İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda mühüm toplantı: Azərbaycandan Avropaya enerji ixracı diqqətdə

760 04.02.2023 11:28 İqtisadiyyat A A

İlham Əliyev: “Artıq enerji təhlükəsizliyi milli təhlükəsizlik məsələsinə çevrilib”

Fevralın 3-də Bakıda, “Gülüstan” sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasları keçirilib.

Tədbirlərdə Avropa Komissiyasının, Türkiyə, İtaliya, ABŞ, Böyük Britaniya, Gürcüstan, Macarıstan, Rumıniya, Bolqarıstan, Yunanıstan, Albaniya, Moldova, Monteneqro, Serbiya, Ukrayna və Xorvatiyanın yüksək səviyyəli nümayəndələri iştirak ediblər. Həmçinin SOCAR, BP, BOTAŞ, TANAP, TAP, TPAO, TAQA, Bulgargaz EAD, Bulgartransgaz, İCGB, Fluxys, ROMGAZ SA, SACE, Desfa, TotalEnergies, FGSZ Ltd, SNAM, Uniper, Petronas, ACWA Power, Masdar, Fortescue Future Industries, WindEurope, SolarPower Europe kimi enerji şirkətləri, Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı, Asiya İnkişaf Bankı və digər maliyyə qurumları təmsil olunub.

Tədbirdə çıxış edən Prezident İlham Əliyev bildirib ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının səkkizinci toplantısından sonra dünyada çoxlu dəyişikliklər baş verib, enerji təhlükəsizliyi milli təhlükəsizlik məsələsinə çevrilib. Onun sözlərinə görə, Cənub Qaz Dəhlizi iki ildən bir az çox vaxt əvvəl açılıb: “Bu gün biz artıq TANAP-ın 16 milyard kubmetrdən 30 milyard kubmetrə qədər genişləndirilməsini nəzərdən keçiririk və TAP-ın 10 milyard kubmetrdən 20 milyard kubmetrə genişləndirilməsi haqqında danışırıq. Bu, alternativ enerji mənbəyinə böyük ehtiyac duyulduğunu göstərir. Bu, enerji təchizatının davamlı şaxələndirilməsinin zəruriliyini nümayiş etdirir. Biz buna hazırıq”.

Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və  Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının  açılışı olub - YENİLƏNİB 2 - FOTOLAR | "Nuhçıxan" İnformasiya Agentliyi

Azərbaycan Prezidenti 2022-ci ilin iyulunda Bakıda Avropa Komissiyasının rəhbəri  ilə enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında Memorandumun imzalanması, Yunanıstanla Bolqarıstan arasında interkonnektorun açılmasını ötən ilin mühüm hadisələri adlandırıb: “Təbii ki, dekabr ayı enerji təhlükəsizliyi üçün çox vacib idi, çünki iki mühüm hadisə baş tutdu. Birincisi, biz Azərbaycan və Rumıniya qaz təchizatı haqqında saziş imzaladıq və qaz təchizatı bu yaxınlarda başlayacaq. Biz həmçinin, Yaşıl Enerjinin İstehsalı və Nəqli sahəsində Sazişi Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında imzaladıq. Bu, səylərimiz üçün əlavə əməkdaşlıq imkanını yaradacaq enerji təhlükəsizliyində bir növ yeni səhifə açacaq. Bir sözlə, bunlar vacib hadisələr idi.

Əgər bu il haqqında danışsaq, yanvar ayında biz Azərbaycan ilə Macarıstan arasında qaz təchizatı sahəsində Anlaşma Memorandumunu imzaladıq və beləliklə, heyətimizə üzv olan ölkələrin sayı artır. Bütün bunlar, ilk növbədə, cəlb edilmiş ölkələrlə sıx siyasi münasibətlər, fəal əlaqələndirmə və Avropa Komissiyası ilə Azərbaycanın bu təşəbbüslərə səmərəli rəhbərliyi sayəsində mümkün olmuşdur. Bu, həmçinin Avropa İttifaqı ilə Azərbaycan arasında başlamış və rəsmi çərçivəyə salınmış enerji dialoqunu da nümayiş etdirdi. Həmin dialoq təbii qazı, elektrik enerjisini, hidrogeni və yaşıl hidrogeni əhatə edir. Hesab edirəm bu, əməkdaşlığımızın çox nadir və səmərəli formatıdır".

Prezident Azərbaycanın həm qaz hasilatını artırmağı, həm də ölkə daxilində enerji səmərəliliyini təmin etməyi planlaşdırdığını bildirib: “Biz itkilərin azaldılması proqramı, o cümlədən elektrik enerji və təbii qazın kombinasiyası əsasında daxili istehlak proqramı üzərində çalışırıq. Beləliklə, Azərbaycanda elektrik enerjisinin istehsalında istifadə olunan təbii qaza ixrac məqsədilə daha çox qənaət etmiş olarıq”.

Azərbaycanın elektrik və yaşıl enerji ixracatçısına çevrilməsi istiqamətində görülən işlərdən danışan İ.Əliyev bu prosesə getdikcə daha çox ölkənin cəlb olunacağını qeyd edib: “Bu gün komandamızda yalnız dörd iştirakçı ölkə olsa da, bu sayın artma potensialı var, çünki biz düşünürük ki, yalnız hökumətlər deyil, şirkətlər də bu mühüm təşəbbüsdə iştirak etməyə maraq göstərəcəklər.

İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında çıxış edib -  YENİLƏNİR - FOTO/VİDEO » ATV XƏBƏR

Bu gün biz Azərbaycanda “Masdar” və “ACWA Power” kimi investorlarla birlikdə günəş və külək enerjisinin istehsalı ilə bağlı iki sərmayə layihəsini həyata keçiririk. Bu layihələrin ümumi həcmi 470 meqavatdır. Həmçinin bu yaxınlarda BP şirkəti ilə birlikdə bir layihənin icrasına başlayacağıq. Bu, işğaldan azad olunmuş Cəbrayıl rayonunun ərazisində inşa ediləcək 240 meqavatlıq elektrik stansiyası olacaqdır. Yəni, cəmi 710 meqavat. Hər şey plan üzrə gedərsə, təxminən bir il və ya ilyarım ərzində biz bu həcmdə bərpaolunan enerji istehsal edəcəyik. Bu isə yüz milyonlarla kubmetr qaza ixrac məqsədləri üçün qənaət etməyə imkan verəcək.

Bərpa olunan enerji ilə bağlı planlarımıza gəldikdə, artıq qeyd etdiklərimə əlavə olaraq deyə bilərəm ki, hələ ki, üç əsas enerji şirkəti ilə aramızda razılaşdırılmış və imzalanmış anlaşma memorandumu var. Onlara uyğun olaraq həm quruda, həm də dənizdə 25 qiqavat bərpaolunan günəş və külək enerjisi istehsal ediləcəkdir. Bu həcmin 10 qiqavatı “Masdar” şirkəti, 12 qiqavatı “Fortescue” şirkəti tərəfindən istehsal olunacaqdır. “ACWA Power” şirkəti isə bugünkü mərasimdə imzalanmış və hazırda icra olunan razılaşmaya əlavə olaraq 2,5 qiqavat enerjinin istehsalı üzrə öhdəlik götürəcəkdir. Bu, həqiqətən də çox böyük potensialdır".

Azərbaycan, həmçinin çox böyük yaşıl enerji potensialına malikdir. Bu, artıq təsdiq olunmuş faktdır. Yalnız dənizdə külək enerjisinin potensialı 157 qiqavatdır, quruda külək və günəş enerjisinin potensialı 27 qiqavatdır, iki ildən də artıq müddət əvvəl Vətən müharibəsi zamanı azad etdiyimiz torpaqlarda 10 qiqavata yaxındır. Biz, həmçinin Naxçıvan Muxtar Respublikasında böyük bərpaolunan enerji potensialı müəyyən etmişik. Hazırda 500 meqavatlıq günəş elektrik stansiyasının tikintisinin mümkünlüyü ilə bağlı danışıqlar aparılır. Düşünürəm ki, bu potensial daha artıq olacaqdır. Yəni, hazırda əlimizdə olan imkanlar bunlardan ibarətdir".

Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz bildirib ki, Azərbaycan Cənub Qaz Dəhlizinin reallaşması ideyasını irəli sürməklə və bu beynəlxalq əhəmiyyətli iqtisadi layihəni reallaşdırmaqla etibarlı tərəfdaş olduğunu sübuta yetirib.  Nazir qeyd edib ki, Türkiyə ilə Azərbaycanın əməkdaşlığı sahəsində bu gün Avropaya qaz ixrac edilir.Onun sözlərinə görə, yaşıl enerjinin dünyada əhəmiyyəti artır və Azərbaycanın da alternativ enerji ixrac etmək üçün böyük potensialı var. Xəzər dənizinin alternativ enerji mənbələrinin istismarı və ixracı çox real bir layihədir. Bu layihə həyata keçirildikdən sonra Cənub Qaz Dəhlizi Yaşıl Dəhəlizə çevriləcək.

Tədbirdə iştirak edən Rumıniya Prezidenti Klaus Yohannis qeyd edib ki, Avropa 2022-ci ildə biz görünməmiş enerji çağırışları ilə üzləşib. Qazın çatışmaması və ya münasib əlçatan qaz təşkilatının olmaması, qiymətlərin dəyişkənliyi və bazarda qeyri-sabitlik baş verib. Onun sözlərinə görə, bu çağırışlar kompleks siyasət və tənzimləyici qaydaları tələb edir: “Avropa bazarına Xəzər qazının çatdırılması barədə Azərbaycan adından Prezident Əliyev tərəfindən şəxsən verilmiş təminatlar bazarlar üçün ən çətin anda çoxdan tələb olunan sabitlik və proqnozlaşdırmanı təmin edə bildi”.

Cənub Qaz Dəhlizi özünün Avropanın enerji təhlükəsizliyi üçün strateji vacibliyini sübut edib. Hazırda bu dəhliz həmişəkindən daha vacibdir.

Avropa İttifaqının (Aİ) enerji komissarı Kadri Simson bəyan edib ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 9-cu iclası mürəkkəb bir dövrə - qlobal inkişafın risk altında olduğu və enerji təhlükəsizliyinin diqqət mərkəzinə düşdüyü bir dövrə təsadüf edir. Kadri Simson bildirib ki, Məşvərət Şurasının bu iclası Aİ, Azərbaycan və digər tərəfdaşların enerji böhranına cavab vermək və stabillik üçün birgə əməkdaşlıq etdiklərini göstərmək üçün bir fürsətdir.

Azərbaycan Prezidenti Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında çıxış  edib - YENİLƏNİB 2 - VİDEO | KONKRET

Aİ Komissarının sözlərinə görə, Aİ və Azərbaycan arasında çox uğurlu əməkdaşlıq mövcuddur. O əlavə edib ki, Aİ və Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq barədə memorandum Cənub Qaz Dəhlizinin həm Aİ, həm də Azərbaycan üçün vacib rolu olduğunu göstərir.

O, bu dəhliz vasitəsilə qaz həcminin artdığını xatırladaraq vurğulayıb ki, bu həcmin artması Avropa enerji resurslarının diversifikasiyasına, qaz tədarükünün stabilliyinə və təhlükəsizliyinə ciddi töhfə verib: “Azərbaycandan Aİ-yə qaz tədarükü artıb. Bu, bizim Azərbaycanla artan diplomatik əlaqələrimizlə də üst-üstə düşür. Mövcud böhranı fürsətə çevirmək üçün qarşılıqlı qətiyyət var. Həmçinin bu əməkdaşlığımızın bizi gələcəkdə hansı nöqtəyə gətirəcəyinə də diqqət etməliyik. Qarşıdakı on illiklərdə təbii qaz Avropanın enerji keçidində vacib rol oynayacaq”.

Kadri Simson Aİ-nin bərpaolunan enerji sahəsində Azərbaycanla əməkdaşlıq marağından da danışıb. Aİ-nin enerji komissarı Azərbaycanın külək enerjisi sahəsində potensialını vurğulayıb: “Azərbaycanın Aİ-yə bərpaolunan enerji və hidrogen enerjisi ixrac edən ölkə olmaq potensialı var. Bizim ”EU fior Energy" proqramı artıq bu istiqamətdə Azərbaycana dəstək verir. Biz texnologiya və özəl sərmayə təqdim edirik"

Macarıstanın ticarət və xarici işlər naziri Peter Siyarto çıxışında bildirib ki, diversifikasiyanın sadəcə xəyal olaraq qalmaması üçün Avropa Komissiyası da öz tapşırıqlarını yerinə yetirməli və Cənub-Şərqi Avropada lazımi infrastrukturun inkişafına dəstək verməlidir. Eyni zamanda, P. Siyarto qeyd edib ki, bunun müəyyən ilkin infrastruktur şərtləri var: “Trans-Anadolu qaz-boru kəmərinin ötürmə qabiliyyətinin artırılması yaxşı xəbər olsa da, Cənub-Şərqi Avropada da mühüm şəbəkə inkişafı proqramları həyata keçirilməlidir. Buna görə də Macarıstan, Bolqarıstan, Rumıniya və Slovakiya Avropa Komissiyasına müraciət edib ki, məsələyə prioritet kimi yanaşılsın və Mərkəzi Avropa regionunun enerji təhlükəsizliyinin təmin edilməsi üçün zəruri olan tədbirlər dəstəklənsin. Əgər Avropa İttifaqı diversifikasiyadan təkcə siyasi kommunikasiya vasitəsi kimi istifadə etmirsə, o zaman Brüsselin Cənub-Şərqi Avropada lazımi infrastruktur inkişaflarını hərəkətə keçirmək və maliyyələşdirmək, beləliklə, Azərbaycandan artan qaz hasilatının cəlb olunmasına imkan yaratmaq vaxtıdır”.

Nazir bu həftə Macarıstan və Azərbaycan arasında təbii qaz üzrə anlaşma memorandumunun imzalandığını xatırladaraq vurğulayıb ki, ən real ssenari Avropanın mərkəzi hissəsinə çatdırılacaq Azərbaycan qazının hasilatını artırmaqdır.

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR