İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakını qoruyan “Dəmir günbəz” - 100 raketdən 85-ni tutursa...

2343 11.04.2023 14:11 Siyasət A A

Rövşən Məhərrəmov: “Bizim hərbi hava qüvvələrimiz kifayət qədər güclüdür”

Bu günlər Azərbaycanın strateji tərəfdaşı İsrail Livan ərazisindən güclü raket atəşinə məruz qaldı. Teleqram kanallarda bununla bağlı xəbərlərin birində deyilirdi ki, İrana bağlı proksi-qüvvələr tərəfindın 10 dəqiqə ərzində İsrailə atılan 100 raketdən 85-i “Dəmir qübbə” (“Dəmir günbəz”) tərəfindın zərərsizləşdirilib, 15-i isə təəssüf ki, yaşayış məntəqələrinə düşə bilib.

Məlumdur ki, İsrail Azərbaycanın ən böyük silah tədarükçülərindən biridir. İki ölkə arasında müştərək hərbi müəssisələr də var. Bundan əlavə, Azərbaycanın hava hücumundan müdafiə sistemi kimi İsrail istehsallı “Dəmir günbəz”ə malik olduğu deyilir.

O zaman 100 raketdən 85-nin məhv edilməsi nə dərəcədə yaxşı göstəricidir? Ümumiyyətlə, Bakının strateji əhəmiyyətli obyektləri, neft-qaz şəbəkəsi, həmçinin Mingəçevir SES hazırda necə qorunur? Başqa havadan müdafiə sistemlərimiz də varmı və hansı ölkənin istehsalıdır?

Polkovnik Rövşən Məhərrəmov “Yeni Müsavat”da suallarımızı bu cür cavabladı: “Mövzuda sizin suala əslində cavab var. 100 raketin 85-nin vurulması yaxşı nəticədir. Müsbət göstərici kimi qəbul etmək olar. Azərbaycanda xüsusi strateji obyektlər var. Bunlar dövlət əhəmiyyətli obyektlərdir. Bizdə sovetdən qalma raketlər də var. Ondan əlavə S-300-lər mövcuddur. Bizim hərbi hava qüvvələrimiz kifayət qədər güclüdür. Yəni tək İsrail istehsalı olan raketlər deyil. Sovet dövründə hava hücumundan müdafiə üçün Bakı dairəsi mövcud idi. Hava hücumundan müdafiə bazaları yaratmışıq. Mingəçevirdə bizim raketlərimiz var. Onları sadalamaq istəmirəm. Çünki auditoriya üçün deyil. S-300-lərin özəlliyi həm də ondadır ki, uzaqdan raketləri izləyə bilir. 100 kilometr məsafədən məhv edə bilir. Bir vaxtda 16 hədəfi izləyə bilir. Onun 8-ni eyni zamanda məhv edir. Bu da əslində yaxşı bir göstəricidir. Bizim başqa hava hücumundan müdafiə sistemlərimiz də var. Əsas güc strateji obyektlərin qorunmasına sərf olunur. Yüz faiz hədəfləri məhv etmək üçün daha çox müdafiə sistemləri olmalıdır. Hətta o da yüz faizlik nəticə ola bilməz. Hər bir raketin vurulmasının çətinlikləri var. Bunun üçün ardıcıllıq atəşləri var. İsrail kimi ərazicə çox kiçik bir ölkəyə əgər yüz raket buraxılıbsa, 85 hədəf vurula bilməyibsə, demək, eyni vaxtda raketlərin buraxılması öz rolunu oynayıb. Əgər az raket buraxılsaydı, İsrailin hava hücumundan müdafiə sistemləri həmin raketləri məhv edərdi. İndi görünən odur ki, eyni zamanda bu raketlər buraxılıb. Onların hamısını eyni vaxtda zərərsizləşdirmək çox çətin olub. Təəssüflə qeyd edirəm ki, 15 raketin vurulması mümkün olmayıb. Həmçinin bizdə də belə hallar ola bilər. Güclü hava hücumundan müdafiə sistemlərinə sahib olan Rusiya belə yüz faizlik nəticə göstərə bilmir”.

Polkovnik Rövşən Məhərrəmov: “Vəziyyət durmadan gərginləşməyə doğru gedir”

Rövşən Məhərrəmov 

Ekspert Azərbaycanın hava hücumundan müdafiə üçün lazımi silahlarının olmasından da söz açdı: “Rusiya və İsraildən aldığımız hava hücumundan müdafiə sistemlərimiz kifayət qədər var. Əminəm ki, bundan sonra da bu sistemlərimizi gücləndirmək üçün əldən gələn nə varsa ediləcək. Hazırda müharibədə əsas rolu hava hücumundan müdafiə sistemləri oynayır. Ölkəmizdəki bütün strateji obyektlər çox güclü şəkildə qorunur. Azərbaycanda ötürücü stansiyalar var. Bu bütün dövlətlərdə var. Hava hücumundan müdafiə sistemləri daim hazırlıqlı vəziyyətdədir. Sutka ərzində o sistemlər işləyir. İstənilən hədəfi məhv etməyə hazırdır. Raket buraxılanda ərazimizə keçən vaxt görünür. Hətta quş sürüsü gələndə belə o da görünür. Çoxlu quş sürüsü varsa da, biz onu hədəf kimi görürük. Bu barədə ötürücü stansiyalar məlumat verir. Azərbaycan Ordusu hava məkanını daha da gücləndirməli, daha çox hava hücumundan müdafiə sistemləri əldə etməlidir. Mən demirəm ki, bizdə bu sahə zəifdir. Əksinə, güclüdür. Sadəcə, bundan sonra da gücləndirmək lazımdır. Bütün gücümüzlə daha çox sistemlər əldə etməliyik ki, hava məkanını tam şəkildə qapada bilək. Bugünkü Rusiya-Ukrayna savaşı göstərir ki, hava hücumundan müdafiə müharibənin əsas şərtlərindən biridir. Bizim qırıcı təyyarələrimiz də var. Bu təyyarələrdən hava məkanını qorumaq üçün istifadə oluna bilər. Bizdə həm də üstünlüklərdən biri hava məkanını qorumaq imkanlarına qırıcı təyyarələrimizin sahib olmasıdır. Hava hücumundan müdafiə sistemi kompleks xarakter daşıyır. Kompleks bir-biri ilə əlaqəlidir. Hədəf alınanda məsafə də önəmlidir. Görünür, İsraildə yaxından atılıb. Bizdəki Gəncə terrorunu nümunə göstərə bilərik. Hədəfin birini məhv etdik, digəri düşdü”. 

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR