İnsanlara hürriyət, millətlərə istiqlal!

Başsağlığı böhranı

1465 20.06.2023 09:56 Yazarlar A A

“Adamyeyənin yediyi adamların adından danışmaq hüququ varmı?”

(Stanislav Yeji Lets)

Deyir xalqın banklara borcu 50 faizdən çox artmışdır. Bunun iqtisadiyyatımıza zərəri yoxdur, borclu borclunun sağlığını istər. Odur, korona vaxtı camaata çoxlu cərimə şəllədilər, millət oldu hökumətin qabağında minnətli. Həmin borcları vermədiyimiz üçün sərhədləri açmadılar, dedilər partlayın burada, sizə bu da azdır, haçan maska-muska cəriməsini ödəsəniz, qırağa çıxarsınız. İnsafən borclu adamın yoluxmaq ehtimalı artır.

Ümumiyyətlə, hansı tərəfdən baxsan hökumət xalqın uzun yaşaması üçün çalışır, xalqın sağlığını istəyir. Bunun, necə deyərlər, növbəti təzahürü keçən həftə Milli Məclisdə özünü göstərmişdi. Deputat Bəxtiyar müəllim ağlaşma qurmuşdu ki, “Azərbaycan” qəzetinin pulu artırılsın, yoxsa qəzet az qala bağlanmaq üzrədir. (Bəxtiyar müəllim həm də bu qəzetənin baş redaktorudur). “Azərbaycan” Milli Məclisin qəzetidir, qanunları, rəsmi görüşləri, çıxışları, mövqeləri dərc edir, xalqa çatdırır. Əgər çatdırmasa, xalq qanunsuzluğa yol verər, rəhbərliyin şəklini görməz, unudar. Rəhbərliyi unutmaq isə daha ağır qanunsuzluqdur.

Ancaq “Azərbaycan” qəzetinin maliyyə problemləri yaşamasının 2 mühüm səbəbi də vardır. Birincisi, meyvə-tərəvəz istehsalçıları modern yeşiklər düzəltdiriblər, daha öncəki çağlarda olduğu kimi, taxt yeşiyə bamadur-xiyarı yığmazdan qabaq altına qəzet sərməyə ehtiyac olmur. “Azərbaycan” həm bu, həm də tikintidə pəncərəyə yapışdırmaq istiqamətində əvəzsiz, oxunaqlı qəzetlərdən biri idi.

Qəzetin 2-ci maliyyə mənbəyi isə başsağlığı idi. Bunu vaxtilə baş redaktor Bəxtiyar müəllim şəxsən etiraf etmişdi. Deyirdi məmurlardan kimsə, ya da hansısa vəzifəli şəxsin qahımı rəhmətə gedəndə qəzet çoxlu başsağlığı dərc edir, bundan yaxşı pul qazanır.

Doğrudan da gəlirli sahə idi. Azərbaycanda 100-ə yaxın rayon var, deməli, 100-ə yaxın da icra başçımız, onların müavinləri vardır. Üstünə gəl rayon polis rəisləri, prokurorlar, hakimlər, JEK müdirləri, nə bilim, məktəb direktorları və sairə və ilaxır. Hələ nazirləri və onların bir sürü müavinlərini demirəm. Bu vəzifəli şəxslərin də saysız-hesabsız qahımları - ata, ana, qardaş, bacı, nənə, baba, dayı, əmi, xala, bibi, bacanaq, yeznə, kirvə, əmoğlu, xaloğlu, yengə, əmdostu, əmiqızı, dayoğlu, bibiqızı, dayıqızı... varmı? Var. Toplayanda əməllicə insan sürüsü alınır. Və orta statistik hesablamaya görə, hər gün bunlardan hansısa rəhmətə getməyə məcbur idi. Bu zaman dövlət qəzeti nə edirdi? Tutaq ki, Üstüaçıq rayon icra hakimi Güloğlan müəllimin xalası nəvəsinin kirvəsi Baloğlan müəllim ömrünün yerdə qalan hissəsini xalqımıza tapşırıb. “Azərbaycan” qəzeti yerdə qalan 99 rayon icra başçısı adından Güloğlan müəllimə xalası nəvəsinin kirvəsi Baloğlan müəllimin vaxtsız (lap 190 yaşında ölsün, başçının qahımı həmişə bivaxt ölür) vəfatı münasibətilə dərin hüznlə başsağlığı dərc edirdi. Toplu şəkildə yox ha, bircə-bircə! Mənim yadıma gəlir, 10-15 il qabaq “Azərbaycan” qəzetinin axırıncı səhifəsi başdan-ayağa bu cür başsağlığı ilə dolu olardı. Hər başsağlığı dərcini də minimum 50 manatdan hesabla. Gör hara çıxırdı.

İndi isə səhiyyə islahatları sayəsində məmurlar və onların qahımları ölmür. Ölən yoxsa, başsağlığı da yoxdur. Belə çıxır “Azərbaycan” qəzeti və şəxsən Bəxtiyar müəllim parlamento fəaliyyəti ilə səhiyyədə islahatlara çalışarkən oturduqları budağı mişarlayırmış. Ah-vay... Şair demiş, öz cəzandı çək, Balaş... Təklif edirəm hər gün kimsə ölsün, qəzet yaşasın. Yoxsa belə davam edə bilməz. Bizim maarifə ehtiyacımız var.

Borc mövzusunda bir maraqlı tema da var: Şahdağ turizm mərkəzinin borcu, zərəri 100 milyon manata çatıbmış. Ancaq bunu gələn dəfə yazarıq, indi yerimiz qalmadı. Turizmin də başsağlığına ehtiyacı var.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR