İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakılı FTX agenti yenə üzə çıxdı

1571 24.08.2023 13:39 Gündəm A A

Moskvanın təxribatçı layihəsi olan “rus icması”nın rəhbəri yenidən ortalıqda görünməyə başlayıb-səbəb

Özünü Qarabağdakı rus icmasının rəhbəri adlandıran Aleksandr Bordov Xankəndinə səfər edib. Bölgədə siyasi-hərbi gərginliyin artması fonunda A.Bordov Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı təxribatçı addım atıb. Onun qondarma parlamentin rəhbəri David İşxanyanla görüşərək Qarabağdakı rus icmasının fəaliyyətini, icmanın həyatı ilə bağlı problemləri və həyata keçirilən fəaliyyətləri müzakirə etdiyi bildirilir.

Bundan başqa, onlar rus icması ilə separatçı “parlament” arasında ünsiyyətin və əməkdaşlığın möhkəmləndirilməsinin vacibliyindən danışıblar.

Qeyd edək ki, Moskvanın Azərbaycana qarşı təxribatçı layihəsi olan “Qarabağda rus icması” 2021-ci ilin dekabr ayında işə salınıb. Məqsəd Azərbaycanın daxilində ikinci separatçılıq ocağı yaratmaqdır. Planın məqsədi guya Qarabağda yaşayan rus icmasının təhlükəsiliyini təmin etmək adı altında Rusiyanın bölgəyə hərbi müdaxiləsi üçün əsas yaratmaq olub.

Bakıda anadan olmuş Aleksandr Bordov rəsmi sənədlərdə yazıçı kimi təqdim olunsa da, Rusiya Federal Təhlükəsizlik Xidmətinin(FTX) Akademiyasının məzunudur. Yəni Bordov FTX-nin gizli zabiti kimi Qarabağda Rusiyanın imperiya planlarını həyata keçirməklə məşğuldur. Onun Xankəndinə gəlişi və terrorçu rejimlə əməkdaşlıq məsələlərini müzakirə etməsi Qarabağ üzərində Azərbaycanın suveren hüquqlarının bərpasına Rusiyanın mane olmaq niyyətindən xəbər verir.

Ekspertlərə görə, Ermənistan tərəfindən Qarabağda yaşayan ermənilərə il ərzində 400 milyon dollara yaxın vəsait ayrılır. Bordovun Xankəndinə səfəri də həmin vəsaitin mənimsənilməsi ilə bağlı oyunların bir hissəsidir.

Azərbaycan Bordovun qanunsuz hərəkətləri, Azərbaycan Konstitusiyasını pozması ilə bağlı rəsmi şəkildə Moskvaya müraciət etməlidirmi? Onunla bağlı hansısa hüquqi prosedurlara da əl atılması mümkünmü?

Dairəsi ləğv edilən Qənizadə həqiqəti danışdı - VİDEO

Çingiz Qənizadə

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə “Yeni Müsavat”a bildirdi ki, 2021-ci ildə Qarabağda rus icmasının yaradılmasının özü təhlükəli bir addım kimi bəyan edilirdi və Azərbaycan buna etirazını bəyan eləmişdi. Rusiya həmin icmanı yaratmaqla kifayətlənmədi-Azərbaycan ərazisində Azərbaycanın razılığı olmadan müxtəlif abidələr ucaltdı, müəyyən inşaat işləri həyata keçirdi. Bordovu icmaya təyin ediblər və onu Rusiyadan idarə edirlər. İndiki həssas məqamda, humanitar yüklərin hansı marşrutla çatdırılması, reinterqasiya və digər məsələlərin həlli ilə bağlı danışıqların getdiyi bir vaxtda Bordovun yenidən Xankəndində peyda olması və oradakı addımları təbii ki, Rusiyanın bizim üçün məlum olan planlarının tərkib hissəsidir: “Aleksandr Bordovun Rusiya FTX-sinin agenti olması barədə mətbuatda dəfələrlə məlumatlar verilib. Belə bir şəxsin Qarabağda çox cüzi sayda olan Rusiya vətəndaşlarının icmasının rəhbəri kimi təqdim edilməsi və onun bölgəyə səfəri təhlükəli tendensiyadır. Azərbaycan dövləti bununla bağlı mövqeyini Rusiyaya bildirməlidir. Çünki Rusiya hansısa ölkələrdə marağını güc yolu ilə həyata keçirmək istəyəndə orada yaşayan Rusiya vətəndaşlarının guya təhlükəsizliyinin təmin edilməsi adı altında güc tətbiq edir. Bu təcrübəni həmişə görmüşük. Azərbaycan Konstitusiyasında ikili vətəndaşlığa icazə verilməməsi də məhz bu cür çirkin niyyətlərin qarşısının alınmasına xidmət edir. İndi Xankəndidə olan Rusiya vətəndaşlarının hüquqlarının təminatı adı altında Rusiya müəyyən xoşagəlməz addımlar atmaq niyyətinə düşə bilər. Kimliyindən asılı olmayaraq istər Xankəndində, istər Azərbaycanın digər bölgələrində digər dövlətlərin vətəndaşları yaşayırsa onlar Azərbaycanda yaşamalarını qanuniləşdirməlidirlər. Azərbaycanın paytaxtında və müxtəlif bölgələrində rus millətindən olan çoxlu sayda vətəndaşlarımız yaşayırlar və onlar tam hüquqlu vətəndaşlardırlar. Hətta onların sıralarından Azərbaycanın  ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olan, milli qəhrəman adına layiq görülən rus millətindən olan vətəndaşlarımız da var. Amma Bordov kimi adamların çirkin niyyətlərinin qarşısının alınması üçün Azərbaycan dövləti lazımi addımlar atmalı və diplomatik kanallarla Rusiyaya çatdırılmalıdır ki, Qarabağda ikinci çirkin kartın açılması yolverilməzdir”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR