördtərəfli görüşdə müzakirə olunan məsələləri açıqlayıb. Nazir bu barədə Tvitter hesabında paylaşım edib. Məlumata görə, tərəflər görüş zamanı terrorla mübarizədə əməkdaşlıq, suriyalı miqrantların geri dönmələrinə dair hazırlıq işlərinin təmin edilməsini, siyasi prosesin gedişatını və Suriyanın ərazi bütövlüyünün qorunmasının vacibliyini müzakirə ediblər.

Yaxın Şərq siyasəti üzrə yazar Kənan Rövşənoğlu hesab edir ki, Suriya Ərəb Dövlətləri Liqasına geri qaytarılıb, Bəşər Əsəd köhnə yerinə dönüb: “Nə Əsəd çevrilib demokrat oldu, nə də Suriya azad, demokratik ölkə. Amma 12 il əvvəl "Suriyaya demokratiya gəlməlidir" deyib Əsədə qarşı müharibə elan edənlər bu gün heç nə olmamış kimi onu öz sıralarına qəbul etdilər. Suriya müharibəsində isə 360-400 min insan öldü, evlər, şəhərlər xaraba qaldı. Ailələr, həyatlar məhv oldu. Əgər dava demokratiya və azadlıq davası idisə, Suriya hələ də azad deyil. O zaman nədən “əli qanlı diktatorla” barışdınız? Demək, Əsədin demokrat və ya diktator olması sizi maraqlandırmayıb, sizi öz qazanclarınız maraqlandırıb. İndi isə situasiya dəyişib deyə yenidən qəbul etdiniz".

İranın Ermənistan sevdası: Bakıya acıq olsun deyə atılan addım

 Kənan Rövşənoğlu 

K.Rövşənoğlunun sözlərinə görə, 12 il əvvəl də, bu gün də o fikirdədir ki, Suriya münaqişəsi azadlıq, demokratiya mübarizəsi deyil, regional siyasi maraq mübarizəsi idi: “Şərtlər dəyişdi, "bükə bilmədiyin əli öpəcəksən" qaydası işə düşdü. Amma əminəm ki, Suriyanın bu günə düşməsində, oradakı insanların yaşadıqlarına görə Əsəd qədər ona qarşı müharibə elan edənlər məsuliyyət daşıyacaqlar".

ABŞ-Türkiyə münasibətlərində gərginlik yeni mərhələyə keçəcəkmi - politoloq  danışır - 22.06.2019, Sputnik Azərbaycan

Ramiyə Məmmədova 

Siyasi şərhçi Ramiyə Məmmədova Suriya böhranının uzanacağını düşünür. Onun fikrincə, münaqişənin yenidən qızışması Rusiya və İran üçün çətinlik yaradacaq: “ABŞ silahlı kürdlərin əli ilə Suriyanın neft olan ərazilərinə nəzarət edir. Eyni siyasət İraqın şimalında kürdlərə muxtariyyət verilməsi ilə nəticələnmişdi. İndi də Suriyada kürd muxtariyyəti yaradılması gündəlikdən çıxmayıb. Ardınca İranda proje işə düşəcək. Bu ölkədə də son etirazlarda kürdlər xüsusi fəallıq edirlər. Onlar silahlıdırlar. Yəni gələcəkdə Suriyadan sonra İranda kürd kartı işə düşə bilər. İndi isə Suriyada yeni silahlı birləşmənin yaradılması heç də Tehrana, xüsusən də Moskvaya sərf etmir. Çünki başı Ukrayna cəbhəsinə qarışıb, indi Suriyada Əsəd rejimini müdafiə etmək üçün yeni cəbhəyə məcbur şəkildə qoşulmalı olacaq”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR