İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda 1 gecədə 2 qətl – zorakılığa meyllənmə niyə artıb?  

1093 20.07.2024 12:33 Kriminal A A

 Ötən gecə Bakıda iki qətl hadisəsi törədilib. Gecə saat 1 radələrində paytaxtın Nizami rayonu ərazisində 1949-cu il təvəllüdlü Tahir Əliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Musavat.com xəbər verir ki, bu barədə Nizami rayon prokurorluğu məlumat yayıb. Araşdırma zamanı 1965-ci il təvəllüdlü Zahid İsayevin aralarında yaranmış mübahisə zamanı bıçaqla Tahir Əliyevə xəsarətlər yetirməklə onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Zahid İsayev iş üzrə şübhəli şəxs qismində tutulub. Qəsdən adam öldürmə faktına görə cinayət işi başlanıb.

Bakının Qaradağ rayonunda isə oğul anasını qətlə yetirib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Qaradağ rayonu, Ümid qəsəbəsində 1967-ci il təvəllüdlü Aybəniz Məhəmməd qızı Şükürzadənin kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. Cinayət əməlini törətməkdə şübhəli bilinən oğlu 1991-ci il təvəllüdlü Kamran Etibar oğlu Şükürzadə saxlanılıb. O, polisə könüllü gəlib. Faktla bağlı araşdırma aparılır.

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov Musavat.com-a deyib ki, bu gün insanların zorakılığa meyllənməsində müxtəlif amillərin rolu var:

“Adamlar gecə yarısına qədər yatmayıb sosial şəbəkələrdə mənasız xəbərlərə, heç bir əhəmiyyəti olmayan lağlağı videolara baxırlar. Bütün günlərini belə, bu şəkildə keçirirlər. Ona görə də hərəkətsizlik, işsizlik, nəticə etibarı ilə pulsuzluqdan, yuxusuzluqdan doğan aqressiya yaranır. Ailədə söz-söhbət, qadınların deyinməsi də psixoloji zorakılığa gətirib çıxarır. Digər tərəfdən də təhsilsizlik, mental dəyərlərə aşırı diqqət belə cinayətlərin ortaya çıxmasına səbəb olur. Bundan başqa Azərbaycandakı qaydalarla məhbuslar islah olunmur. El arasında belə deyilir ki, bu bədbəxt oğlu tutuldu, çıxdı yenə cinayət törədəcək. Son məhkəmə statikasına baxın, əgər cinayətləri törətmiş şəxslərin bir çoxları əvvəllər məhkumluq həyatı yaşayan insanlardısa, o zaman niyə islah olunmayıblar? Demək, cəzaçəkmə müəssisəsi onu islah edə bilmir. Yazılmamış qanunlar imkan vermir ki, məhbus islah olunsun”.

Natiq Ələsgərov deyib ki, insanlar ən çox o hallarda cinayət törədirlər ki, psixoloji durumları yerində olmur:  “Nəticədə belə dəhşətli qətllərin şahidi oluruq. Hazırda bütün dünyada qloballaşma prosesi gedir. Hər yerdə vəziyyət mürəkkəbləşir. Bu zaman həmin cəmiyyətin dəyərləri getdikcə itir. Bu dəyərlər təəssüf ki, indiki vaxtda daha çox pula bağlıdır. İnsanlarımızın bir çoxunda sabaha ümidin azalması, psixoloji gərginliyin yaranması kimi hallar baş verir. İnsanlar normal tarazlıq halından çıxıb, elə hallar yaşayır ki, onu normal təfəkkürlə izah etmək mümkün deyil. Ölkəmizdə də belə gərginliklər getdikcə artır. İnsanların borcları, ehtiyacları çoxalır, digər tərəfdən mənəvi dəyərlərdə elə dəyişikliklər baş verir ki, indiki vaxtda insanlar buna hazır deyil”.

 

E.MƏMMƏDƏLİYEV,

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR