İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakını hər an dağıda biləcək “bomba”lar - YDM-lər...

4559 18.08.2023 17:04 Gündəm A A

Mahaçqalada benzindoldurma məntəqəsində baş vermiş dəhşətli partlayış bu təhlükənin Bakı üçün də real olduğunu göstərir; xaotik tikinti bumu yanacaqdoldurma məntəqələrini yaşayış binaları ilə “qonşu edib”

Mahaçqalada benzindoldurma məntəqəsində baş vermiş partlayışda 30-dək insanın həlak olması bu mövzunu Bakı üçün də gündəmə gətirib. Mahaçqaladakı dəhşətli partlayışla bağlı məlumata görə, yanğının bu dərəcədə olması iş adamlarından birinin benzindoldurma məntəqəsinin yaxınlığındakı anbarda ammonium nitrat və satış üçün gübrə saxlamasıdır. Bu da partlayışın daha da geniş olmasına gətirib çıxarıb.    

Paytaxt Bakıda yaşayış binalarının bir addımlığında yerləşən yanacaqdoldurma məntəqələri (YDM) haqda çox yazılıb. Bakıda metro keçidləri, yaşayış binalarının əhatəsində kifayət qədər yanacaqdoldurma məntəqələri var. Tiflis prospektindəki “İST” yanacaqdoldurma məntəqəsi yaşayış binalarının əhatəsində yerləşir. “Şamaxinka”da evlərin 5 addımlığında yerləşən “LUKoil”in yaşayış binalarına yaxın olması da təhlükəli vəziyyət yaradır. Belə təhlükəli YDM-lərdən biri də metronun “Gənclik” stansiyası yaxınlığındadır. Üstəlik, obyektin bir addımlığında “McDonalds” restoranı fəaliyyət göstərir. Burada da kiçik bir partlayış böyük insan tələfatına səbəb ola bilər.

Metroya yaxın digər yanacaqdoldurma məntəqəsi isə “ABU-Petrol”dur. Bu yanacaqdoldurma məntəqəsi də “Gənclik” metrosunun ventilyasiyası şaxtasının yaxınlığında yerləşir. “ABU-Petrol”un dörd tərəfi, demək olar ki, yaşayış binaları ilə əhatələnib. Odlar Yurdu Universiteti də adıçəkilən yanacaqdoldurma məntəqəsinin yaxınlığında yerləşir və tələbələrin sıx olduğu yerdir. Belə “bomba”ların sayı paytaxtın digər  ərazilərində də var. 

Bir müddət öncə yaşayış binalarının yaxınlığındakı yanacaqdoldurma məntəqələrinin söküləcəyi xəbəri yayılsa da, hələ ki yanacaqdoldurma məntəqələri fəaliyyətini davam etdirir. Bu obyektlərin sahibləri sakinlərin həyatını təhlükə altına qoyur. Orada baş verən hər hansı  hadisə- partlayış və ya yanğın birbaşa ətrafda olan yaşayış binaları üçün ciddi təhlükədir.

Mütəxəssislər bildirir ki, əhalinin təhlükəsizliyi baxımından yanacaqdoldurma məntəqələri təhlükəli ərazilərdən mütləq köçürülməlidir. Mövcud qaydalara əsasən, yanacaqdoldurma məntəqələri üçün yer seçərkən müvafiq araşdırmalar aparmalıdırlar. Yanacaqdoldurma məntəqələrini yolkənarı sahələrdə, zonalarda mailliyi 40%-dən çox olmayan yol sahələrində salmaq, planda radiusu 1000 metrdən çox, uzununa profildə radiusu 10000 metrdən yuxarı olan qabarıq əyrilərdə, dəmir yol keçidlərindən 250 metrdən, körpü keçidlərindən 1000 metrdən yaxın olmayan yerlərdə, hündürlüyü 2 metrdən yuxarı olmayan tökmə torpaq sahələrində yerləşdirmək lazımdır. Bəs Bakını bu cür təhlükələrdən qorumaq üçün hansı tədbirlər görülməlidir?

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, yanacaqdoldurma məntəqələri yaşayış yerlərindən, xüsusilə hündürmərtəbəli binalardan kənar yerləşməlidir: “Yanğın baş verəndə insanları təkcə alov öldürmür. Yanğın zamanı çıxan boğucu qara tüstülər bina hündürlüyündə qalxarsa, ətrafdakı insanları zəhərləyə bilər. Ən yaxşısı yanacaqdoldurma məntəqələrini şəhərdən kənara çıxarmaqdır. Bu məntəqələr şəhərin içərisində parklara yaxın ərazilərdə, boş zonalarda quraşdırılmalıdır. Onları şəhərdən tamamilə uzaqlaşdırmaq da olmaz. Şəhərin bir nöqtəsindən o biri nöqtəsinə YDM-ə getmək də praktik deyil. Bu həm də artıq məsrəf deməkdir. Vətəndaşın cibinə ziyandır. Yanacaqdoldurma məntəqələri üçün elə ərazilər seçilməlidir ki, təhlükə anında o ərazidə insanlar maksimum az olsun. Yanacaqdoldurma məntəqəsinə gələn nəqliyyat vasitələri partlayış, yanğın zamanı tez bir zamanda ərazini tərk edə bilsinlər. Təhlükədən qaçanlar yanacaqdoldurma məntəqələrindən çıxmaq istəsələr, tıxacda qalıb həyatlarını itirməsinlər”.

Hüquqşünas deyib ki, mövcud qanunlara görə, yanacaqdoldurma məntəqələri yaşayış binalarından 150 metr kənarda olmalıdır: “Əgər yanacaqdoldurma məntəqəsinin yanacaq bazası daha uzaq məsafədə yerləşirsə və borular vasitəsilə məntəqəyə gətirilirsə, bu məsafə 50 metr də ola bilər. Partlayış anında belə məntəqələr o qədər də təhlükəli deyil. Çünki bu halda yalnız doldurma məntəqəsi yaşayış binasına yaxın olur. Yanacaq bazası isə yerin altında qalır. Əslində təhlükəli obyektlər siyahısına düşmüş və potensial təhlükə hesab olunan bu cür məntəqələrin quraşdırılması zamanı şəhərsalma üzrə mütəxəssislərə müraciət olunmalıdır”.

Hüquqşünas deyir ki, Bakıda və digər şəhərlərdəki tikinti bumu yanacaqdoldurma məntəqələrinin yaşayış binaları ilə əhatələnməsinə gətirib çıxarıb: “Vaxtilə yaşayış yerlərindən təhlükəsiz məsafədə yerləşən yanacaqdoldurma məntəqələri bu gün binaların əhatəsindədir. Çünki Bakı Şəhər İcra Hakimiyyətinin başçısı olmuş Hacıbala Abutalıbov harada gəldi, tikinti icazəsi verirdi. Belə icazələrlə yanacaqdoldurma məntəqələri binalarının mühasirəsinə düşdü. Elə fərdi evlər də yanacaqdoldurma məntəqələrinin bir addımlığında tikilir. Yanacaqdoldurma məntəqələrinin sahibləri Hacıbala Abutalıbovun məsuliyyətsiz addımlarının girovuna çevriliblər. Bu gün Bakıda təhlükə mənbəyinə çevrilən xeyli yanacaqdoldurma məntəqəsi var. Qanuna görə, yanacaqdoldurma məntəqəsi yaşayış yerlərindən müəyyən məsafədə tikilməlidir. Paytaxt böyüdükcə, belə obyektlərin təhlükəsizlik məsələlərinə də xüsusi diqqət ayrılmalıdır”.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR