İnsanlara hürriyət, millətlərə istiqlal!

Bələdiyyələrə hansı səlahiyyətlər verilməlidir - yeni status, gözləntilər

827 04.04.2024 13:44 Ölkə A A

“Türkiyə nümunəsi Azərbaycan üçün örnək ola bilər”

Bu ilin sonunda ölkədə keçiriləcək bələdiyyə seçkilərindən sonra formalaşan yeni yerli özünüidarəetmə orqanlarının tam fərqli səlahiyyətlərinin olacağı gözlənilir. Bunun üçün artıq hüquqi baza formalaşdırılır. Belə ki, aprelin 5-də Milli Məclisin iclasında “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi, habelə “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılacaq. Üçüncü oxunuşda qəbul ediləcək layihələrdə konkret nələr nəzərdə tutulur? Siyasətçi olaraq nə düşünürsüz, ölkədə bələdiyyələrə konkret hansı səlahiyyətlər verilməlidir? Böyük şəhərlərdə mer seçkisi üçün də hüquqi baza formalaşdırılacaqmı? Türkiyə modelinin tətbiqi real görünürmü?

Tural Abbaslı: “Ermənistanı rahat şəkildə “satacaqlar””- MÜSAHİBƏ

Tural Abbaslı 

AĞ Partiya başqanı Tural Abbaslı bələdiyyələrin səlahiyyətlərinin artırılacağına inanmır: “Əslində burada üzücü bir proses yaşanmaqdadır. O da ondan ibarətdir ki, iqtidarda belə bir ənənə yoxdur, hansısa bir qanun layihəsi, təklif müzakirə olunanda parlamentdə təmsil olunmayan partiyalara bu qanun layihəsi göndərilmir. Yəni biz bilmirik ki, bu qanun layihəsində hansı məsələlər qoyulub, hansı məsələlərin qəbulu, müzakirəsi gözlənilir. Bu da dolayısı ilə bizi, yəni parlamentdə təmsil olunmayan partiyaları bu qanun layihələrinin müzakirəsindən, mövqe bildirməkdən kənarda saxlayır. Belə olmamalıdır. Digər tərəfdən, inanmıram ki, Azərbaycan hökuməti bələdiyyələrlə bağlı hansısa strateji dəyişikliklər etsin, onlara hansısa xüsusi statuslar versin. O zaman gərək uzun illərdir Azərbaycanda idarəetmə forması olan icra strukturları ləğv olunsun, yaxud da onlar formal xarakter daşısın və bütün səlahiyyətlər bələdiyyələrə verilsin. İqtidar təyinatlı orqanının səlahiyyətlərini alıb bələdiyyələrə verməz, öz səlahiyyətlərini azaltmaz. Bu baxımdan xüsusi olaraq hansısa dəyişikliklərin olacağına, böyük şəhərlərdə mer, bələdiyyə seçkilərinin keçiriləcəyinə inanmıram. Formal şəkildə 1-2 dəyişiklik ola bilər. Real təsir imkanı olmayan dəyişikliklər də mümkündür. Bir də iqtidar təmsilçilərinin də ara-sıra səsləndirdikləri bələdiyyələrin sayının azaldılması ola bilər. Bu şəkildə bələdiyyə institutunun olmağındansa, olmamağı yaxşıdır. Bu, büdcə üçün də daha faydalı olar. Ya icra hakimiyyətləri, ya da bələdiyyələr qalmalıdır”.

AMİP-in qurultayı onlayn keçirilə bilər - Əli Orucov

Əli Orucov 

AMİP liderinin köməkçisi Əli Orucov da fərqli düşünmür: “İnsanlar bələdiyyələrə torpaq alveri ilə məşğul olan bir ünvan kimi yanaşır. Seçkili institutlara və seçki sisteminə olan ənənəvi, neqativ münasibət, icra hakimiyyətinin güclü təsiri nəhayət bələdiyyələri indiki acınacaqlı vəziyyətə saldı. Bu gün bələdiyyələrin fəaliyyəti demək olar ki, hiss olunmur, onların nə işlə məşğul olmaları haqqında da cəmiyyətdə aydın təsəvvür yoxdur. İnkişaf etmiş ölkələrdə bələdiyyələr uğrunda mübarizə parlament uğrunda mübarizədən daha aktiv olur. Bələdiyyələrdə uğur qazanmaq siyasi hakimiyyətə aparan yolu açır və daha da yaxınlaşdırır. Biz bunu qardaş dövlət olan Türkiyə təcrübəsində bir daha gördük. 

Azərbaycanda bələdiyyələrin nədən öz səlahiyyətlərini icra edə bilməməsini onun statusu ilə birbaşa bağlı hesab etmirəm. Bu günədək bələdiyyələrlə bağlı 20-yə yaxın qanun qəbul edilib. 1999-cu il 2 iyulda qəbul edilmiş "Bələdiyyələrin statusu haqqında" Qanunla bələdiyyələrə normal fəaliyyətləri üçün hüquqi baza yaradılıb. Bələdiyyələrə bir qeyri-dövlət sistemi kimi qanun çərçivəsində yerli əhəmiyyətli məsələləri müstəqil və sərbəst şəkildə həll etmək hüququnu həyata keçirmək imkanı verilib. Problem bələdiyyələrlə bağlı qanunların işləmə mexanizmində və sərbəstlik verilməməsində, ən əsası isə ölkə üçün xarakterik olan icra hakimiyyətinin dominantlığıdır. Təkcə bələdiyyələr deyil, hətta qanunverici hakimiyyət olan parlamentin özü də icra hakimiyyətindən asılıdır. Səlahiyyət bölgüsü icra, qanunverici və hakimiyyət qollarında da pozulub. İlk növbədə seçkili qurumlara və seçki sisteminə münasibət dəyişməlidir. Hər hansı bir qurumun normal fəaliyyət göstərməsi üçün onun maliyyə dayaqları olmalıdır. Bələdiyyənin istehsal, xidmət və digər iqtisadi fəaliyyəti əlçatan deyil. Halbuki yerli sosial, iqtisadi və xidmət sahələri bələdiyyələrin ixtiyarına verilməlidir. Bələdiyyələrin normal büdcəsi formalaşdırılmalıdır ki, yerli sosial müdafiə və sosial inkişaf, habelə yerli iqtisadi və ekoloji proqramlar işləyib hazırlasın və həyata keçirsin. Bunların heç biri yoxdur. 

Hakimiyyət bələdiyyələrin inkişafında və yerli özünü idarəetmə orqanı kimi müstəqil olmalarında o qədər də maraqlı deyil. Biz dəfələrlə təklif və tələb etmişik ki, bələdiyyələrin icra hakimiyyətindən asılılığı aradan qaldırılsın və onların öz səlahiyyətlərinə imkan yaradılsın. Həmçinin böyük şəhərlərdə idarəetmə seçkili olsun və kollegial idarəçiliyə verilsin, bu da qulaqardına vurulur. Lakin əminəm ki, gec-tez bu hökumət islahatlara getmək və bələdiyyələri yerli özünüidarəetmə funksiyalarının icrasına və bu institutunun inkişafına şərait yaratmağa getməyə məcbur olacaq. Bu həm də hökumətin yükünü azaldardı". 

İran gözləntilərimizi doğrultmalıdır” – Elxan Şahinoğlu Yeni Sabah

Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bu sahə üzrə Türkiyə modelinə keçilməsini önəmli sayır: “Azərbaycanda bələdiyyələrin statusunun artırılmasına ehtiyac var. Təəssüf ki, Azərbaycanda bələdiyyələr əsasən torpaq satışı ilə tanınır. Bəzi hallarda isə torpaq satışında neqativ hallar qeydə alınır. Son illərdə bir sıra bələdiyyə başçısının həbsi məhz torpaq satışı ilə bağlı neqativ hallarla bağlı olub. Halbuki bələdiyyələrin əsas vəzifəsi insanlara xidmət olmalıdır. Ancaq bu xidməti həyata keçirmək üçün bələdiyyələrin büdcəsinin formalaşmasına ehtiyac var. Həmin büdcə isə tək bələdiyyə sədrinin istəyi əsasında xərclənməməlidir. Bələdiyyə məclisləri büdcənin xərclənməsinə nəzarət etməlidir. Bələdiyyələrin funksional fəaliyyətinin siyasi tərəfi də var. Bələdiyyə seçkiləri iddialı siyasi partiyaların yarışmasına şərait yaratmalıdır. Siyasətçilərin və fəal vətəndaşların tamamı Azərbaycanın 125 yerlik parlamentinin üzvü ola bilməzlər. Azərbaycan üzrə bələdiyyələrin sayı isə çox olduğundan fəalların bu sahədə özlərini sınamaları və insanlara xidmət göstərməsi mümkündür. İnsanlar da həmin xidmətə görə bələdiyyə sədrinə və bələdiyyə məclislərinin üzvlərinə qiymət verəcəklər. Strateji müttəfiqimiz Türkiyə nümunəsi Azərbaycan üçün örnək ola bilər”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR