İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıya Parisi “partladan” daha bir səfər

710 31.05.2024 10:30 Siyasət A A

Fransa-Azərbaycan münasibətləri daha da gərginləşəcək

Fransız Polineziyası (Ma’ohi Nui - yerli dildə) parlamentinin komissiya rəhbərləri və katiblərinin, habelə ölkənin hakim “Tavını” partiyasının rəhbər heyətinin mayın 29-da Azərbaycana səfəri başlayıb.

Dördgünlük səfərin məqsədi Azərbaycan və Fransız Polineziyası arasında parlamentlərarası, iqtisadi, humanitar, habelə elm, təhsil, idman, səhiyyə və digər sahələrdə əməkdaşlığın yaradılması imkanlarının nəzərdən keçirilməsidir. Bu xüsusda Milli Məclis, eləcə də digər dövlət və özəl qurumlarda görüşlərin keçirilməsi planlaşdırılır.

Səfər çərçivəsində həmçinin Milli Məclisdə “Fransız Polineziyasının dekolonizasiya hüququ: çağırışlar və perspektivlər” mövzusunda konfrans təşkil olunacaq.

Fransız Polineziyasının nümayəndə heyətinin səfəri XXI əsrdə kolonializm və onun yeni təzahürləri ilə mübarizə sahəsində fəaliyyət göstərən Bakı Təşəbbüs Qrupunun (BTQ) dəvəti ilə baş tutub. Səfər bu ilin aprel ayının 30-da BMT-nin Vyana Ofisində BTQ-nin təşkilatçılığı ilə keçirilmiş “Müstəmləkəçilikdən qurtuluş: assimilyasiyanın nəticələri və onun insan hüquqlarının həyata keçirilməsinə təsiri” adlı beynəlxalq konfrans çərçivəsində BTQ və “Tavini” partiyası arasında imzalanmış əməkdaşlıq haqqında sazişin müddəalarına uyğun olaraq təşkil olunur.

Qeyd edək ki, “Tavını” partiyası uzun illərdir Fransız Polineziyasının Fransa əsarətindən azad olaraq müstəqillik qazanması uğrunda mübarizə aparır.

Fransa Polineziyası  Sakit okeanın cənub hissəsində adalar qrupudur. Ümumi sahəsi 4167 kvadrat kilometrdir (keçmiş Dağlıq Qarabağın ərazisindən az), əhalisinin sayı 300 min nəfərdən azdır. İnzibati mərkəzi Taiti adasındakı Papeete şəhəridir (1 min kvadrat kilometr).

Fransa ali komissarı tərəfindən idarə olunur. Yerli hakimiyyət orqanları Nazirlər Şurası və Ərazi Assambleyasıdır. 

Bu cür addımlar  Parisi “partladır”, amma qərəzli mövqelərindən yenə də əl çəkmirlər.

Fransız Polineziyası parlamentinin komissiya rəhbərləri və katibləri, habelə ölkənin hakim “Tavını” partiyasının rəhbər heyətinin Azərbaycana dəvət edilməsi və səfəri Fransa-Azərbaycan münasibətlərini daha da gərginləşdirəcəkmi? Azərbaycan bu addımı ilə Parisin təzyiqləri qarşısında geri çəkilməyəcəyinin növbəti dəfə nümayiş etdirir?

Xəyal Bəşirova İMZA-da vəzifə verildi

Xəyal Bəşirov

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan işğaldan, soyqırımı, müharibə cinayətlərindən əziyyət çəkən bir dövlət kimi daim dünyada mövcud olan bu cür problemlərlə, bəşəri problemlərlə mübarizəyə öz töhfəsini verib: “Xüsusilə 2019-2023-cü illərdə Azərbaycanın rəhbərlik etdiyi Qoşulmama Hərəkatının atdığı atdığı addımları xatırlatmaqla biz bunu əminliklə deyə bilərik. Qoşulmama Hərəkatına sədrlik etdiyi dönəmdə Azərbaycan dövləti bəşəriyyət üçün çox ciddi problemlərin həlli məsələlərini qaldırıb və ciddi addımlar atılıb. Bunlardan biri də yaşadığımız zamanda dünya üçün bir ləkə hesab olunan kolonial siyasətə qarşı mübarizə aparmaq olub. 21-ci əsrdə müstəmləkəçilik siyasətini davam etdirən Fransa kimi dövlət əslində insanlıq, bəşəriyyət üçün təhlükə yaradır. Fransa müstəmləkəçilik siyasətindən utanmaq əvəzinə onu davam etdirmək istəyir. Azərbaycana qarşı tamamilə əsassız ittihamlar səsləndirən Fransa dövlətinin özü beynəlxalq hüququn bütün prinsiplərini ayaq altına ataraq dünyanın bütün qütblərində ayrı-ayrı xalqları öz müstəmləkəçilik zəncirində saxlamaqda davam edir. Bu sonsuza qədər davam etməyəcək, bunun bir sonu olacaq. Hər halda, yaxın zamanlarda Fransanın müstəmləkəçilik siyasəti tam şəkildə ifşa olacaq və Fransa, nəhayət, öz ərazilərinə qayıtmağa məcbur olacaq. Makron Fransası bu gün hər cür qanunazidd addımlar atır ki, Polineziya xalqının müstəqillik uğrunda mübarizəsini boğsun, səslərinin kənara çıxmasının qarşısını alsın. Ötən əsrin ortalarından Polineziyada müstəmləkəçilikdən xilas olmaq uğrunda mübarizə başlayıb. Amma Fransa bu günə qədər digər müstəmləkələrində olduğu kimi burada da müstəqillik uğrunda mübarizə cəhdlərini amansız şəkildə boğur. Təbii ki, Azərbaycan müstəmləkəçiliyə qarşı olan dövlət kimi bu məsələdə mövqeyini ortaya qoyur. Fransaya xoş gəlməsə də, Parisi qəzəbləndirsə də Azərbaycan beynəlxalq hüquqa əsaslanan mövqeyindən geri çəkilmir".

Ekspert qeyd etdi ki, Azərbaycan Fransanın daxili işlərinə qarışmır, müstəmləkə altında zorla saxlanan xalqlar və Fransadan 10 min kilometrlərlə uzaqda okeanlarda işğal altında saxlanan adalarda həyata keçirilən insanlıq əleyhinə cinayətlərə qarşı çıxmaq daxili işlərə qarışmaq hesab oluna bilməz: “İnsan hüquq və azadlıqlarının dövlətlərin daxili işləri olmadığını car çəkən Fransa müstəmləkəçilik siyasətini davam etdirir və müstəmləkəçiliyə qarşı Azərbaycanı günahlandırır. Yəqin ki, yenə də Paris Azərbaycanı onun daxili işlərinə qarışmaqda günahlandıracaq. Ancaq Azərbaycan Makron Fransasının sözü ilə oturub duran ölkə, haqlı mövqeyini Makronun xətri xoş olsun deyə dəyişən ölkə deyil. Müstəmləkə altında saxlanan xalqların azadlığı uğrunda mübarizəyə hər bir özünə hörmət edən dövlət dəstək verməlidir. Azərbaycan Polineziya nümayəndə heyətinin səfəri Azərbaycanın bəşəri problemlərlə mübarizədə iştirak etdiyinin sübutudur. Fransa tərəfi anlamalıdır ki, bu məsələ onun daxili işlərinə qarışmaq deyil”.

X.Bəşirov vurğuladı ki, Fransa Azərbaycana qarşı haqsız hücumlar edərkən Azərbaycanın da cavablarının olacağını nəzərə almalı idi. Fransa öz gözündə “tiri” görməyib başqasının gözündə “tük” axtarırdı. Özü müstəmləkəçi olan bir dövlət Azərbaycan kimi müstəmləkəçiliyə qarşı mübarizə aparan dövləti ittiham edə bilməz: “Paris bunu nəzərə almalıdır. Azərbaycan Polineziyadan nümayəndə heyətinin Bakıda qarşılanmasına Fransanın nə cür yanaşacağından narahat deyil.  Fransa anlamlıdır ki, Azərbaycanla güc dilində, hədə ilə danışmaq olmaz. Diktə dilində danışmaq istəyən Fransa öz tarixinə, hətta bugünkü müstəmləkəçilik siyasətinə nəzər yetirməlidir. Azərbaycan öz haqlı mövqeyindən Parisin qanunazidd təzyiqləri qarşısında geri çəkilməyəcək. Bakı Təşəbbüs Qrupu dünyada yeni bir ideyadır və müsbət ideyadır. Bu Təşəbbüs Qrupunun atacağı addımlar dünyanın yaxşı gələcəyinə töhfə vermək üçündür”.   

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”   

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR