İnsanlara hürriyət, millətlərə istiqlal!

Baramamızı “qurd yeyir”- böhranın səbəbləri

966 06.12.2023 08:00 İqtisadiyyat A A

İstehsal artmırsa...

Dövlətə məxsus əksər müəssisələr kimi, “Azəripək” MMC də zərərdən çıxa bilmir. Müəssisə 2022-ci ili 203 min manat xalis zərərlə başa vurub. 2021-ci ildə zərər bir qədər az - 194 min manat olmuşdu. Beləliklə, “Azəripək” şirkətinin xalis zərəri 2022-ci ildə 2021-ci illə müqayisədə 4,1 faiz artıb.

MMC-nin hesabatından aydın olur ki, satışdan gəliri 2021-ci ildəki 7 milyon 714 min manatdan 2022-ci ildə 4 milyon 42 min manata düşüb. Bu isə 3 milyon 672 min manat və ya 47,6 faiz azalma deməkdir. 

“Azəripək” MMC-nin satışın maya dəyəri və inzibati xərcləri gəlirlərini üstələdiyindən zərərlə fəaliyyət göstərməkdədir. Müəssisənin əsas fəaliyyət istiqamətləri fermerlərdən baramanın yığılması, ipək və ipək məhsullarının emalı, istehsalı və satışıdır. Şirkət dövlətə məxsus “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin tərkibində fəaliyyət göstərir.

MMC-nin hesabatında qeyd edilib ki, dünya bazarında ipəyin qiyməti 2022-ci il ərzində bir ton üçün 70.2 ABŞ dollarından 61.1 ABŞ dollarına qədər azalıb. 

“Azəripək” MMC bu il ixracı xeyli artırıb. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına görə, bu ilin yanvar-oktyabrında “Azəripək” 1,8 milyon dollarlıq məhsul ixrac edib. Ötən ilin eyni dövründə ixracın həcmi 1,3 milyon dollar təşkil etmişdi. Bu isə o deməkdir ki, ixrac həcmi ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə 0,5 milyon dollar və ya 38,5 faiz çoxdur.

Müəssisədən rəsmi mətbuata verilən məlumata görə, 2023-cü ilin yanvar-sentyabr ayları ərzində MMC-də 24,7 ton yüksək keyfiyyətli xam ipək istehsal olunub. Doqquz ayda müəssisə tərəfindən daxili və xarici bazarlara 3 milyon 150 min manat dəyərində ipəkçilik məhsullarının satışı həyata keçirilib. O cümlədən daxili bazara 946 min manatlıq, xarici bazarlara isə 2 milyon 204 min manatlıq ipəkçilik məhsulları göndərilib. Müəssisənin məhsulları əsasən İran, Rusiya və Türkiyəyə ixrac edilib.

MMC-nin rəhbəri Səməd Nəbiyevin dediyinə görə, müəssisənin fəaliyyəti ilk növbədə, zəruri xammal bazasından asılıdır. 2023-cü ildə müəssisəyə ölkənin 34 rayonundan 250 tona yaxın yaş barama daxil olub. Birnövbəli iş rejimində işləmək üçün isə müəssisəyə ildə ən azı 350 ton yaş barama lazımdır. Mövcud xammal ehtiyatı ilə müəssisənin baramaaçan istehsalatı yalnız gələn il fevralın sonunadək fəaliyyət göstərəcək. Ona görə də barama istehsalının artırılması qarşıda duran ən vacib şərtlərdən biridir. Müəssisədə üçnövbəli iş rejimində fəaliyyət göstərmək üçün hər cür şərait var. Bunun üçün isə ildə 1000 tonadək yaş barama lazımdır: “Müəssisənin gəlirlə işləməsi üçün yalnız ipək istehsalı ilə məşğul olmaq maliyyə baxımından sərfəli deyil. Çünki ipək parça gündəlik tələbat malı deyil və satışı da bir qədər çətindir. Daxili bazarda əsasən ipək kəlağayı satılır. İpək parça və xam ipək əsasən İrana, az miqdarda da Rusiya və Türkiyə şirkətlərinə göndərilir. Ona görə də gələcəkdə daha çox tələbat olan pambıq və süni saplardan toxunan, həmçinin pambıqla süni sapların qarışığı olan parçaların istehsalına başlamağı düşünürük. Vaxtilə burada pambıq parçaların toxunuşu ilə məşğul olan sex fəaliyyət göstərib. Həmin avadanlıqlar artıq köhnəlib, məhsuldarlığı azalıb, əksəriyyəti işlək vəziyyətdə deyil. Bu avadanlıqlar ya təmir olunmalıdır, ya da yeni, müasir avadanlıq alınmalıdır”.

Azəripək” MMC-yə 451,62 ton yaş barama təhvil verilib - "İki sahil"

Səməd Nəbiyev deyib ki, ümumiyyətlə, tekstil istehsalatı rentabelli olmaq üçün üçnövbəli iş rejimində 24 saat işləməlidir. Çünki pambıq və süni parçaların istehsalında rəqabət böyük, gəlir faizi isə çox azdır. Ona görə də kütləvi istehsal daha məqsədəuyğundur.

2023-cü ilin 9 ayı ərzində “Azəripək” MMC-nin ayrı-ayrı istehsalatlarında 223 min kvadratmetr xam ipək parça toxunub, 6761 ədəd müxtəlif ölçülü güllü kəlağayı, 1626 ədəd güllü şərf, 724 ədəd güllü çitmə, 11 min 956 ədəd müxtəlif ölçülü bişmiş kəlağayı, 6791 kiloqram ağ və 382 kiloqram qara vata, 2129 kiloqram ilməlik sap və digər məhsullar istehsal edilib. Həmin müddətdə 6 ədəd ipək xalça toxunub.

Rəsmi məlumata görə, bu il Azərbaycanın 41 rayonu üzrə kümçülər tərəfindən tədarük məntəqələrinə 357 ton yaş barama təhvil verilib. Ən çox yaş barama Zərdab rayonunda tədarük olunub. Yerli kümçülər 2023-cü il mövsümündə 52,865 ton yaş barama təhvil veriblər. Ağcabədi (34,336 ton), Zaqatala (28,907 ton), Balakən (28,151 ton), Bərdə (21,117 ton), Tərtər (14,747 ton), Şəki (13,737 ton), Qax (12,385 ton), Füzuli (10,416 ton), Lənkəran (9,896 ton), Sabirabad (9,744 ton), Yevlax (9.583 ton) və Ağdam (9,210 ton) ən çox yaş barama tədarük edən rayonlardır.

Qeyd edək ki, kümçülərlə imzalanan müqaviləyə əsasən, istehsal olunmuş yaş barama müvafiq qurum tərəfindən 5 manata təhvil alınır, dövlət isə istehsal olunan hər kiloqram yaş baramaya görə kümçülərə 6 manat subsidiya ödəyir.

“Azəripək” rəhbərinin dediyindən belə məlum  olur ki, müəssisənin rentabelli işləməsi üçün yetərincə xammal yoxdur. Bu il istehsal olunan 357 ton baramanın 102 tonunu Özbəkistanla birgə yaradılan “AzSilk” MMC  alıb. Bu müəssisə ipək istehsalının bütün mərhələlərini əhatə edən klaster yaradır. Açıqlanan rəsmi məlumata görə, “Azsilk” MMC birgə müəssisəsi Azərbaycanda baramaçılığın və ipəkçiliyin inkişaf etdirilməsi, yeni texnologiya və qabaqcıl təcrübələrin tətbiqi, ipək məhsullarının ixracının artırılması məqsədilə iki dövlət arasında yaradılıb. Ölkədə baramaçılıqla məşğul olan 40 rayondan 7-si pilot layihə olaraq “Azsilk” MMC-yə verilib. Fermerlərdən baramanı alan MMC Bərdədə fəaliyyət göstərir. Bunun üçün Bərdədə yerləşən “Bərdə barama qurutma məntəqəsi” indi “Azsilk” adı ilə fəaliyyət göstərir.

Azəripək

Şirkətin rəhbəri Fazil Hümmətovun sözlərinə görə, ümumilikdə “AzSilk”in yeddi rayon üzrə 915 kümçüsü var. Bu 7 rayon üzrə 22 inkubasiya məntəqəsi qurulub və onlara hər vasitə ilə dəstək göstərilir: “Yəni bizim bu gün 915 kümçü ailəmiz lazım olan hər şeylə təmin olunur. Bütün proses boyu aqronomlar onlara vaxtı vaxtında nəzarət ediblər. Biz məhsul yetişənə qədər olan prosesdə 52 nəfər əməyi qarşılıqlı ödənməklə mövsümü işçi götürmüşdük. Onlar da aqronom olaraq barama yığımında kimçülərimizə yaxından dəstək oldular”.

Artıq məntəqə üçün avadanlıqlar alınıb və yaxın vaxtlarda istehsal başlayacaq: “Bütün barama məhsulları "Made in Azerbaijan" brendi altında xaricə ixrac ediləcək".

İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Yevlax Pilot Aqroparkında “AzSilk”in tərkibinə daxil olan “Azting” MMC tərəfindən baramaçıları tut tingləri ilə təmin edən təsərrüfat yaradır. Azərbaycan-Özbəkistan birgə investisiya layihəsi çərçivəsində tingçilik təsərrüfatı aqroparkın 20 hektar ərazisində yaradılır. Təsərrüfatda Özbəkistandan gətirilən toxumlardan tut tingləri yetişdirilib, 7 rayondakı kümçülərə veriləcək. 

Beləliklə, iki müəssisənin tam xammalla təchizatı üçün Azərbaycanda illik barama istehsalı 1200-1300 tondan aşağı olmamalıdır. Lakin hazırda bu həcmin 30-35 faizi ancaq istehsal olunur. 

2017-ci ildə Prezident İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı” təsdiqlənib. Dövlət Proqramının icrası nəticəsində Azərbaycanda 2025-ci ilədək yaş barama istehsalı həcminin 6 min tona çatdırılması nəzərdə tutulurdu. Lakin indiki göstəricilərdən çıxış etsək, görərik ki, bu hədəfə çatılması real deyil.

Maraqlıdır ki, 2016-cı ildə Azərbaycanda 70,7 ton, 2017-ci ildə 245 ton, 2018-ci ildə 514 ton, 2019-cu ildə 641 ton yaş barama məhsulu istehsal edilib. Lakin 2020-ci ildə koronavirus pandemiyasının yaratdığı fəaliyyət məhdudiyyətləri üzündən barama istehsalında azalma qeydə alınıb. Həmin il ölkədə 446,6 ton barama (azalma 30,6 faiz) istehsal edilib. 2021-ci ildə barama istehsalı yenidən 11,4 faiz artaraq 497,4 ton, 2022-ci ildə 31,4 faiz azalaraq 341,4 ton təşkil edib.

Ümumilikdə fermer təhvil verdiyi hər kiloqram yaş baramanın əvəzində 11 manat alır. İpəkqurdunu dövlətdən pulsuz alan kəndli 40 gündən sonra təhvil verdiyi 1 ton baramadan 11 min manat gəlir əldə edə bilir. Bu, kifayət qədər yüksək gəlirlilik deməkdir. Belə olan halda, barama istehsalı niyə azalır? Əhali maraq göstərmir, yoxsa başqa səbəblər var? Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, hər il barama yetişdirmək üçün qurd sifarişinin həcmi azalır. Belə ki, 2019-cu ildə barama yetişdirmək istəyənlərə 20 min qutu, 2021-ci ildə 14700 qutu, 2022-ci ildə 11 130 qutu, bu il isə 11 min qutu barama qurdu verilib. Aydın görünür ki, kəndli-fermerlərin bu sahəyə diqqətini artırmaq, barama istehsalına stimullaşdırmaq üçün yeni metodlara, yeni alətlərə ehtiyac var. Ümid edək ki, “AzSilk” bu sahədə ciddi dönüşə nail ola biləcək...

Dünya SAKİT,

“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR