Azərbaycanda banklar üçün rəqəmsal fırıldaqçılığa qarşı yeni monitorinq standartları hazırlanır.
Bu barədə Azərbaycan Mərkəzi Bankının ödəniş sistemləri və məhsulların inkişafı üzrə mütəxəssisi Elvin Cuvarov Bakıda keçirilən IX Beynəlxalq Bank Forumunda açıqlama verib.
Onun sözlərinə görə, ən çətin aşkarlanan fırıldaqçılıq növlərindən biri müştərinin mobil tətbiqinə və ya elektron pul kisəsinə öz siması, barmaq izi və ya şifrə ilə daxil olub, üçüncü şəxsin göstərişlərinə uyğun olaraq əməliyyatı özü icra etməsidir. O qeyd edib ki, hazırlanacaq yeni monitorinq standartları bir sıra əsas istiqamətləri əhatə edəcək:
“Bunlara müştərinin tipik davranış modelinin analizi, cihazın identifikasiyası və unikal cihaz ID-lərinin müəyyənləşdirilməsi daxildir. Cihazda kompromis risklərinin və zərərli proqram təminatının aşkarlanması, kart, mobil və onlayn bankçılıqda geolokasiya analizlərinin aparılması da yeni mexanizmlərin tərkib hissəsi olacaq. Əməliyyat tezliyində anomaliyaların müəyyənləşdirilməsi, IP və interfeys analizləri, eləcə də “blacklist/whitelist” (qara və ağ siyahı) mexanizmlərinin tətbiqi də standartlara daxil ediləcək”.
E.Cuvarov vurğulayıb ki, bu mexanizmlər ən yaxşı beynəlxalq təcrübələrə uyğun olaraq hazırlanır və bankların fırıldaqçılıqları daha çevik şəkildə aşkar etməsinə imkan verəcək.
Onun sözlərinə görə, yeni monitorinq sistemləri həm müştəri təhlükəsizliyini artıracaq, həm də real vaxtda risk analizi aparmağa şərait yaradacaq ki, bu da rəqəmsal fırıldaqçılıqla mübarizədə mühüm addım hesab olunur. (report)

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Abbasov Musavat.com-a şərhində bildirib ki, Azərbaycan Mərkəzi Bankının rəqəmsal fırıldaqçılıqla mübarizə məqsədilə mərkəzləşdirilmiş sistem yaratmaq təşəbbüsü maliyyə təhlükəsizliyi baxımından vacib addımdır:
“Banklar, ödəniş təşkilatları və hüquq-mühafizə orqanları arasında məlumat mübadiləsinin avtomatlaşdırılması rəqəmsal fırıldaqçılıq hallarının daha operativ aşkarlanmasına imkan verəcək. Bu platforma şikayət məlumatlarının gecikmə və ya itmə ehtimalını azaldacaq, həmçinin risklərin düzgün qiymətləndirilməsi üçün real vaxtda məlumat axınını təmin edəcək. Eyni zamanda fırıldaqçılıqla bağlı vahid məlumat bazası formalaşdığı üçün statistika daha dəqiq olacaq və sektor üzrə tendensiyalar daha aydın görünəcək. Bu mexanizmin tətbiqi həm bank sektorunun, həm də hüquq-mühafizə orqanlarının işini yüngülləşdirəcək. Lakin sistemin effektiv nəticə verməsi üçün texniki inteqrasiya, məlumatların məxfiliyinin qorunması, vahid standartların müəyyənləşdirilməsi və bütün iştirakçı qurumların eyni prinsiplərlə işləməsi əsas şərtlərdir.
Bu tələblər tam şəkildə reallaşsa, yeni platforma rəqəmsal fırıldaqçılığa qarşı mübarizədə ciddi dönüş yaratmaq gücünə malik olacaq və ölkənin maliyyə təhlükəsizliyi daha dayanıqlı olacaq”.
Nigar HƏSƏNLİ,
Musavat.com






