İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakının İrəvana ard-arda ismarışları - Ermənistana nəyin xəbərdarlığıdır?

3836 14.10.2023 14:35 Siyasət A A

Prezident əvvəlcə Tiflisdə, sonra Şuşada, nəhayət, Bakıda açıq mətnlə Paşinyan administrasiyasına mesajlar yolladı - kapitulyant ölkə tələsməlidir ki...

“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması üçün tarixi şərait yaranıb”. “Yeni Müsavat” bildirir ki, bu barədə Prezident İlham Əliyev oktyabrın 10-da Şuşada keçirilən beynəlxalq tədbirin iştirakçılarına ünvanladığı müraciətdə bildirib. Dövlət başçısı qeyd edib ki, Azərbaycan daim sülhün tərəfdarı və bölgədə sülh təşəbbüslərinin müəllifi olub: 

“Regional məsələlərin bilavasitə region ölkələrinin iştirakı ilə həll edilməsi prinsipindən çıxış edərək Azərbaycan 3+3 əməkdaşlıq formatını irəli sürüb. Hazırda Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, sülh müqaviləsinin imzalanması və Cənubi Qafqaz bölgəsinin sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün tarixi şərait yaranıb”. Bundan cəmi iki gün qabaq - oktyabrın 8-də isə Azərbaycan Prezidenti İrəvana analoji çağırışı Gürcüstan səfəri zamanı etmişdi. Sitat: “Qafqazda sülh tam bərqərar etməyin artıq vaxtı çatıb. Biz Gürcüstanla ölkələrimizin ərazi bütövlüyü və suverenliyini daim dəstəkləmişik. Ərazi bütövlüyünün pozulması qəbuledilməzdir. Bu baxımdan Azərbaycanın mövqeyi birmənalıdır. Əgər Azərbaycan və Ermənistan arasında sülh sazişi bağlansa, Cənubi Qafqazda yeni bir siyasi vəziyyət yaranacaq. Bölgə ölkələri əməkdaşlığa üçtərəfli formatda başlaya bilərlər. İndi məqam gəlib çatıb. Bu şansı əldən vermək böyük səhv olar”.

Daha bir gün sonra İlham Əliyev Bakıda - MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçıları ilə görüşü zamanı Paşinyanın üçlü Bişkek görüşündən imtinası ilə bağlı bildirib: “Oktyabrın 12-də, bir gün sonra Rusiya tərəfinin təklifi ilə Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Bişkekdə görüşü olmalı idi. Biz Rusiya Federasiyasının vasitəçiliyini minnətdarlıqla qəbul edirik, çünki Rusiya bizim qonşumuz, müttəfiqimiz, həmçinin bizim regionda yerləşən, minlərlə kilometr uzaqda olan ölkələrdən fərqli olaraq qonşuluqda yerləşən Ermənistanın da müttəfiqidir. Təbii ki, ölkələrimiz arasında münasibətlərin tarixi, əlbəttə, Rusiya tərəfinin vasitəçiliyini nəzərdə tutur. Biz bu təklifi müsbət qarşıladıq və xarici işlər nazirimiz Rusiya və erməni həmkarları ilə görüşməyə hazır idi. Təəssüf ki, erməni tərəfi bu görüşdən imtina etdi. İndi sual yaranır: Ermənistan sülh istəyirmi? Zənnimcə, xeyr, çünki əgər sülh istəsəydi, bu imkandan imtina etməzdi”.

Bir sözlə, ardıcıl olaraq eyni mahiyyətli çağırışlar edilib. Bu permanent çağırışlar və ismarışlarla Bakı İrəvana nəyin xəbərdarlığını edir? Şübhə yox ki, Güney Qafqaza yaxın bölgədə (ərəb-İsrail) yeni müharibənin alovlanması Azərbaycan liderinin Ermənistana permanent sülh çağırışlarını ikiqat aktual edir. Çünki Fransa kimi dövlətləri heç də ermənilər maraqlandırmır və əslində yeni müharibə axtarışındadır. Belə məkrli planları isə yalnız Bakı və İrəvan arasında sülh müqaviləsinin imzalanması poza bilər. Ermənistan da ehtiyatlandığı təhlükədən qurtular. Yəni kapitulyant ölkə ən əvvəl bu səbəbə tələsməlidir ki, daha bir müharibəni öz içinə daşımasın. Doğrudur, az öncə Nikol Paşinyan 3+3 formatına qatılmağa hazır olduğunu söyləyib. Ardınca bildirib ki, Azərbaycan lideri ilə Brüsseldə görüşlə bağlı ilkin razılıq var. Amma nədənsə Bakının ən uğurlu format kimi irəli sürdüyü “üçlü” Tiflis formatı barədə susub. Bəs İrəvan nəhayət, sözdən işə, real əmələ keçəcəkmi? 

Kim nə deyirsə desin, beynəlxalq hüquq Azərbaycanın tərəfindədir” – Murad  Sadəddinov - GlobalInfo.az

Murad Sadəddinov 

Politoloq Murad Sadəddinov “Yeni Müsavat”a qeyd etdi ki, Azərbaycan hər zaman Cənubi Qafqazda sülh tərəfdarı olub. “Bakı bölgənin inkişafında maraqlı olan dövlət kimi siyasət yürüdüb. Bizim sülh təkliflərimizin arxasında ciddi əsasnamə var. Ermənistan isə kənar qüvvələrin vədlərinə inanaraq, gələcəkdə revanşizm olacağına ümid edərək sülh prosesindən yayınır. İkincisi, Ermənistan Qarabağda baş verən son hadisələrdən Azərbaycana qarşı beynəlxalq müstəvidə istifadə etməyə çalışır. Ona görə də sülh danışıqlarına meyl etmir”, - deyə politoloq vurğuladı. Ekspert bildirdi ki, İrəvan rəsmi Parisin təsir imkanları olan meydançalarda danışıqlar aparmaq istəyir: “Hətta Gürcüstan platformasına da Ermənistan hakimiyyəti müsbət rəy bildirməyib. Göründüyü kimi, yalnız Fransanın patronajlığı altında siyasət yürütməyə çalışır. Amma bu çətir altında addımlar Ermənistan üçün yaxşı heç nə vəd etmir. Regiondan çox uzaq olan dövlətin siyasətini reallaşdırmaq cəhdi Ermənistanı siyasi dalana gətirib çıxaracaq”.

Xəzər Teyyublu: Hələ də iş yerlərində işəgötürənlə işçi arasında həll  olunmalı çox məsələlər var

Xəzər Teyyublu

Hüquq müdafiəçisi Xəzər Teyyublunun sözlərinə görə, Ermənistan harada Rusiya varsa, orada iştirakdan yayınır. Onun fikrincə, bununla belə Bakının təklif etdiyi Tiflis masası var və Brüssel danışıqlarına da razılıq verilib: “Amma İrəvan bunların heç birində konkret nəticələr istəmir. Paşinyan sülh sənədinə kapitulyasiya aktı kimi baxır və hakimiyyətinə təhlükə olaraq  görür. Ona elə gəlir ki, indiki mərhələdə tarixi sülh müqaviləsini bağlamaqla Ermənistan ərazi güzəştinə getmiş olacaq, daxildən təzyiqlər güclənəcək, erməni lobbisi onun yıxılması üçün çırmanacaq. Ona görə addım-addım, ağır və ləng iş gedir. Başqa bir yandan isə anklavların barteri kimi sərsəm iddialar səsləndirir, Zəngəzur dəhlizi ilə bağlı anlaşmanı təhrif edir və görüşləri Makron masasına çəkir. Odur ki, sülh müqaviləsinə qədər üçtərəfli sənədin bütün müddəaları yerinə yetirilməlidir. Əgər sərhədlərin dəqiqləşdirilməsi prosesi getmirsə, nəqliyyat kommunikasiyalarının açılmasında bir fakt belə yoxdursa, tərəflər sülh müqaviləsinə necə yaxınlaşa bilərlər?” 

X.Teyyublu prezidentin son çıxışını yada salaraq söylədi ki, dövlət başçısı uzaq Qərbin moderatorluğundansa, yaxın və müttəfiq Rusiyanın vasitəçiliyini üstün tutdu: “Yəni sülh müqaviləsi olacaqsa, Moskvada imzalanacaq. Brüssel danışıqları artıq öz əhəmiyyətini əvvəlki səviyyədə saxlamır. Qərb platformasında qərəz və balans pozulması müşahidə edirik. Makron, Şolts, Mişel bir mərkəz kimi çıxış edirlər. Paşinyan da onlara bel bağlayıb. Bu formatda danışıqlar prosesi ilə nəticə hasil olmaz”. 

Emil SALAMOĞLU,
“Yeni Müsavat” 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR