İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakını silkələyən 51 saniyə

2364 08.12.2023 08:50 Gündəm A A

Seysmologiya və Seysmik Təhlükənin qiymətləndirilməsi şöbəsinin rəhbəri Qulam Babayevdən “yenidən güclü zəlzələ olacaqmı” sualına cavablar  

Dekabrın 7-də yerli vaxtla 08:15-də Bakıda və ətraf rayonlarda baş verən güclü zəlzələ ölkənin gündəm mövzularından birinə çevrilib. Zəlzələnin episentri Xəzər dənizində olub və 5,6 maqnitudalı yeraltı təkanlar qeydə alınıb. Eyni zamanda yeraltı təkanlar Altıağac, Siyəzən, Quba, Qusar, Xaçmaz, Şabran, Qobustan, Abşeron yarımadasında 5-3 bala qədər hiss olunub. “Zəlzələnin davamiyyəti 51 saniyə olub”.  Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli mətbuat konfransında belə deyib. Onun sözlərinə görə, təkanların hiss olunması isə 41 saniyə çəkib.

İndi hər kəs “yenidən güclü zəlzələ olacaqmı”, - deyə sual edir. 

Elm və Təhsil Nazirliyi, Geologiya və Geofizika İnstitutunun Seysmologiya və Seysmik Təhlükənin qiymətləndirilməsi şöbəsinin rəhbəri, elmlər doktoru, professor Qulam Babayev “Yeni Müsavat”a danışıb, mövzu ilə bağlı suallarımızı cavablandırıb.

Zəlzələ ilə bağlı ŞOK AÇIQLAMA: 2024-cü ildə də...

- Heç bir ay deyil, sizinlə müsahibə götürdüyümüz, yaxınlarda güclü zəlzələlərin olacağını demişdiniz. Proqnozlarınız özünü doğrultdu. Yaxın günlərdə yenidən güclü zəlzələ gözlənilirmi və zəlzələlər uzun müddət ola bilərmi? 

- Əvvəl də qeyd etdiyim kimi, tektonik aktivlik kəskinləşib. 2024-cü ildə biz bunu yenidən müşahidə edəcəyik. Təbii ki, dağıdıcı zəlzələdən söhbət getmir. Hiss olunan zəlzələlər olacaq və qaçılmazdır. Bir tektonik blok əgər aktivləşirsə, dünya miqyasında bütün tektonik bloklar, plitələr, meqabloklarda aktivləşmə kəskinləşir. Əgər bir blok aktivləşirsə, yanındakı da mütləq şəkildə aktivləşəcək. Xəzər dənizində qonşu blokların aktivləşməsi mövcuddur. Orta Xəzər, Cənubi Xəzər, Şamaxı-İsmayıllı seysmoaktiv bölgədir. Hər zaman demişəm ki, hiss olunan- yəni maqnitudası 5.5-6 bal gücündə olan zəlzələlər qaçılmazdır.

- Azərbaycanda, xüsusilə də paytaxt Bakıda və Sumqayıtda qəzalı vəziyyətdə olan binalar var ki, bunlar hələ də sökülməyib. Düzdür, köhnə binaların sökülməsinə başlanılıb, amma bu proses də çox ləng aparılır. Hətta elə yataqxanalar var ki, orada sakinlər hər dəfə zəlzələ zamani həyəcan keçirirlər. Bu binalar neçə bal gücünə qədər tab gətirə bilərlər? 

 - Mən binalarla bağlı dəqiqliklə fikir söyləyə bilməyəcəyəm, çünki dövlət strukturları bununla məşğul olur. Amma Bakı üçün seysmik risk xəritəsinin tərtib olunması artıq mütləq şəkildə olmalıdır. Bunu əvvəl də qeyd etmişəm. Seysmik risk nə deməkdir? Seysmik təhlükənin qiymətləndirilməsi, binaların qiymətləndirilməsi, əhalinin yerləşdirilməsi, ən çox toplanan ərazilər, dövlət əhəmiyyətli, yaxud yaşayış binalarının mövcudluğu - bütün bu amilləri özündə riyazi baxımdan ehtiva edən bir anlamdır. Bu xəritənin qurulması bir-iki ilin işi deyil, tək bir strukturun da işi deyil. Deyək ki, bizim institutun mütəxəssisi mənəm, onun qurulmasında kiçik formatda olsa, iştirak edirəm, məqalələrim var. Amma bu böyük bir dövlət proqramı olmalıdır. Seysmik riskin qurulması, qiymətləndirilməsi adı altında hər şeyi nəzərə almaq lazımdır. Yollar, küçələr, keçmiş binalar, köhnə sovetin vaxtından qalmış binalar, yeni binalar, ərazilər, quruntun qiymətləndirilməsi, əhalinin sıxlığı və sairə. 

- Zəlzələlər əvvəldən Seysmoloji Mərkəzdə qeydə alına bilir? Yəni onlar xəbərdar olurlar?..

- Bəli, Seysmoloji Xidmət Mərkəzinin avadanlıqları da genişdir. Hətta kiçik, bizim hiss etmədiyimiz zəlzələlər də qeydə alınır. 

- Seysmik risk xəritəsi hələ hazır deyil. Seysmoloji Mərkəz tərəfindən əvvəldən zəlzələnin olacağı bildirilməlidirmi? Həmin qəzalı binalarda yaşayanları ən azından sığortalamaq olar, yoxsa çıxış yolu nədədir? 

 - Zəlzələnin hansı gün baş verməsi haqda, onun dərinliyi, gücü, yeri, vaxtı haqda əvvəlcədən heç kim heç nə deyə bilməz. Dünyada hələ belə ekstrim, yəni qısamüddətli proqnoz verilə bilməz. Ekstrim zəlzələ, baş verən kimi telefonlara mesaj gəlir, amma baş verəndən sonra. Amma baş verməmiş xəbərdar olmaq mümkün deyil. Bu hələ icad olunmayıb. Müxtəlif tədqiqatlar aparılır, amma qısamüddətli proqnoz sayılır. Bu hələ müəmmalı olaraq qalır. Yəni xəbərdarlıq etmək olar, amma dəqiq şəkildə demək mümkün deyil. Amma mən bir seysmoloq kimi həmişə demişəm ki, hiss olunan zəlzələ gözlənilir, ocaqlar yenidən aktivləşəcək. Xəzər dənizində ocaqlar yenidən aktivləşəcək. 

- O zaman  2024-cü ili zəlzələ ili adlandıra bilərik? 

- Bəli, onu deyə bilərəm. Nəinki bizdə, bütün dünyada. Çünki buna doğru gedir. 2023-cü il bunu bizə göstərdi. Müşahidə etdiyimiz zəlzələlər kiçik maqnitudalı deyil. Hətta Marokkoda, Əfqanıstanda, Tacikistanda dağıdıcı zəlzələlər oldu. Bu o deməkdir ki, daha da kəskinləşəcək. Türkiyədə, İstanbulda da dağıdıcı zəlzələ gözlənilir. Bununla bağlı proqnoz verən alimlərin də fikirləri ilə razıyam. 

- Yeri gəlmişkən, Kahramanmaraşda dəhşətli zəlzələ olan zaman türkiyəli bəzi alimlər dedilər ki, Bakı da həmin fay nöqtəsində yerləşir, dağıdıcı zəlzələ orada da olacaq. Bu fikirlərlə razısınızmı? 

- Onu mən hətta yayda da demişdim. Bizdə iyulda zəlzələ olandan sonra demişdim ki, bu, nəhəng bir meqablokdur. Türkiyədən, Xəzər dənizindən Türkmənistana qədər gedən bir blokdur. Türkmənistanda da avqust ayında zəlzələ oldu. Çünki biz geniş, nəhəng bir blokun üstündə yer almışıq. Kiçik qırılmalar, piltələr geniş meqablokun içinə daxildir. Biri tərpənirsə, qonşu plitə də tərpənəcək.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR