İnsanlara hürriyət, millətlərə istiqlal!

“Batka”nın Bakıda Qafqaz söhbəti - “kartlar” açılır...

4771 28.05.2024 10:30 Siyasət A A

Politoloq: “Moskva İrəvanın şıltaqlığına və şantajına daha dözümlülük göstərmək niyyətində deyil”

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinin “məsləhətləşmələr üçün” geri çağırılması ətrafında müəmma davam edir. Diplomat hələ də İrəvana qayıtmayıb.

Erməni politoloq Stepan Danielyana görə, Kopırkinin Moskvaya çağırılmasının səbəblərindən biri Belarus prezidenti Aleksandr Lukaşenkonun Qafqaz üçün maraqlı təklifi ilə bağlı bəyanatı ola bilər (Axar.az). Belə ki, Danielyan istisna etmir ki, səfirin Moskvaya çağırılması A.Lukaşenkonun Minskdə Vladimir Putinlə görüşdə səsləndirdiyi “mənim regionumuz və Qafqaz üçün çox maraqlı təkliflərim var ki, onları Azərbaycana səfərimiz zamanı ciddi müzakirə etdik” bəyanatı ilə bağlı ola bilər.

“Səfirin Moskvaya çağırılmasının gözlənilən olub-olmadığını dəqiq deyə bilmərəm, çünki pərdə arxasında bir çox proseslər gedir. Amma bu, artıq Əliyevlə görüşdə müzakirə etdiyi Qafqazla bağlı çox maraqlı təklifi olduğunu deyən Lukaşenkonun bəyanatı ilə bağlı ola bilər. Bu, təsadüfi bəyanat deyil, Ermənistanla bağlı siyasət dəyişir və hansısa qərar qəbul oluna bilər”, - deyə erməni politoloq qeyd edib.

Danielyanın fikrincə, əgər bu, hansısa şəkildə Rusiya səfirinin Moskvaya çağırılması ilə bağlıdırsa, o deməkdir ki, ciddi dəyişikliklər ola bilər: “Mümkün yeni inkişaflar Ermənistan-Rusiya münasibətləri ilə bağlı olacaq. Hadisələrin necə inkişaf edəcəyini deyə bilmərəm, lakin bu, onların Qafqazla bağlı siyasətinə aiddir, hansısa istiqamətdə ciddi qərarlar qəbul edilə bilər”.

Hansı qərarlar? Rusiya həqiqətən də Ermənistan siyasətini dəyişir? Hansı istiqamətdə? Başqa yandan, “Batka”nın Bakıda “Qafqaz söhbəti”nin qayəsi nə ola bilər? Lukaşenko nəyə işarə edir?

Əli Orucov: "Etik qaydaları pozan şəxslər öz tərbiyələrini göstərirlər"

Əli Orucov

AMİP liderinin köməkçisi, politoloq Əli Orucov “Yeni Müsavat”a bildirdi ki, Lukaşenkonun 16 mayda Azərbaycana rəsmi dövlət səfərini hər iki ölkə üçün məhsuldar və səmərəli hesab etmək olar: “Bu səfər çərçivəsində həm iqtisadi, həm ticari, həm siyasi və həm də humanitar sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsi, birgə istehsal sahələrinin yaradılması, Şərqi Zəngəzur və Qarabağ bölgələrinin bərpasında fəal iştirakla bağlı əldə edilən razılaşmalar mühüm əhəmiyyət kəsb edir. Maraq doğuran və diqqət çəkən məqamlardan biri də Lukaşenkonun mətbuat konfransında Azərbaycanın lider ölkə olaraq Qafqazdakı vəziyyətə görə məsuliyyət daşıması və nəzarətə götürməsi bəyanatı idi. Lukaşenkonun Prezident İlham Əliyevlə görüşü və Qarabağa səfəri Ermənistanda qıcıqla qarşılandı. Onsuz da Belarusa və prezident Lukaşenkoya qarşı Azərbaycanla olan dostluq əlaqələrinə və keçmiş Dağlıq Qarabağ problemi ilə bağlı bəzi fikirlərinə görə erməni cəmiyyətində qəzəb var. Bu qəzəb həmin vaxt Ermənistan mediasında da özünü açıq şəkildə büruzə verdi. Lukaşenko Azərbaycanın lider ölkə kimi Qafqaza cavabhehlik daşıdığı fikrini təsadüfən səsləndirməyib. Putinin yaxın dostu və müttəfiqi olan Lukaşenkonun bu bəyanatı Azərbaycanın Rusiya-Belarus üçün nə qədər vacib ölkə olduğunu bir daha təsdiqlədi. Bu həm də Azərbaycanın müttəfiqinə sadiqliyinə və regionda sülh, təhlükəsizlik istiqamətində yürütdüyü fəal siyasətə verilən qiymət idi. Moskva və müttəfiqi Minsk regionda Ermənistanın vasitəsilə kənar oyunçuların müdaxiləsini görür və buna qarşı sərt mövqelərini açıq şəkildə izah ediblər. Bu baxımdan rəsmi Bakının Rusiya-Belarus müttəfiqinin maraqları və baxışları üst-üstə düşür. Ermənistanda Rusiya ikili oyun sərgiləyir. Bir tərəfdən erməni kilsəsinin vasitəsilə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına, Paşinyanın yürütdüyü regional siyasətə qarşı gedir, çətinliklə gedən prosesə əngəllər törətməyə çalışır. Digər tərəfdən isə Ermənistan üzərindən tətbiq edilən sanksiyalardan yan keçməkdən aktiv surətdə yararlanır. Lukaşenkonun Minskdə Putinlə görüşündə səsləndirdiyi "mənim regionumuz və Qafqaz üçün çox maraqlı təklifim var və onları Azərbaycana səfərimiz zamanı ciddi müzakirə edəcəyik" kimi fikirlərindən belə anlaşılır ki, Rusiya Qafqazlarda yeni siyasət və yeni düzən qurur. Ermənistanla ənənəvi müttəfiqlik Moskvanın çətin vaxtlarda nəinki karına gəlmir, əksinə, əlavə problemlər yaradır. Ermənistan üzərindən Cənubi Qafqaza nəzarət etmək mümkün deyil. Bu siyasət sonunda iflasa uğrayır. Ermənistan Rusiya üçün həm iqtisadi, həm hərbi, həm də siyasi yükdür. Regionda fəal maraqların təmini üçün həm etibarlı müttəfiqə, həm də böyük nüfuz və təsir imkanları olan Azərbaycana ciddi ehtiyac var.

Azərbaycanın həm Gürcüstana, həm də Ermənistana effektiv təsir imkanları var. 44 günlük müharibədən sonra tarixi zəfər Azərbaycanı regional güc mərkəzinə çevirdi və yeni reallıqlar yaratdı. Siz təsəvvür edin ki, Fransa kimi dünya nəhəngi Azərbaycanı onun daxili işlərinə qarışmaqda ittiham etdi və Yeni Kaledoniyada vəziyyətin gərginləşməsində rəsmi Bakını suçladı. Doğrudur, bunlar rəsmi səviyyədə təkzib edildi. Bununla belə, bu bir ilkdir ki, qlobal siyasəti bəlirləməsində əsas paya sahib Fransa Azərbaycan qarşısında acizliyini nümayiş etdirdi. Demək, Azərbaycan kimi güclü dövləti qarşısında deyil, yanında görmək Moskva və Minskin arzusudur. Təbii ki, bu cür yanaşma İrəvanı hiddətləndirməyə bilməz. Paşinyan anlayır ki, onun Qərbin maşası funksiyasını yerinə yetirməsi, yaxud da Rusiyanı şantaj etməsi istəyi nəticə vermir və gedikcə daha da aqressivləşir. Hətta MDB-nin idman yarışlarını da iqnor edir. Rusiyanın öz səfirini İrəvandan məsləhətləşmək üçün geri çağırması diplomatik gedişdir və bu narazılığın diplomatik izahıdır. Beynəlxalq praktikada bir ölkənin diplomatının fəaliyyət göstərdiyi dövlətdən geri çağırması kəskin etiraz formasıdır və dövlətlər arasında münasibətlərin gərginləşməsindən xəbər verir. Rusiyanın Ermənistandakı səfirini məsləhətləşmələr üçün geri çağırmasının əsl səbəblərinin nədən ibarət olması barədə rəsmi geniş açıqlamalar verilməsə də, görünür, Moskva İrəvanın şıltaqlığına və şantajına daha dözüm göstərmək niyyətində deyil. Rusiyanın son dönəmlər Cənubi Qafqazda fəallaşmasını və ciddi müqavimət göstərdiyini Gürcüstanın simasında da görmək mümkündür. Ermənistanın Rusiyanın forpostundan çıxmaq cəhdləri mümkünsüzdür və Moskvadan kənar təhlükəsizlik çətiri tapa biləcəyi perspektivli deyil. Mən Cənubi Qafqazda vəziyyətin üzümüzə gələn aylarda daha qaynar olacağı qənaətindəyəm".

Azər Hüseynov: “Savadlı və hikmətli ruhanilər yetişməlidir”

Azər Hüseynov

AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov öncə Azərbaycanın yürütdüyü dövlət siyasətinə toxundu: “Rusiyanı digər dövlətlərdən fərqləndirən cəhət nə ABŞ-da var, nə Fransada, nə də digərlərində. Rusiya təmkinli, səbirli və uzaqvuran hədəflidir. Yıxıldığı zaman tez ruh düşkünlüyünə düşməz. Yüz illik plan qoyar qarşısına, yüz ilin tamamında reallaşdırar. Təbii ki, Allah izn verərsə. Yəni rus dövlət ağlı alqoritmləri liberalizmin yüksəlişindən sonra formalaşan dövlətlər kimi deyil. Qərbin dövlətlərinə "para babaları" və sənayeçilər yön verər. Rusiya isə siyasətinə diş qıcıyan para babalarını bir Kreml salonunda profilaktik söhbətdən sonra ya milli edər, ya da qapıdan geri dönüşsüz çıxarar. Bunu ən gözəl tutan Azərbaycanın dövlət ağlıdır. Ona görə Azərbaycan nə Zelenski, nə də Saakaşvili kimi davrandı. Azərbaycan da eyni üsulla səbr, təmkin, emosiya və Qərb təhriklərinə qapılmadan Rusiyanı özünə tərəfdaş etdi. Təbii ki, bu işlər Türkiyə ilə birgə edildi. Lukaşenko da sovet şinelindən çıxıb, Rusiyanın dövlət ağlını bilir. Onunla tərəfdaşdır. Bəzən Lukaşenko rus dövlətinin sanki sözçüsü olur. Ermənistanda durum necədir? Paşinyan bir Qərb layihəsidir. Birinci mərhələdə Qərbin dediklərini etdi. Amma ermənidir. Azərbaycanın gücünü bilir. Ona görə də Azərbaycanla qarşıdurmadan qaçır. Onunla birlikdə olan alen simonyanlar kimi tam qərbçi deyil. Bir azdan Paşinyan ətrafında balanslı adamların olmasını istəyəcək. Bu gün Rusiya ilə konfrontasiyaya Ermənistanı təhrik edənlər də onlardır. Mən populyar deyil, real analiz tərəfdarıyam. Hamı Baqratın Rusiya layihəsi olduğunu düşünür. Mən əksini düşünürəm. Baxın Zelenskiyə qədərki qərbyönümlülərə, xüsusən Poroşenko Rusiya ilə savaşa getmədi. Amma bu, Qərbə lazım idi. Ona görə ehtiyat layihəsi işə düşdü. Qafqazda Rusiyanın da özünə uyğun gördüyü bir geosiyasi format qurulur. Belə formatda Rusiya buradan hərbi yöndə çəkilsə də, prosesdə tərəfdaşdır. Azərbaycan-Türkiyə-İran-Rusiya dördbucaqlısında maraqlıdır. İndi səfirin geri çağırılması, Lukaşenkonun sözləri də buna işarədir. Bəlli güclər Azərbaycan-İran münasibətlərinin normallaşmasından, Türkiyə-Azərbaycan ittifaqının güclənməsindən, Azərbaycanın əsas oyunçu olaraq Rusiya ilə tərəfdaş olduğu formatdan narahatdırlar. Yeni təkliflər, zənnimcə, bunun qarşısının alınması ilə bağlıdır".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR