İnsanlara hürriyət, millətlərə istiqlal!

Baş nazir istefa verdi: Britaniyada hakimiyyət dəyişikliyinin ŞOK DETALLARI

874 23.06.2026 11:27 Siyasət A A

Xəbər verildiyi kimi, Böyük Britaniyanın baş naziri Kir Starmer istefa verib. Onun gedişindən sonra hökumət rəhbərliyinə Leyboristlər Partiyasının üzvü Endi Bernemin gətiriləcəyi gözlənilir.

"The Guardian"ın məlumatına görə, Bernemin baş nazir postunu qısa müddətdə tutması partiya daxilində rəqib namizədin çıxıb-çıxmamasından asılıdır. Namizədliklərin qəbulu iyulun 9-da başlayacaq və proses parlamentin iyulun 16-da planlaşdırılan yay tətilinə qədər yekunlaşdırılmalıdır. Partiyanın Milli İcraiyyə Komitəsi də bu ssenarini təsdiqləyir. Əgər Endi Bernemə qarşı rəqib olmazsa, o, iyulun 17-də rəsmi olaraq hökumətə rəhbərlik edə bilər. Əks halda, seçki prosesi parlament fasiləsi dövrünə qədər uzana bilər.

Bəs bu istefa Böyük Britaniyanın siyasi sistemində böhran siqnalıdır, yoxsa sadəcə planlı hakimiyyət transferi? Bu hadisəni Britaniyada yeni siyasi dövrün başlanğıcı kimi qiymətləndirmək olarmı?

Mövzu ilə bağlı Böyük Britaniyadan olan politoloq-jurnalist Neil Vatson Musavat.com-a danışıb.

VATSON.png (910 KB)

Politoloqun fikrincə, Kir Starmerin istefası Britaniya dövlətinin sistemli böhranının sübutu kimi deyil, fəaliyyət göstərən siyasi sistem daxilində siyasi liderlik böhranının əksi kimi qiymətləndirilməlidir:

"Parlament fəaliyyətini davam etdirir, dövlət qulluğu sistemi işləyir, maliyyə bazarları sabitdir və hakimiyyətin ötürülməsi ilə bağlı konstitusion mexanizm nəzərdə tutulduğu kimi fəaliyyət göstərir".

Bununla belə, Neil Vatson qeyd edib ki, konkret bir liderliyə inam itkisi baş verib:

"Starmer hakimiyyətə böyük parlament çoxluğu və sağçı mühafizəkar hökumətin hakimiyyəti dövründə yaşanan illərlə siyasi çalxantılardan sonra sabitliyi bərpa etmək mandatı ilə gəlmişdi. Lakin 2020-ci illərin ortalarında ölkəni idarə etmək seçkidə qalib gəlməkdən qat-qat çətin olduğunu göstərdi. Britaniya ictimaiyyəti yaşayış səviyyəsi, mənzil qiymətləri, ictimai xidmətlər, immiqrasiya, məhsuldarlığın artımı, COVID-19 pandemiyası və "Brexit"dən qaynaqlanan həll olunmamış iqtisadi yaralar, eləcə də milli kimlik məsələləri ilə bağlı narahatlığını davam etdirir. Bu təzyiqlər siyasi kapitalı bir çox müşahidəçilərin gözlədiyindən daha sürətlə aşındırıb. Endi Bernemin yüksəlişi daha geniş kontekstdə qiymətləndirilməlidir. Bernem mərkəz-sol Leyboristlər Partiyası daxilində fərqli siyasi yanaşmanı təmsil edir. Starmer Leyboristləri intizamlı, texnokratik və idarəedici qüvvə kimi təqdim etməyə çalışdığı halda Bernem nüfuzunun böyük hissəsini regional liderlik, sosial siyasət və Londondan kənarda yaşayan fəhlə və orta təbəqə seçiciləri ilə daha birbaşa əlaqələr üzərində qurub. Mən onunla bir neçə il əvvəl Leyboristlər Partiyasının konfransında görüşmüşdüm və onun sıravi seçicilərlə münasibəti heyrətamiz idi. Hazırda partiyanın mərkəz-sol siyasətin daha populist formasına doğru yönələ biləcəyinə dair əlamətlər var. Bu, radikalizm demək deyil. Əksinə, yaşayış xərcləri, mənzil problemi, regional bərabərsizlik, ictimai xidmətlər və iqtisadi təhlükəsizlik məsələlərinə daha güclü diqqət yetiriləcəyini göstərir. Bu, son yerli seçkilərdə leyboristlərin hesabına böyük uğur qazanan ultra-sağçı "Reform UK" partiyasının yüksəlişinə səbəb olan seçici narahatlıqlarına fərqli siyasi istiqamətdən cavab vermək cəhdi olacaq".

Politoloq vurğulayıb ki, bunun yeni siyasi dövrün başlanğıcı olub-olmayacağı üç amildən asılıdır:

"Birincisi, Mühafizəkarlar Partiyasının gələcəyidir. Britaniya siyasəti ənənəvi olaraq leyboristlər və mühafizəkarlar arasında rəqabət üzərində qurulub. Əgər mühafizəkarlar öz mövqelərini bərpa edə bilməsələr, Böyük Britaniya daha parçalanmış siyasi mənzərəyə doğru hərəkət edə bilər və bu halda ultra-sağçı "Reform UK" daimi milli siyasi gücə çevrilərək ənənəvi siyasətə təsir göstərə bilər. İkincisi, ictimai narazılığın davamlılığıdır. Qərb dünyasının böyük hissəsində seçicilər ənənəvi partiyalara getdikcə daha az sadiq qalır və siyasi seçimlərini dəyişməyə daha meyilli olurlar. Böyük Britaniya da bu tendensiyadan kənarda deyil. Sabit seçki koalisiyaları dövrü sona yaxınlaşa bilər.

Üçüncüsü isə iqtisadi mühitdir. Nəticə etibarilə siyasi narrativlərin uğuru və ya uğursuzluğu iqtisadi nəticələrdən asılıdır. Əgər yaşayış səviyyəsi yaxşılaşarsa, leyboristlərin yeni rəhbərliyi sistemi sabitləşdirə bilər. Əgər iqtisadi təzyiqlər davam edərsə, təkcə lider dəyişikliyi ictimai etimadı bərpa etməyə yetməyə bilər və ekstremist siyasət daha geniş yayıla bilər. Beynəlxalq baxımdan müttəfiqlərin bu keçidi böyük geosiyasi sarsıntı kimi qiymətləndirəcəyi ehtimal olunmur. Britaniyanın xarici siyasəti hökumətlər dəyişsə də, yüksək səviyyədə davamlılıq nümayiş etdirir. NATO-ya, Ukraynaya, transatlantik əməkdaşlığa və Böyük Britaniyanın daha geniş təhlükəsizlik öhdəliklərinə dəstəyin Bernemin baş nazirliyi dövründə ciddi şəkildə dəyişməsi gözlənilmir. Daha mühüm nəticələr isə böyük ehtimalla ölkədaxili müstəvidə özünü göstərəcək. Bu, "Brexit"dən sonrakı siyasətin bir mərhələsindən digər mərhələsinə keçiddir. Bununla belə, əgər bu hadisə son illərdə Britaniya siyasətində üstünlük təşkil edən texnokratik və idarəedici üslubun sonunu və daha rəqabətli, daha parçalanmış və emosional faktorların daha çox rol oynadığı yeni siyasi dövrün başlanğıcını simvolizə edərsə, tarixdə mühüm dönüş nöqtəsi kimi yadda qala bilər".

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR