İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda Afrika Günü ilə bağlı mərakeşli fotoqrafın sərgisi açılıb – Fotolar

740 26.05.2022 13:33 Mədəniyyət A A

Mayın 25-də Bakıda tanınmış mərakeşli fotoqraf Məhəmməd Tazinin “African Soul” (“Afrika ruhu”) adlı sərgisinin açılışı olub.

Musavat.com bildirir ki, sərgi Mərakeşin Azərbaycandakı Səfirliyinin dəstəyi ilə “Dəniz Mall”da təşkil olunub.

Sərginin açılışında Mərakeşin Azərbaycandakı səfiri Məhəmməd Adil Embarş, müxtəlif səfirliklərin nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edən səfir Məhəmməd Adil Embarş sərginin Azərbaycan ilə Mərakeş arasında inkişaf edən əməkdaşlığının rəmzi olduğunu bildirib: “Bildiyiniz kimi, hər il mayın 25-də dünya Afrika Gününü qeyd edir ki, bu da Afrikanın güclü mədəni kimliyini, ümumi irsini, eləcə də sosial-iqtisadi nailiyyətlərini qeyd etmək üçün bir fürsətdir. Mərakeş isə köklü bir Afrika ölkəsi olaraq və əlahəzrət Kral VI Məhəmməd tərəfindən irəli sürülən aydın vizyondan ilhamlanaraq, bu gün burada olduğu kimi təkcə Afrikanı tanıtmaq üçün deyil, həm də Afrika xalqının rifahı üçün ərzaq və enerji təhlükəsizliyi, azad sağlamlıq idarəsinə nail olmağa çalışan layihələr vasitəsilə sosial və iqtisadi inkişafını təmin etmək üçün hər zaman ö sıralarda olub”.

Daha sonra səfir fotoqraf Məhəmməd Tazi haqqında qonaqlara məlumat verib: “Məhəmməd Tazi peşəkar fotoqraf deyil, bir sahibkardır. Lakin o, fotoqrafiyaya o qədər həvəslidir ki, unikal məqamları və kadrları çəkmək və əbədiləşdirmək üçün həmişə sərhədləri aşan səylər göstərir. O, hər zaman yeni rənglər və yeni mühit axtarışında olduğu üçün çox səyahət edən biridir. Əsərlərinin bir çoxu “National Geographic”, “Forbes Magazine, “Wild Planet” və s kimi dünyaca məşhur jurnallarda dərc olunub O, Amerika Fotoşəkilləri Cəmiyyəti tərəfindən İlin Şəkli Mükafatı da daxil olmaqla bir sıra mükafatlara layiq görülüb”.

Fotoqraf M.Tazi isə əsərlərinin Bakıda təqdim etməkdən şad olduğunu bildirib: “Gözəllikləri ilə məni heyran edən Azərbaycanda olmaq mənim üçün şərəfdir”.
Sərgi iyunun 5-dək davam edəcək.

Xatırladaq ki, Afrika Günü BMT-nin qərarı ilə hər il mayın 25-də Afrika İttifaqı ölkələri tərəfindən qeyd olunur.

Xalidə Gəray
Fotolar müəllifindir
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR