İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bax, ən xatalı məsələ budur”- Komitə sədrindən SENSASİON açıqlamalar

523 04.06.2026 17:45 Müsahibə A A

Səməd Seyidov: “Bu istiqamətdə cəhdlər olsa, dəhşətlidir!”

“Avropa Parlamenti özünü elə bir quyuya salıb ki…”

Deputat, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Musavat.com-un suallarını cavablandırıb. Deputatın Ermənistandakı seçkilər, seçkilərdən sonra Bakı və İrəvan arasındakı münasibətlərin perspektivləri, sülh prosesi, Rusiyanın Avropa İttifaqına can atan Ermənistanla bağlı planları, həmçinin Azərbaycan – Aİ münasibətləri ilə bağlı sensasion açıqlamaları təqdim edirik:

- Səməd bəy, yəqin ki, izləyirsiniz, Ermənistanda çox gərgin bir seçki prosesi gedir. Revanşistlərin iddiaları Azərbaycanla əldə olunmuş sülh razılaşması və münasibətlərin normallaşması istiqamətində prosesə əngəl törədə bilərmi? Siz iyunun 7-si və yaxud da ondan sonra Ermənistanda ciddi hadisələrin baş verəcəyini gözləyirsinizmi?

- Ən ciddi hadisə artıq baş verib. Ən ciddi hadisə regionda yeni reallığın yaranmasıdır. Bu, yeni reallıq hər şeyi dəyişdirdi və ən əsası da Ermənistanın özünü dəyişdirdi. Hazırda ən azı Ermənistanda iqtidarda olan insanlar artıq bu, yeni reallığın nə dərəcədə Ermənistan, onun gələcəyi üçün əhəmiyyətli və vacib olduğunu dərk etməyə başlayıblar. Ona görə ən əsas hadisə baş verdi və bu əsas hadisənin əsas nəticələrindən biri parlament seçkiləri olacaq. Hələ bu hadisədən sonra biz Konstitusiyanın dəyişdirilməsini, sülh müqaviləsinin imzalanmasını gözləyirik. Bunlar hamısı ardıcıl tarixi hadisələrdir ki, yeni reallığın yaratdığı birbaşa məntiqli nəticədir. Təbii, seçkilər çox gərgin keçir. Ona görə ki, Ermənistanda qonşulara indiyədək, tarix boyu mövcud olmayan münasibət formalaşır. Bu münasibətin formalaşması hansısa dərin düşüncələrin, fikir mübadilələrinin, xüsusi diskussiyaların nəticəsi deyil. Dediyim kimi, Azərbaycanın qələbəsinin və Azərbaycan xalqının iradəsinin birbaşa nəticəsi kimi qiymətləndirilməlidir. Buna müqavimət olacaqmı? Təbii olacaq. Buna qarşı çıxanlar olacaqmı? Təbii olacaq. Bunu dayandırmaq istəyənlər mövcud olacaqmı? Əlbəttə, olacaq. Dayandıra biləcəklərmi? Ən azı cəhdlər göstərirlər. Ən azı biz bunu həm içəridən, həm kənardan, həm də xüsusilə qonşu böyük ölkələrdən əyani şəkildə görürük. Ancaq düşünürəm ki, 7 iyun Ermənistan üçün birmənalı olaraq yeni səhifənin açılması deməkdir və Paşinyan hakimiyyəti qalib gəlməlidir. Ona görə ki, əks halda, Ermənistanın gələcəyi çox müşkül və çox müəmmalı rənglərlə boyana bilər. O da heç kim üçün maraqlı deyil.

20e803e5-ba04-4dac-9921-f7734a442398.jpg (173 KB)

- Rusiya ilə Ermənistan arasında yaşanan gərginlik sizcə razılaşdırılmış gərginlikdir, yoxsa Rusiya doğrudan da Ermənistanın ona dönük çıxdığını və Avropaya sürətli meyillənməsini nəzərə alaraq son rıçaqlarını işə salıb? Sizcə Kreml Ermənistandakı seçkilərlə bağlı hansısa gözlənilməz ssenarini həyata keçirə bilərmi?

- Bəlkə də cavabım məni bir qədər təkrarlamağa məcbur edəcək. Ancaq Rusiyanın da Ermənistana münasibəti regionda mövcud olan yeni reallıq əsasında formalaşdırılır. Bunu bəzən kənara qoyurlar. Bəzi təhlilçilər deyirlər ki, Rusiya ikitirəli oyun oynayır, Rusiya bir tərəfdən Paşinyanı devirmək istəyir, digər tərəfdən Paşinyanla hansısa danışıqlara, sövdələşmələrə gedir. O da var, bu da var. Ancaq ən əsası ondan ibarətdir ki, bu gün Rusiyanın Qafqaz ölkələri ilə münasibətlərinin formalaşdırılmasının əsasını Azərbaycan siyasəti formalaşdırır. Bax, budur əsas nəticə. Ona görə təbii ki, Rusiya oturub düşünür. Devirsə, məsələn, hansısa formada…Biz axı, tarixdə görmüşük, hansısa silahlı cəhdləri də, parlamentin güllələnməsini də, terror aktlarını da. Yəni bu istiqamətdə cəhdlər olsa, bu dəhşətlidir! Söhbət Rusiyanın özündən gedir.
İkincisi, seçki vasitələrindən, çirkli texnologiyalardan istifadə edilməsi məsələsi var. İndi eşidirik ki, guya erməniləri Rusiyadan gətirirlər ki, seçkilərdə iştirak etsinlər və s. Bununla bağlı hansısa müdaxilə edilsə, bu, özü-özlüyündə onu göstərir ki, regionda artıq böyük dövlətlər başqa üsullarla oynamaq məcburiyyətində qalıblar. Və bu da aparılan siyasətin bir nəticəsidir. Nəhayət, məsələn, hansısa formada Paşinyanla razılaşıblar, yaxud hansısa sövdələşmə gedib, hansısa formada bunlara sərf edib. Amma söhbət yalnız bunlara sərf etməkdən getmir axı?! Söhbət ondan gedir ki, bu gün Rusiyadan Azərbaycan vasitəsilə mallar Ermənistana gedir və gələcəkdə TRİPP marşrutu ilə həm İrana, həm Türkiyəyə, həm Avropaya, həm də dünyaya çıxış əldə edilir. Biz yalnız Şərq-Qərb dəhlizindən danışmırıq, biz eyni zamanda Şimal-Cənub dəhlizindən danışırıq və Şimal-Cənub dəhlizi Azərbaycansız və Azərbaycanın Ermənistanla sülh müqaviləsi olmadan təsəvvür edilə bilməz. Bu, öz-özlüyündə ona dəlalət edir ki, Rusiya situativ şəkildə öz maraqlarını axtaracaq. Yəni Rusiya artıq Azərbaycanın regionda orta güc kimi öz nüfuzunu əldə etmiş ölkə olması ilə hesablaşmalıdır. Başqa yolu yoxdur. Və söhbət ayrıca Ermənistandan getmir, hətta ayrıca Gürcüstandan da getmir. Söhbət Azərbaycanın regionda nüfuzundan, gücündən, təsirindən və siyasətindən gedir. Bundan çıxış edərək nəticə çıxarmaq lazımdır ki, bu gün Rusiya Cənubi Qafqaz ölkələri ilə siyasətini hansı formada qurur. Ona görə təbii ki, hansısa müdaxilələri müşahidə edirik, görürük və yəqin ki, görəcəyik. Ancaq bu müdaxilələr hansı səviyyədə olacaq və Rusiyaya nə qədər fayda verəcək, bu, böyük sualdır. Məsələn, deyək ki, Köçəryan hakimiyyətə gəldi. Düzdür, bu çox hipotetik məsələdir. Ancaq misalçün gəldi, o halda tam şəkildə Rusiyanın Qafqazda və dünyada nüfuzu, xüsusilə Avropa və ABŞ-la münasibətlər qurmağa çalışdığı bir dövrdə vəziyyəti necə olacaq? Bu bir.

İkincisi, Azərbaycan-Ermənistan münasibətləri onda hansı səviyyədə olacaq? Yenə də deyirəm, bu gün tamamilə fərqli Azərbaycandır və Rusiya da fərqli Rusiyadır. Ona görə bunu mütləq nəzərə almaq lazımdır. Yaxud Paşinyan hakimiyyətdə qaldı və böyük ehtimalla belə də olacaq, deməli, Rusiya artıq Paşinyanla münasibətlərini regionda aparılan siyasət çərçivəsində qurmalıdır. Ermənistan-Rusiya siyasəti artıq yoxdur. Ermənistan-Rusiya siyasəti vaxtilə var idi. Çox təəssüf ki, bəzi ekspertlər Ermənistan-Rusiya münasibətlərini ayrıca təhlil edirlər. Ermənistan-Rusiya münasibətləri artıq Qafqazda Azərbaycanın apardığı siyasət çərçivəsində müzakirə olunmalıdır. Başqa yolu yoxdur. Bu, belə olmasaydı, seçkiqabağı kampaniyada, debatlarda Ermənistan namizədləri saatlarla Azərbaycanda gedən prosesləri müzakirə etməzdilər. Onlar da çox gözəl başa düşürlər ki, bu gün bu regionda orta güc kimdir.

Səməd Seyidov Qarabağ ermənilərinə müraciət edib: “Bu şansı qaçırmayın” -  FOTO - Oxu.az

- Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan TRİPP marşrutu – Zəngəzur dəhlizi ilə bağlı ABŞ ilə sazişə imza atdığını və sənədin ratifikasiya üçün hazır olduğunu bildirib. Yəni öncədən də açıqlama var idi ki, ilin ikinci yarısından Zəngəzur dəhlizinin Ermənistan hissəsində də proseslər başlayacaq. Seçkilərin gedişatı bunun qarşısını almaq iqtidarındadırlarmı? Yaxud indi “Putin yolu”ndan danışmağa başlayıblar, Abxaziyadan və Gürcüstandan keçməklə Ermənistana doğru. Hansısa fors-major hadisələr yaşana bilərmi?

- Heç bir yol öz-özünə əmələ gəlmir. Nə sizin dediyiniz Abxaziyadan keçən yol, nə də vaxtilə Paşinyanın ortaya atdığı “Sülh kəsişməsi” layihəsi. Qafqazda hansısa layihəni həyata keçirmək üçün ən azı 30 il işləmək lazım idi. TRİPP yolu öz-özünə əmələ gəlməyib. TRİP marşrutunun bünövrələrini sadalayıram: Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Azərbaycan iqtisadiyyatının yüksəlməsi, Mərkəzi Asiya ilə münasibətlər, Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyası, ordumuzun güclənməsi, torpaqlarımızın azad olunması və s.
Bunların hamısı sonradan kəmiyyətin keyfiyyət dəyişikliyinə çevrilməsi ilə TRİPP yolunu yaratdı. TRİPP yolu üzr istəyirəm ifadəyə görə, birdən-birə ortadan pırtlayıb çıxmadı ki…Ona görə də bunlar hansısa layihələri ortaya atanda sual yaranır: bunun əsası nədir, təməli varmı, iqtisadi, siyasi və hərbi dayaqları nədir? Heç biri yoxdur. Ona görə bunlar demoqogiyadır. Ancaq TRİPP yolu reallıqdır. Baxmayaraq ki, dünyada kifayət qədər problemlər var, ABŞ daxilində siyasi qarşıdurmalar var, İran məsələsini, Rusiya məsələsini kənara qoyuram. Bütün bu çətinliklərə baxmayaraq, TRİPP yolu gündən-günə möhkəmlənir. Niyə? Çünki təməli var. Əsası var. Arxasında Azərbaycanın yaratdığı yeni reallıq var.

- Səməd bəy, Qazaxın azad olunmuş kəndləri ilə bağlı vəziyyət necədir? Yəqin deputat olaraq o bölgədə olursunuz.

- Mən Qazaxın kəndləri haqqında konkret bunu deyə bilərəm ki, artıq çox gözəl işlər aparılır. Layihələndirmə demək olar ki, yekunlaşmaq mərhələsindədir. Mən o kəndləri icra başçısı və müvafiq strukturlarla birlikdə qarış-qarış gəzmişəm. Qazaxın ən gözəl kəndləridir. Böyük ehtimalla ilin sonuna qədər tikintilər başlayacaq. Orada əsas problem mina təmizləmə prosesidir. Digər azad olunmuş ərazilərdəki vəziyyət necədir, bilmirəm, burada hər qarışda mina var. O dərəcədə minalayıblar ki, əraziləri təmizləmək çox çətin və müşkül məsələdir. Ancaq çox gərgin, gecə-gündüz iş gedir. Mina təmizlənməsi yekunlaşan kimi tikintilər başlayacaq. Rəsmi şəkildə deyə bilərəm ki, layihələndirmə aparılıb, müvafiq strukturlar öz təkliflərini veriblər.

- Bəs digər azad olunmayan kəndlərlə bağlı mübadilə məsələsi? Bəzən azad olunmayan daha 3 kəndlə bağlı vəziyyət necədir? Ermənilər ara-sıra kəndlərin mübadiləsindən danışırlar.

- Bu, artıq komissiyanın işidir. Onlar müzakirə edirlər. Biz həmin müzakirələrə müdaxilə edə bilmərik. Ancaq bu, 4 kəndlə bağlı işlər ən yüksək səviyyədə gedir.

- Erməni spiker Alen Simonyan demişdi ki, Azərbaycana dəvət alıb və gəlmək niyyətindədir. Gəlsə, ona demək istədiyiniz varmı?

- (Gülür) Hələ seçkiləri gözləyək, ondan sonra.

Səməd Seyidov AŞPA-nın Monitorinq Komitəsinin birinci vitse-prezidenti  seçilib - "İki sahil"

- Bu arada Avropa İttifaqı Azərbaycanla əməkdaşlığı inkişaf etdirməklə bağlı növbəti mesaj verilib. Maraqlı situasiyadır, elə deyilmi?

- Bəli, tamamilə doğrudur, heç zaman olmayan bir situasiyasdır. Avropa Parlamenti özünü elə bir quyuya salıb ki, artıq oradan çıxa bilmir. Son müzakirələr zamanı Avropa parlamentariləri belə suallar verirdilər: Biz nə edirik? Biz kimə işləyirik? Biz hansı Avropa Birliyindən danışırıq? Bu sözlər təsadüfən deyilməyib. Elə srağügün neft həftəsi çərçivəsində Azərbaycanla Avropa Birliyi arasında danışıqların yüksək səviyyədə təşkili və hətta yeni müqavilənin bağlanması məsələsi geniş müzakirə olunmuşdu. Bu, o halda baş verir ki, Azərbaycan Avropa Parlamenti ilə bütün əlaqələrini dayandırıb. Onlar da çox yaxşı başa düşürlər ki, bu, pozulma Azərbaycanın yox, onların məsuliyyətsiz fəaliyyətinin nəticəsidir. Ona görə Avropa komissarları və Avropa Birliyinin nümayəndələri Azərbaycanla əlaqələri yüksək səviyyədə təşkil etmək niyyətindədirlər. Başqa yolları yoxdur. Çünki bu gün Azərbaycan Avropa üçün yalnız enerji mənbəyi deyil. Azərbaycan Avropanın təhlükəsizliyini, gələcəyini təmin edən və Mərkəzi Asiya ilə Çini birləşdirən ən mühüm həlqələrdən biridir. Ona görə bundan heç kim imtina edə bilməz. Avropa Parlamenti rüşvətxor deputatların əli ilə nə qədər çalışsa da, bu, alınmayacaq.

- Bəs Azərbaycanla Aİ arasında əməkdaşlığın daha da irəli aparması halında şimal qonşumuzun hərarəti qalxmayacaq ki?

- Şimal qonşu, görürsünüz, indi bir tərəfdən konfrans keçirir, digər tərəfdən isə dronlardan qorumağa çalışır. Biz heç kimlə əlaqələri pozmaq istəmirik. Əlaqələrimizi ən yüksək səviyyədə təşkil etmişik. Ancaq məsələ ondadır ki, onlar özləri bir qərara gəlməlidirlər: nə istəyirlər? Ən böyük problem də budur ki, özləri də nə istədiklərini bilmirlər. Bax, ən xatalı məsələ bundan ibarətdir.

Elşad Paşasoy,
Musavat.com

18fc5140-dd11-4ef5-8e2b-c0d476d397aa.jpg (283 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR