İnsanlara hürriyət, millətlərə istiqlal!

Bəşər Əsəd üçün çətin seçim - Suriya hakimiyyəti artan iqtisadi təzyiqlər qarşısında nə edəcək?

1310 13.12.2022 17:07 Analitika A A

Suriyada iqtisadi vəziyyət kəskin şəkildə pisləşib. Ərəb mediasının yazdığına görə, 11 ildir müharibənin davam etdiyi ölkədə ilk dəfədir hökumət orqanları, təhsil müəssisələri, hətta xəstəxanaların fəaliyyətində axsamalar qeydə alınır, ərzaq, elektrik enerjisi, neft məhsulları qıtlığı yaşanır.

11 ildir müharibənin əldən saldığı əhalinin vəziyyəti isə daha pisdir, dərin bir yoxsulluq mövcuddur. Məsələ ondadır ki, ötən müddətdə müharibə daha da şiddətlənib. Ölkənin böyük hissəsinin işğal və terror altında olduğu dövrlərdə vəziyyət indiki qədər dramatik olmayıb. Elektrik verilişi, internet, mobil rabitə, ərzaq müharibə şərtlərində normal sayılacaq bir səviyyədə olub.

Ancaq indi vəziyyət çox pisləşib. Son iki ildə Suriyanın “taxıl anbarı” hesab olunan kürd regionundan buğdanın mərkəzi hökumətə göndərilməməsi ilkin olaraq ərzaq qıtlığına səbəb olub. Moskva ilkin dövrdə taxıl göndərməklə Dəməşqi vəziyyətdən çıxarmağa çalışsa da, indi belə görünür ki, problem daha genişlənib.

Müşahidəçilər Suriyanın hazırda düşdüyü vəziyyəti bir sıra amillərlə izah edirlər. Bu səbəbləri aşağıdakı kimi qruplaşdırmaq olar:

249f1b65ee397d6261973474e179b660.jpg (93 KB)

1. Yerli qaynaqların əldən çıxması. Suriya ərazisinin mühüm bir hissəsi, təxminən 30 faizə yaxın əraziləri hökumətin nəzarətində deyil. Təxminən 20-25 faizlik əraziyə kürdlər nəzarət edir. Bura Suriyanın əsas ərzaq anbarı da daxildir. Taxıl yetişdirilən bölgəsi olmaqla yanaşı, Suriyanın neft və qaz ehtiyatlarının mühüm bir hissəsi burada yerləşir. Nəticədə hökumət ərzaq və enerji ehtiyatları qıtlığı yaşayır.

2. Qərbin sanksiyaları. ABŞ, Avropa İttifaqı Suriya dövlətinə qarşı kompleks iqtisadi sanksiyalar tətbiq edib. Bu sanksiyalar Dəməşqin əl-qolunu bağlayır, ticarət və iqtisadi əlaqələri məhdudlaşdırır.

3. Yardımların kəsilməsi. Ötən 11 illik münaqişə dövründə Suriyanı ayaqda saxlayan İran və Rusiyadan gələn yardımlar idi. Ancaq hazırda həm Rusiya, həm də İran ciddi iqtisadi problemlər yaşayır. Bir çox müşahidəçilərə görə, Rusiya Ukrayna müharibəsindən sonra Suriyaya yardımlarını azaldıb. Eyni zamanda İran hakimiyyəti də daxili problemlərin artması səbəbindən Suriyaya dəstəyini azaldıb. Bu isə Dəməşq üçün ciddi problemə səbəb olub.

Mümkündür ki, son aylarda Rusiya və İranın iqtisadi vəziyyətinin kəskin pisləşməsi fonunda Suriyaya iqtisadi və maliyyə sanksiyalarının artmasının arxasında Qərbin xüsusi planı var. Məqsəd Suriyanı daha sıxışdırıb Qərblə anlaşmağa məcbur etməkdir. Çünki Rusiya və İrandan dəstək ala bilməyən Bəşər Əsəd hakimiyyəti alternativ mənbələrə üz tutmağa məhkum olacaq. Bu zaman, əlbəttə, əsas şərt İranla əlaqələrə yenidən baxılması olacaq. Bu səbəbdən də Qərb indi Əsəd hakimiyyətinə qarşı iqtisadi təzyiq rıçaqlarını daha da fəallaşdırıb.

462142_a52i271o3s.jpg (123 KB)

Başqa sözlə, indi Əsəd hakimiyyəti iqtisadi təzyiqlər altındadır. Güman ki. son zamanlar ərəb ölkələrindən Dəməşqə artan səfərlərin bir səbəbi də bu yöndə danışıqlardır. Əgər Əsəd İran və Rusiya ilə əlaqələrinə “yenidən baxmağa” razılaşarsa güman ki, Qərb və onun region müttəfiqləri Suriyanın iqtisadi böhrandan çıxmasına dəstək verəcəklər.

Əks təqdirdə Suriyada qışa doğru iqtisadi vəziyyətin daha da pisləşməsi və ölkədə ikinci və daha şiddətli “çörək üsyanının” baş verməsi riski yaranacaq. Bu mənada indi Əsəd çətin seçim qarşısındadır. Yaxın aylarda Rusiya və İran tərəfdən Suriya hakimiyyətinə ciddi yardımlar olmadığı təqdirdə Bəşər Əsəd müttəfiqləri ilə çörək arasında seçim etməli olacaq.

Qeyd edək ki, gələn ilin mart ayında Suriyada hakimiyyətə qarşı etirazların və silahlı münaqişənin başlamasının 12 ili tamam olacaq. 2011-ci ildə küçə etirazları ilə başlayan Suriya hadisələri tez bir zamanda silahlı vətəndaş müharibəsinə çevrildi. Suriyada hakimiyyəti devirmək üçün 70 yaxın ölkənin dəstəklədiyi Bəşər Əsəd əleyhinə koalisiya yaradıldı. Ancaq sonrakı dövrdə müxtəlif silahlı qruplar arasında birliyin pozulması, İran və Rusiyanın ciddi dəstəyi nəticəsində Bəşər Əsəd iqtidarı silahlı müxalifətini məğlub edə bildi. Hazırda ölkənin şimalında İdlib vilayətində, şərqdə isə Tənaf rayonunda silahlı müxalif qruplar var. Şimal-şərq rayonlarında kürd siyasi qruplarının yaratdığı Suriya Demokratik Qüvvələri adlı qeyri-rəsmi idarə forması və kürd silahlı qrupları var. Suriyanın şimal rayonlarında ABŞ, Fransa və Türkiyə ordusunun hərbi bazaları mövcuddur. Hökumətin nəzarət etdiyi rayonlarda isə Rusiya və İrana bağlı silahlı qüvvələr var.

Kənan Rövşənoğlu,
Xüsusi olaraq Musavat.com üçün

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR