İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakının üzv olduğu “Sülh Şurası” toplanır – Kritik GÖZLƏNTİ

643 25.06.2026 12:49 Siyasət A A

“The Times of Israel” nəşrinin məlumatına görə, Qəzza zolağındakı vəziyyətlə bağlı yaradılmış “Sülh Şurası”nın növbəti iclası gələn həftə Kiprdə keçiriləcək.

Məlumata əsasən, görüşdə regiondakı humanitar və təhlükəsizlik vəziyyəti, atəşkəs perspektivləri, girovların azad edilməsi və münaqişənin siyasi həlli istiqamətində mümkün addımlar müzakirə olunacaq. Danışıqlarda müxtəlif maraqlı tərəflərin və vasitəçilərin iştirak edəcəyi bildirilir.

Nəşrin məlumatına görə, Kiprdə keçiriləcək görüş zamanı tərəflər arasında münasibətlərin “yenidən qurulması” və danışıqlar prosesinin canlandırılması məqsədilə bir növ “yenidən başlama” mərhələsinin həyata keçirilməsi nəzərdə tutulur. Bu mexanizmin tərəflərə mövqelərini yenidən nəzərdən keçirməyə, prioritetlərini müəyyənləşdirməyə və ortaq məxrəcə gəlməyə imkan verəcəyi gözlənilir.

Diplomatik mənbələr hesab edirlər ki, görüşün əsas məqsədi uzun müddətdir davam edən fikir ayrılıqlarını azaltmaq və gələcək razılaşmalar üçün daha əlverişli siyasi mühit formalaşdırmaqdır. Bununla yanaşı, tərəflər arasında hələ də ciddi ziddiyyətlərin mövcud olduğu vurğulanır. Ekspertlərin fikrincə, Kiprdə keçiriləcək müzakirələrin nəticələri Qəzza zolağında vəziyyətin sabitləşdirilməsi istiqamətində atılacaq növbəti addımlar baxımından mühüm əhəmiyyət daşıya bilər.
Xatırladaq ki, fevralın 19-da Vaşinqtonda Sülh Şurasının ilk iclası keçirilib.

Ağ Ev fevralın 19-da "Sülh Şurası"nın ilk iclasını keçirməyi planlaşdırır

Azərbaycan prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının lideri Donald Trampın dəvəti ilə iclasda iştirak edib.

Azərbaycan və bir sıra ölkələr Qəzza üzrə Sülh Şurasının büdcəsinə ümumilikdə 7 milyard ABŞ dollarından çox vəsait yatırıblar.

Bunu Tramp Vaşinqtonda keçirilən iclasda bildirib. Bu dəfə isə toplantı Kiprdə keçiriləcək. Azərbaycan prezidentinin tədbirdə iştirak edəcəyi haqda hələlik rəsmi məlumat yoxdur.

 Amma Sülh Şurasının ikinci iclası ABŞ-İran münaqişəsinin başa çatması, Yaxın Şərqdə gərginliyin nisbətən azaldığı dövrə təsadüf edir.

Musavat.com-a gözləntilərini bölüşən siyasi ekspert Züriyə Qarayevanın sözlərinə görə, Qəzza hələ də qeyri-sabit bölgə olaraq qalmaqdadır: "Hazırda İsrail və HƏMAS arasında vaxtaşırı hərbi toqquşmalar qeydə alınır. Eyni zamanda, İsrail ordusu Livanın cənubunda hərbi eskalasiyanı davam etdirir. Yəni ABŞ-nin müttəfiqi Yaxın Şərqdə addımlarına son qoymayıb. Bu da sözsüz ki, Sülh Şurasına üzv ölkələrin narazılığına səbəb ola bilər. Azərbaycan isə bu prosesdə sülhpərvər və humanist siyasətini növbəti dəfə ortaya qoymağa hazırdır. Eyni zamanda, Qəzza anklavının bərpası prosesində iştirakımız Azərbaycanı qlobal masada söz sahiblərindən birinə çevirir. Bizim niyyətimiz Qəzza sakinlərinin normal həyatının olmasıdır".

Təhlilçi hesab edir ki, hazırda gündəlikdə duran məsələ toplanan vəsaitin bölgənin bərpasına sərf olunması mexanizmi və işlərin başlanmasıdır:

"Amma regionda sabitlik bərqərar olmayıb deyə maliyyə yatırılması, infrastrukturun qurulması risklidir. Yəni tərəflər arasında növbəti toqquşmanın olmayacağına zəmanət verilmir. Bu baxımdan, Kipr toplantısında daha çox anklavın bərpasının maddi-texniki tərəflərinin müzakirəsini gözləyirəm. Hər halda, Azərbaycan da iştirak edəcək. Sadəcə, toplantının liderlər səviyyəsində, yoxsa nazirlər, hökumət başçıları ranqında olduğunu dəqiqləşdirməyə ehtiyac var. İsrail mediasının xəbərindən belə nəticə çıxarmaq olar ki, atəşkəslə bağlı müzakirələrə ehtiyac var. Və müxtəlif tərəflərin iştirakı o deməkdir ki, Təl-Əvivdən də rəsmi nümayəndənin olması istisna deyil. Yəni Sülh Şurası Qəzzanın bərpası üçün təsis olunsa da, yəni humanitar missiya daşısa da, görünən budur ki, hələ bölgədə atəşkəs, sabitlik kimi siyasi məsələlərin bu platformada dialoqu təşkil ediləcək".

Emil Salamoğlu,
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR