İnsanlara hürriyət, millətlərə istiqlal!

Balıqçılıq mədəniyyətihaqda

1226 20.10.2023 11:50 Yazarlar A A

“Məni sana asarlar, götürməgil, ağac!”

(“Dədə Qorqud dastanı”)

Rayonlardan birində müəllim, ya da məktəb direktoru - dəqiq xatırlamıram - şagirdləri yığıb aparıb çölün ortasındakı “Dilək ağacını” ziyarətə. Ağacın başına fırlanıblar, budağına cırıq parçalar bağlayıblar, pis oxuyan uşaqları dibində kəsiblər (axırıncını zarafat üçün yazdım, ancaq doğrusunu Allah bilər).

Sonra ziyarətdən fotolar sosial şəbəkədə paylaşılıb. İndi yerli təhsil şöbəsi həmin müəllim-direktora töhmət vermişdir. Guya pis iş görübdür.

Mən bu töhmətə etiraz edirəm. Birincisi, hamımız pirlərə, ocaqlara inanırıq, nəzir veririk. İstənilən kəndə, qəsəbəyə, şəhərə get, bir məhəlləyə, küçəyə gir və orda yaşayan hansısa alimin, müəllimin, nə bilim, bəd ayaqda şair-yazıçıdan-zaddan birisinin evinin adresini soruş. Üç adam tanısa, bu yazını cıraram. Ancaq eyni məkanda hansısa falçı, çöpçü, molla yaşasın, onun adresini taksi sürənlərdən fırtıqlı uşaqlara, qız-gəlindən yolunu azmış hippilərə, canım sənə desin, xarici turistlərdən diplomatik korpusa qədər hər kəs biləcəkdir. Mən bunu zarafat üçün yazmıram, mənim, ümumiyyətlə, zarafatdan xoşum gəlmir. Son 20 ildə 3 dəfə yaşayış yerimi dəyişmişəm və onlardan birincisində “Görücü Faiqin qonşusu” idim. İkincisində “Falçı Cahangirlə bir blokda” qalırdım. Hazırda da “Seyidin evi olan küçənin tinindən dönürsən, qabağa gedirsən” adlı ünvanda yaşayıram. Bizim milli “quql-maps”ımız, taksilər üçün ünvanımız, qahım-əqraba üçün “konum atmamız” hamısı seyidlər və falçılar, pirlər və ocaqlar üzrədir. Necə deyirlər? Fala inanma, faldan da qalma. Nə gözəl riyakarlıq düsturudur. Bunu düşünənə halal olsun.

Yəni müəllim şagirdləri gələcək həyata uyğun tərbiyə edirsə, onları cəhalətə hazırlayırsa, buna töhmət yox, bəlkə medal düşürdü.

İkincisi, ekoloji baxımdan da ağacın başına fırlanmaq, ondan nəsə diləmək müsbət hadisədir. Ağac təbiətin bizə verdiyi misilsiz gözəllikdir, ona təkcə karbon, oksigen, su-filanın sintezi kimi baxmıram. Elə ağaclar var, onların planetimizə, yurdumuza, kənd-şəhərimizə verdiyi xeyir, fayda hansısa mənasız tipin xeyrindən min dəfə çoxdur. Lakin görürsən ağacları kəsirlər, doğrayırlar, dibinə kimyəvi maddə töküb qurudurlar. Belələrinə nifrət edirəm. Nahaq yerə deyil ki, bir çox xalqların folklorunda insanın bu dünyadakı əsas məqsədi “Ağac əkmək, ev tikmək, uşaq böyütmək” formulasıyla göstərilir.

Şair demişkən, vətən mənə oğul desə nə dərdim, mamır olub qayasında bitərdim! Düzdür, mamır bəlkə ağac deyildir, lakin mövzumuz bu gün başqadır. 

Mövzu isə budur ki, keçmiş mədəniyyət nazirimiz Əbülfəs müəllimin hazırda Moskvada balıq alveri ilə məşğul olduğu söylənilir. Yenə şair demişkən, Əbülfəs müəllim, adına qurban... Nəsə, o şeirin də çox qəmli taleyi olmuşdu, şairi nazirlikdən çıxartmışdılar. Bizdə insanların qədir-qiyməti haçan bilinib ki? Yalnız öləndən sonra.

Görəsən, Əbülfəs müəllim mədəniyyət nazirimiz işlədiyi müddətdə Moskva bazarlarında neçə ton balıq sata bilərdi? Neftçala, Salyan, Şabran, Nardaran balıqçıları bəlkə də böyük bir istedadı itirmişdilər. Adam iqtisadiyyatımızı dirçəltməli, xaricə kilkə, syomqa, şanı, kambala, akula, delfin, balina qabırğası, ziyad, osetrin, qızıl balıq kimi milli dəniz məhsullarımızı vurmalıykən, Mədəniyyət Nazirliyində oturub səfeh manısların, qoca artistlərin, işsiz rəssamların, disşiz aktrisaların dərd-sərini dinləməyə məcbur idi. “Çeryomışka bazarına neçə kilo kefal lazımdır”, “Danilovsk bazarında diri sudak qalıbmı” tipli siyahılar tutmaq əvəzinə diri xalq artistlərinin, ölmüş xalq şairlərinin arvad-uşağının siyahısını tuturdu.

Atalar yaxşı deyibdir, balığı ver balıqçıya, lap ayağını islat.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR