İnsanlara hürriyət, millətlərə istiqlal!

Bələdiyyələrin səlahiyyətləri artırılacaqmı - birləşmə nə vəd edir...

988 29.02.2024 09:03 Ölkə A A

 

“Bələdiyyə sədrlərini vətəndaşlar seçsə, daha doğru olar, çünki...”

Azərbaycanda bələdiyyələrlə bağlı yeni proses başlayıb. Kiçik kənd bələdiyyələri birləşdirilir. Bununla bağlı Milli Məclisə də layihə göndərilib. Belə ki, Milli Məclisin Regional məsələlər komitəsinin 2024-cü il 1 mart tarixdə keçiriləcək iclasının gündəliyinə bələdiyyə qanunvericiliyinə dair iki qanun layihəsi salınıb. 

Son günlər bələdiyyələrin birləşdirilməsi barədə bəzi deputatların çıxışlarına və KİV-lərdə gedən məlumatlara əsasən qanunvericilikdə dəyişiklik edildikdən sonra əhalisinin sayı 3000 nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələr onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə digər bələdiyyələrlə birləşdiriləcək. Əgər qanunvericilikdə bu dəyişikliklər baş tutarsa, ilk növbədə ictimaiyyəti maraqlandıran sual yəqin ki, birləşdirilmənin hansı prinsiplər əsasında aparılacağı olacaq.

Uzun illərdir ki, bələdiyyələrin səlahiyyətlərinin, statusunun artırılması təklifi gündəmə gətirilir, ancaq reallaşmır. Bəllidir ki, bu ilin sonunda ölkədə yeni bələdiyyə seçkiləri keçiriləcək. Hazırda başlayan proses bələdiyyələrin yenidən şəkilləndirilməsi planının ilk mərhələsidirmi? Yeni formalaşan bələdiyyələr fərqli səlahiyyətlərə, imkanlara malik olacaqmı? Bu nə vəd edir? 

Qeyd edək ki, bundan əvvəl bələdiyyələrlə bağlı bir sıra narazılıqlar da olub. Xüsusilə də bələdiyyələrin fəaliyyətində rast gəlinən pozuntular əsas etibarilə bələdiyyə torpaqlarının idarəedilməsi, maliyyə vəsaitlərindən istifadə, şəffaflıq və hesabatlılığın təmini, bələdiyyə idarəçiliyi (təkbaşına idarəetmə, icra aparatının düzgün təşkil edilməməsi və s.) və digər məsələləri əhatə edib.

Bununla belə, bələdiyyələrin maliyyə resurslarının zəif olması ilə bağlı məsələ də müzakirə edilir. Ekspertlərə görə, qanunvericilikdə bununla bağlı imkanlar var. Əslində olan isə bələdiyyələrin bəzən mövcud imkanlardan düzgün istifadə edə bilməməsidir. Nəticədə bu onların maliyyə imkanlarının artırılmasına mane olur. Daha bir məsələ isə bələdiyyələrin ərazilərində olan vergi obyektlərinin siyahısının olmamasıdır. Bu siyahı dəqiq olsa, oradan lazımi vergilər yığılar və sonradan israfının qarşısı da alınar. Qəbiristanlıqların bələdiyyələrə tam təhvil verilməsinin hələ başa çatmaması da xüsusi vurğulanır. Bunun da səbəbi kimi, regionlarda və bir çox kəndlərdə qəbiristanlıqların sənədlərinin, xəritələrinin, pasportlarının olmaması göstərilir. 

 Natiq Cəfərli: “İnflyasiyanın və qiymət artımının səbəbi...” » Reyting.az

Natiq Cəfərli: “Bələdiyyələrin böyüdülməsi doğru istiqamətdir, amma yetərli deyil...”

İqtisadçı-ekspert Natiq Cəfərli mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, əslində bələdiyyələrin təmərküzləşdirilməsi, böyüdülməsi doğru istiqamətdə olan addımdır: “Amma bu, yetərli deyil. Bələdiyyələrin böyüdülməsi ilə əlaqədar olaraq onların səlahiyyətlərinin artırılması, seçkilərdə böyük şəhər bələdiyyələrinin yaradılması, bələdiyyə sədrlərinin birbaşa seçkilərinin keçirilməsi, əsas onların səlahiyyətinin artırılması - bütün bunlar paralel olaraq baş versə, Azərbaycanda yeni bir bələdiyyəçilik anlayışı, yeni özünüidarəetmə anlayışının yaranmasına səbəb ola bilər. Bu da kifayət qədər pozitiv dinamika yarada bilər. Yəni ilkin addım kimi doğru addımdır, amma yetərli deyil. Paralel olaraq onların səlahiyyətləri artırılmalıdır, büdcələri ilə bağlı qanunvericilikdə dəyişikliklər edilməlidir. Əslində yerli icra hakimiyyəti orqanı ləğv edilməlidir. Bu paralellik aradan qaldırılmalıdır. İcra hakimiyyətləri ləğv edilməlidir, paralel olaraq bələdiyyələrin statusu yüksəldilərək birbaşa seçkilər və bələdiyyə seçkiləri həyata keçirilməlidir. Qanunvericiliyə görə, bizdə ikipilləli sistemdir. Bələdiyyə üzvləri seçilir, bələdiyyə üzvləri özlərinə sədr seçirlər. Yəni birbaşa xalq seçmir. Əslində insanlar seçsələr daha doğru olar”.   

Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyaları (ABMA) isə həm Azərbaycanda bələdiyyələrin birləşməsi təcrübəsinə və beynəlxalq təcrübəyə, həm də mövcud qanunvericiliyə istinadən birləşdirilmənin hansı ardıcıllıqla həyata keçirilməsi məsələsini təhlil edib: “Milli Məclis yeni qanun layihəsini təsdiq etdikdən və qanunlar qüvvəyə mindikdən sonra bələdiyyələr həmin müddəaların yerinə yetirilməsi istiqamətində addımlar atmalıdır. Bunun üçün əhalisinin sayı 3000 nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələr onlarda yaranan sosial-iqtisadi vəziyyəti, tarixi və digər yerli xüsusiyyətləri nəzərə almaqla və onlara daha yaxın ərazilərdə yerləşən bələdiyyələrlə birləşmə barədə rəyini hazırlayaraq bələdiyyə iclasında təsdiq etməlidirlər. Bu qərarlar vahid ad altında birləşəcək bütün bələdiyyələrin iclaslarında qəbul edilir və bütün qərarlarda birləşəcək bələdiyyələrin adları göstərilməklə yeni yaranan bələdiyyənin adı qeyd olunur. 

Bu proseslərdə əhalisinin sayı 3000 nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələrin yaxın ərazilərdə yerləşən böyük şəhər və yaxud qəsəbə bələdiyyələrinə birləşdirilməsi də istisna olunmur. Birləşməyə dair qəbul edilmiş bələdiyyə qərarları bələdiyyənin müsbət rəyi ilə birlikdə baxılmaq üçün Milli Məclisə göndərilir. Milli Məclis bələdiyyələrdən göndərilmiş müraciətlər əsasında araşdırma apararaq müvafiq bələdiyyələrin birləşdirilməsi barədə qərar qəbul edir. Bundan sonra müvafiq bələdiyyələrin birləşdirilməsi barədə qanun imzalanacaq".

Afaq MİRAYİQ, 
“Yeni Müsavat”



Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR