İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakının dərdinə kim çarə tapacaq? - Mais Ağayev əsas səbəbi AÇIQLADI

1173 28.08.2022 16:45 Sosial A A

Bakı Nəqliyyat Agentliyi demək olar ki, gün ərzində iki dəfə paytaxtın fərqli ərazilərində müşahidə olunan nəqliyyat sıxlıqları səbəbindən müxtəlif marşrut xətti üzrə avtobusların hərəkət intervalında gecikmələrlə bağlı məlumat yayır.

Bəs problemə səbəb nədir və çıxış yolu kimi Agentlik hansı işləri görür?

"Müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkəti Vahid Dispetçer Mərkəzi tərəfindən real vaxt rejimində izlənilir. Mərkəzin təqdim etdiyi məlumatlara əsasən qeyd edim ki, avtobusların gecikməsi onların sayı ilə əlaqəli deyil. Burada başlıca səbəb yollardakı nəqliyyat sıxlıqlarıdır. Əgər bir yolda sıxlıq varsa, məsələn, Mikayıl Useynov prospektində (baxmayaraq ki, burada avtobus zolağı var, amma tələbə riayət olunmur), pik saatlarda yaranan nəqliyyat sıxlığından Bayıl istiqamətindən gələn müxtəlif marşrut xətləri üzrə onlarla avtobus hərəkətsiz qalır. Bu istiqamətə əlavə avtobus buraxmağın Neftçilər prospektində gözləyən sərnişin üçün hər hansı bir faydası olmayacaq. Çünki o avtobuslar da gəlib sıxlıqda qalacaq və nəticə etibarı ilə sıxlıqda qalan avtobusların sayı artacaq".

Bunu Musavat.com-a Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev deyib.

1593363131_1533973128_maa1.jpg (44 KB)

O bildirib ki, avtobuslararası intervalların gecikməsinin qarşısının alınmasının ən optimal yolu avtobus zolaqlarının əhatə dairəsinin genişləndirilməsidir:

"Hazırda şəhərimizdə 10 küçə və prospektdə belə zolaqlar var. Lakin bu zolaqların davamsızlığı və zolağın tələbinə riayət olunmaması hədəflənən səmərəli nəticələr əldə etməyə imkan vermir. Avtobus zolağı sərnişinlərin avtobuslarla səfərlərinin müddətini ən azı 2 dəfə azaldır. Bunun özü ictimai nəqliyyatdan istifadəni stimullaşdırır. Nəticə etibarı ilə insanlar fərdi avtomobillə deyil, daha çox avtobuslarla hərəkətə üstünlük verəcəklər ki, bunun özü də bilavasitə nəqliyyat sıxlıqlarının azalması baxımından əhəmiyyətlidir".

Mais Ağayev əlavə edib ki, intervaldakı gecikmələr bir çox hallarda sərnişin-sürücü münasibətlərində gərginliyə səbəb olur:

"Biz hər zaman bu cür gərgin vəziyyətlərin müsbətə doğru həll olunması üçün daşıyıcılara tapşırırıq ki, sürücülər maksimum dərəcədə soyuqqanlı davransınlar. Mübahisələrin daha da artmasına rəvac verməsinlər. Eləcə də sərnişinlər bir qədər anlayışlı olmalıdır. Yenə gündəlik yaşanan bir halı misal olaraq göstərim. Əgər Heydər Əliyev prospektinin şəhər istiqamətində köməkçi yolda sıxlıq varsa, o zaman əlbəttə ki, avtobuslar Yusif Səfərov, Koroğlu Rəhimov küçəsi istiqamətində gecikmə ilə hərəkət edəcək. Bu zaman sürücünün edə biləcəyi bir şey yoxdur. Elə avtobus zolaqlarının olması həm də bu cür halların aradan qalxması baxımından önəmlidir".

Aytən Novruz
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR