İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayramınız mübarək, əziz neftçilər

1759 20.09.2022 10:20 Yazarlar A A

Öncə mən hörmətli neftçilərimizi 20 sentyabr peşə bayramları münasibətilə səmimi qəlbdən təbrik edir, onlara uzun boru, cansağlığı, işlərində uğurlar diləyirəm.

Bizdə neftçi peşəsinə hörmət çox böyükdür, hər bir insan çalışır uşağı yekələndə neftçi olsun. “Neft daşları”na düşmək, xaricə səfir getməkdən çətindir. Bakı Ali Neft Məktəbinə qəbulda keçid balı BDU-nun hüquq fakültəsindən yuxarı olur. Deməli, millət istəyir uşaq ali təhsil alıb rüşvətxor prokuror, makler vəkil, nə bilim, şər-xata rəis olmaqdansa, mazuta bulaşsın, dalğaları yarsın, qaz vursun, qazan doldursun, ölkəmiz inkişaf eləsin. Çünki neftçilər olmasa ölkəmizin inkişafı çox çətindir. Xaricə nə satıb valyuta əldə edərik? Bəlkə qoz-fındıq və bamadur? Xeyr. Burada ciddi valyuta yoxdur. Hətta mənim yazılarımı tərcümə edib satsanız da dövlət büdcəsini doldurmaq çətindir (müəyyən qədər təvazökarlıq elədim, ümidvaram oxucuların vecinə olmadı).

Neftçi peşəsinə hörmətə görə Bakı metrosunda “Neftçilər” stansiyası var. Sözgəlişi, bizdə yalnız iki peşənin adına metro qoyulmuşdur, o biri də inşaatçı peşəsidir. Ancaq son illər inşaatçılarımız bir mənzili yeddi adama satdıqları üçün müəyyən dərəcədə millətin gözündən düşüblər. Təklif edirəm onun adını dəyişib “Jurnalistlər” stansiyası qoyaq. “Yazarlar”, “Köşə yazarları” variantları da mümkündür. Stansiya qəzetlərin ana yurdu “Azərbaycan” nəşriyyatının binasına yaxındır, bu mənada da uyğun gəlir. Sözgəlişinin içində sözgəlişi olmasın, məndə olan məlumata görə nəşriyyatın təzə rəhbərliyi redaksiyaların icarə haqqını qaldırıb, ərazidə yerləşən qəzetlər bundan xeyli narazı qalmışdır. Əsas odur nəhayət nəşriyyatda tualetlər remont olunsun.

Nəsə, çox uzağa getməyək, götürək elə Nensi... Zarafat edirəm, mənim bu mövzuya hər hansı əlavəm yoxdur. Neftçilərimizin əziz bayramında mənasız insanları yada salmaq istəmirəm. Bəli, neftçi peşəsi çox əzizdir, müqəddəsdir, şərəflidir. Başqa peşələr də əziz, müqəddəs, şərəflidir, lakin neftçi peşəsi daha əziz, müqəddəs, şərəflidir. Şair bu temada yaxşı yazıbdır: “Sevgilim, neft olmasa büdcə bütün əfsanədir, Neftdən məhrum olan insanlığa biganədir”.

Başqa sübutlarım da var. Məsələn, gəlin fikir verək görək 20 sentyabr dünya və Azərbaycan tarixində hansı əlamətdar hadisələrlə yadda qalmışdır? 622-ci ilin 20 sentyabrında Məhəmməd peyğəmbər tərəfdarlarını yığıb Məkkədən Mədinəyə hicrət etmişdir. Lakin qəribədir ki, bu gün müsəlman İran ermənipərəst mövqeyi ilə tanınır. İkincisi, 1519-cu ildə Fernan Magellan dünya səyahətinə çıxmışdır. Əcəb eləyib, yaxtam olsa mən də burada bir gün dayanmazdım. 1918-ci il 20 sentyabrda ingilislər Ağcaqum çölündə 26 Bakı komissarını gülləbaran etmişdir. Bunu yaxşı eləyiblər, təklif edirəm onların AYB-nın qabağındakı köhnə qəbir yerində də göydələn tikilsin.

Nəhayət, 20 sentyabr Sofi Lorenin, Murtuz Ələsgərovun doğum günü, nağılçı Qrimm qardaşlarından biri olan Yakobun isə (bizim dildə Yaqub müəllim) rəhmətə getdiyi gündür. Lakin siz fikir verin, biz bütün bu fövqəlbəşər hadisələri yox, əziz neftçilərimizin peşə bayramını qeyd etməyə üstünlük veririk.

Zəhmətkeş insanları sevmək azdır, onlara hər il bayram öncəsi medallar, fəxri adlar verilir, buruqların altında qurbanlar kəsilir, boruların başına dolanırıq.

Az qala yadımdan çıxmışdı, bizdə “Neftçi” adlı futbol klubu da yaradılmışdır. Düzdür, onlar hələlik məhsulun adına layiq, Avropa, dünya miqyaslı oyunlar göstərmir, ancaq həyat davam edir.

Bir də dünən metro işçilərinin peşə bayramı gününü 9 noyabrdan dəyişib 6 noyabr elədilər, açığı, mən bu tədbiri başa düşmədim. Neftçilərin bayramı varsa, metro işçilərinin niyə ayrıca bayramı olmalıdır? Neft çıxmasa, o qatarın biri də getməz. 

O qədər əziz gündür, heç nədən yazacaqdım, onu da unutdum.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR