İnsanlara hürriyət, millətlərə istiqlal!

Balıqçılıq təhlükədə, içməli su qıtlığı da yarana bilər - Professordan SOS

801 12.03.2022 10:30 Gündəm A A

Bioloq: “Azərbaycanda 30% ərazi deqradasiyaya uğrayıb, şoranlaşıb...”

Baş nazir Əli Əsədov “Kür çayının aşağı axarında suyun axınının tənzimlənməsi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.

Sərəncamda qeyd edilib ki, “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15 aprel tarixli Sərəncamı ilə müvafiq Komissiya yaradılıb və su ehtiyatlarından içməli su təchizatı, suvarma və energetika məqsədləri baxımından planlı, koordinasiyalı və optimal istifadə istiqamətində görülən tədbirlər sayəsində Kür çayı üzərində yerləşən və ölkənin ən iri su anbarı olan Mingəçevir su anbarına əvvəlki illərlə müqayisədə daxil olan suyun həcminin azalmasına baxmayaraq, anbarda yığılmış suyun həcminin təxminən 1 milyard kubmetr həcmində artırılmasına nail olunsa da, son illərdə dünyada, o cümlədən məhdud şirin su ehtiyatlarına malik Azərbaycan Respublikasında müşahidə edilən iqlim dəyişiklikləri ilə əlaqədar Mingəçevir su anbarında tələb olunan su həcminin toplanması mümkün olmayıb.

Bildirilib ki, azsululuq dövründə Kür çayının aşağı axarında suyun azalması və 50 kilometrlik mənsəb hissəsində Xəzər dənizinin suyunun çayın suyuna qarışması nəticəsində suyun duzlaşma dərəcəsinin artması baş verir ki, bu da həmin ərazidə məskunlaşmış əhalinin fasiləsiz içməli su və əkin sahələrinin suvarma suyu ilə təminatında ciddi çətinliklər yaradır.

Sərəncama əsasən, Kür çayının aşağı axarında azsululuq dövründə suqəbuledici qurğuların fəaliyyətində yaranan problemlərin və çayın mənsəb hissəsində müşahidə edilən suyun duzlaşma dərəcəsinin artmasının qarşısının alınması məqsədilə:

- “Azmelsutəsərrüfat” Açıq Səhmdar Cəmiyyətinə tapşırılıb ki, texniki-iqtisadi əsaslandırma və layihə-smeta sənədləri hazırlanmaqla Kür çayının aşağı axarındakı suqebuledici qurğuların normal istismarı üçün suyun səviyyəsinin tənzimlənməsi və mənsəb hissəsində suyun duzlaşma dərəcəsinin artmasının qarşısının alınması ilə bağlı təxirə salınmadan müvafiq tədbirlərin görülməsini təmin etsin.

İqtisadiyyat Nazirliyinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Fövqəladə Hallar Nazirliyinə və Neftçala Rayon İcra Hakimiyyətinə tapşırılıb ki, öz səlahiyyətləri çərçivəsində bu Sərəncamda qeyd olunan işlərin həyata keçirilməsinə zəruri köməklik göstərsinlər.

Komissiyaya tapşırılıb ki, bu Sərəncamda qeyd olunan işlərin həyata keçirilməsini təmin etmək məqsədilə zəruri əlaqələndirmə və maliyyələşmə məsələlərini həll etsin.

Bəs bu tədbirlər yetərli olacaqmı? Kür çayında suyun səviyyəsinin aşağı düşməsində insan amili daha çox rol oynayır, yoxsa bu, təbii prosesdir?

Rauf Sultanov: “Sərsəng su anbarı Azərbaycanın ən böyük problemlərindən  birinə çevrilib” – AZƏRBAYCANDA VƏTƏNDAŞ CƏMİYYƏTİNİN İNKİŞAFINA YARDIM  ASSOSİASİYASI

Rauf Sultanov

“Yeni Müsavat” qəzetinin əməkdaşı mövzu ilə bağlı Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru, biologiya elmləri doktoru Rauf Sultanovla söhbətləşib:

- Rauf bəy, ötən ildən başlayaraq Kür çayında suyun səviyyəsi gözlə görünəcək səviyyədə aşağı düşüb. Çayboyu bəzi ərazilərdə kiçik adacıqlar da yaranıb. Sizcə, vəziyyətin bu həddə çatmasının əsas səbəbi nədir?

- Əsas səbəb yağıntının azalmasıdır. Son 40-50 ildə ilk dəfə fevral ayı olduqda isti keçdi. Yağışların miqdarı əvvəlki illərlə müqayisədə az oldu. Bununla əlaqədar olaraq Kür çayında suyun səviyyəsi bir qədər də aşağı düşdü. Bunun səbəbi təkcə, təbii iqlim şəraiti deyil. Kürün mənbəyi Türkiyədədir. Çayın 200 kilometri Türkiyə, 400 kilometri Gürcüstan, 800 kilometri isə Azərbaycan ərazisindən keçir. Kürün Xəzər dənizinə axan hissəsində su azalır. Bu zaman dənizin şor suyu Kür çayına doğru hərəkət edir. Kür çayının suyunu mütəmadi olaraq kənd təsərrüfatında və içməli su kimi istifadə etmək üçün müəyyən tədbirlər görülməlidir. Su anbarları, su elektrik stansiyaları tikilib, lakin bu, kifayət deyil.

- Dediniz ki, dənizin şor suyu Kür çayına doğru hərəkət edir. Bunun hansı fəsadları ola bilər?

- Balıqlar kürünü axar hissədə tökürlər. Kürünün xarici qatı nazikdir, Xəzər suyuna töküləndə məhv olur. Şor suyun Kürə doğru axması kürütökmə prosesinə, yəni balıqların çoxalmasına olduqca mənfi təsir göstərir.

- Kür çayında suyun azalması prosesi ötən ildən başlayıb. Demək olarmı ki, belə davam etsə, ölkədə balıq qıtlığı yaranacaq?

- Qafqazın iki böyük çayı var: Volqa və Kür. Balıqçılığın inkişaf etdirilməsində hər iki çayın əhəmiyyəti böyükdür. Kürün Xəzərə tökülən hissəsi 5-6 kilometrdir. Yəni balıqların kürü tökməsi üçün əlverişli şərait var. Həmin hissənin şoranlaşması balıqların çoxalmasında ciddi neqativ təsirə malikdir. Digər amil suyun tərkibində olan duzun torpağa çökməsidir.

- Necə hesab edirsiniz, tədbirlər nə zaman görülməyə başlamalı idi?

- Söhbət sərəncamdan gedirsə, bu, çox gecikmiş tədbirdir. Xəzər dənizinin səviyyəsi bəzən bir neçə metr qalxır, yaxud enir. Kürün axan hissəsinə təsir edən amillərdən biri də budur. Təbii proses olsa da, müəyyən dərəcədə vaxtında nizamlamağa ehtiyac var idi. Lakin SSRİ dövründə hökumətə neft və qaz lazım idi. Sərəncam 40-50 il öncə verilsə idi, bəlkə də bu gün belə vəziyyət yaranmazdı. 30 ildən çoxdur müstəqilik. Artıq bu istiqamətdə ciddi addımların atılmasına ehtiyac var.

- Görülən tədbirlər yetərli olacaqmı?

- Ümumiyyətlə, bu kimi tədbirlər rentabelli deyil. Xərclənən vəsaitin qarşılığında gəlir olmur. Hazırda Azərbaycanın iqtisadi imkanları genişdir. İstənilən halda görülən tədbirlər təqdirəlayiqdir.

- Ümumiləşdirsək, Kür çayında suyun səviyyəsinin aşağı düşməsi kənar təsirlərlə daha çox bağlıdır, ya təbii amillərlə?

- Birmənalı şəkildə təbii prosesdir. Son 40-50 ildə Azərbaycanın iqlim şəraiti dəyişib. Əvvəlki illərdə şimal-şərq bölgəsində ildə 6-7 ay qar örtüyü olardı. Lakin indi yağıntı çox azdır. Yağıntının çox olması çaylarda suyun səviyyəsinə birbaşa təsir edən amildir. Bir məqamı da diqqətə çatdırmaq istəyirəm. Gürcüstanda əhalinin sayı 10-15 milyon olsa, Kürün suyundan daha çox istifadə edilər. Üstəlik, Azərbaycanla müqayisədə kənd təsərrüfatı o qədər də inkişaf etməyib. Dolayısı ilə Gürcüstanda suya tələbat azdır.

- Mütəxəssis kimi necə düşünürsünüz, gələcəkdə suya tələbat artarsa, bu tələbatı necə qarşılamaq olar?

- Su anbarları tikilməlidir. Yeri gəlmişkən, Türkiyədə gələcəkdə su qıtlığının qarşısını almaq üçün su anbarı tikmək istəyirdilər. Gürcüstan regionla bağlı konvensiyaları əsas gətirərək bunun qarşısını aldı. Azərbaycanda təxminən 8 min çay var. Bunların cəmi 24-ü 100 kilometrdən uzun və bolsuludur. İşğaldan azad edilmiş ərazilərdə, xüsusilə Kəlbəcərdə yeni su anbarları tikiləcək. Ermənistanda bununla bağlı etirazlar var. Lənkəran subtropik bölgədir, yağan yağışın miqdarı buxarlanan suyun miqdarından qat-qat çoxdur. Bu amil torpağa da təsir edir. Azərbaycanda 30% ərazi deqradasiyaya uğrayıb, şoranlaşıb. Bu da öz növbəsində əkinçiliyə mənfi təsir göstərir. Su anbarları kifayət qədər olsa, kənd təsərrüfatını inkişaf etdirmək olar.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR