İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı oyuncaq rejimin son “nəfəsliyini” də bağlayır

2911 30.03.2023 09:40 Siyasət A A

Xankəndinə güllə atmadan yaxınlaşırıq; Kremlin bəslədiyi separatçılar ətrafında mühasirə daralır - mühüm gəlişmə

Azərbaycan Ordusunun Qarabağda, Rusiya “sülhməramlı” qüvvələrinin müvəqqəti nəzarət zonasında növbəti və səliqəli uğurlu əməliyyatı, daha bir neçə yüksəkliyi güllə atmadan nəzarətə götürməsi Bakının öz ərazi bütövlüyü və suverenliyi məsələsində heç kəsə zərrəcə güzəştə getməyəcəyini dünyaya bir daha nümayiş etdirdi. Azərbaycan dövlətinin xəbərdarlıqlarının boşuna edilmədiyini növbəti dəfə təsdiqlədi.

Qarabağdakı separatçı ünsürlərə silah təminatı yollarını bağlamaq isə “tısbağanı arxası üstə qoymaq”la eyni şeydir. Yəni qansız və tədrici ölümə məhkum eləmək. Kriminal-terrorçu elementlərin silahlanma baxımından nəzəri cəhətcə indi yeganə bir “nəfəsliyi” qalır. Bu da hələ ki rəsmən işlək olan, 4 aydır etiraz aksiyasının keçirildiyi Laçın yoludur. Lakin həmin yolun sərhədimizdəki girişində nəzarət postunu qoymaqla Azərbaycan onu da tezliklə qapadacaq. Təbii ki, yol sırf humanitar məqsədlər üçün açıq olacaq.

Separatçılara hərbi təminat yollarının tam qapadılması isə Rusiyanın bölgədəki təxribatçı planlar üçün də “oksigen kranı”nın bağlanması anlamına gələcək. Ona görə ki, Qarabağdakı separatçıların silah-sursatı, mina təchizatı olmayacaqsa, Rusiya bu işdə onlara ciddi kömək göstərə bilməyəcəksə, o zaman Moskvanın ermənilərin əli ilə Bakıya qarşı anklavda həm silahlı təxribat törətmək imkanları tükənəcək, həm də oradakı əhalinin Azərbaycana dinc inteqrasiyası artıq zaman məsələsinə çevriləcək. Hansı inteqrasiya ki, Rusiyaya lazım deyil. Çünki o halda rus hərbçilərini Qarabağa bağlayan heç bir bəhanə qalmayacaq.

Ermənilərin silah daşınan yolları bağlanır - Azərbaycan əraziyə özü nəzarət  edəcək

10 noyabr kapitulyasiya sənədinin 4-cü bəndini Rusiyanın hələ də riyakarcasına həyata keçirməməsində motiv də budur: artıq gün kimi aydındır ki, Rusiya hərbi kontingenti Qarabağda qanunsuz dəstələri tərk-silah eləməyə yox, əksinə, onları Azərbaycana qarşı daha da silahlandırmağa və qızışdırmağa gəlib. Kremlin boşa çıxan “Vardanyan layihəsi”, süni “Rus icması” projesi də müstəsna olaraq buna hesablanıb.  

Bu xüsusda politoloq, təhlükəsizlik üzrə ekspert Ərəstun Oruclu tamamilə haqlıdır deyəndə ki, Azərbaycan Ordusu gizli Xankəndi-Xəlfəli-Turşsu və bu marşrutdan şimalda keçən Xankəndi-Kosalar-Mirzələr-Turşsu torpaq yollarını nəzarətə götürməklə əslində Rusiyanın Azərbaycana qarşı dəhşətli planlarının qarşısını almış olub. Söhbət həm də ermənilər və ruslarla birgə ölkəmizə qarşı cürbəcür ortaq və çirkin oyunlar quran cənub qonşumuz İranın Qarabağa əl çatanlığının faktiki sıfırlanmasından gedir.

Rusiya sülhməramlıları ermənilərin hərbi yüklərini müşayiət edir –  Azərbaycan Müdafiə Nazirliyi | Azadliq

Bu mənada politoloq hesab edir ki, İranı Azərbaycana qarşı hər hansı təhrikçi addımlara sövq etməklə Rusiya Cənubi Qafqaz, o cümlədən Azərbaycan üçün özündən xilaskar düzəltməyə çalışa bilər. “Mümkün ssenarilərdən biri budur. Rusiya İran-Azərbaycan münasibətlərinin gərginləşməsində birmənalı şəkildə maraqlıdır”, - deyə o vurğulayıb.

***

Qarabağ anklavındakı duruma gəlincə, son baş verənlər fonunda separatçılar arasında ümidsizlik və panika böyüməkdə, ətraflarındakı həlqə daralmaqdadır. Prosesin məntiqi sonluğunun nə olacağını artıq Ermənistandakı radikal-revanşist qüvvələr də anlamağa başlayıb. Təlaş içindədirlər.

“Azərbaycan Qarabağ ətrafında dairəni daraltmaqda davam edəcək”.

Ermənistanın sonu yaxınlaşır: Əliyev Paşinyana nə qədər vaxt verib

Bu barədə Ermənistan parlamentində müxalif “Şərəf duyuram” parlament fraksiyasının katibi Tiqran Abramyan bildiriıb.

“Ümumiyyətlə, Azərbaycanın hərəkətlərinin məqsədi nədir - Qarabağ ətrafında çevrəni o qədər daraltmaq ki, Azərbaycanın gözlədiyi tələblərin ödənilməsi bir neçə günün işi olsun”, - deyə Abramyan deyib.

Revanşist müxalifətçinin sözlərinə görə, İrəvan Azərbaycanın müəyyən etdiyi yol xəritəsini həyata keçirməsinə mane olmalıdır, çünki son mərhələdə alternativ olmayacaq. “Əks halda, gələcəkdə müqavimət resursları tamamilə tükənəcək”, - deyə Tiqran Abramyan öz facebook səhifəsində yazıb.

“Moskva-İrəvan münasibətlərindəki hazırkı vəziyyət Qarabağ separatçılarını çıxılmaz vəziyyətə sürükləyir”.

Bunu isə politoloq Elxan Şahinoğlu deyib. O, Rusiya hərbçilərinin bu arada Zəngəzurda keçirdiyi təlimlərə də diqqət çəkib: “Bu təlimlər Azərbaycanın əleyhinədir. Kreml bununla demək istəyir ki, Paşinyanın siyasətindən narazı qalsa da, Ermənistanın Azərbaycan qarşısında gücsüz qalmasını da istəmir. Buna baxmayaraq, Kreml-İrəvan münasibətləri tarixin ən soyuq dövrünü yaşayır ki, bu, bizim maraqlarımıza uyğundur. Moskva-İrəvan münasibətlərində hazırkı vəziyyət Qarabağ separatçılarını çıxılmaz vəziyyətə sürükləyir. Erməni separatçıları Qarabağda Rusiyasız "fəaliyyət"lərinə davam edə bilməyəcəklərini anlayırlar".

Ancaq politoloqa görə, Kremlin Qarabağdakı Rusiya hərbi kontingentinə verdiyi hazırkı tapşırıq bundan ibarətdir ki, Azərbaycan hərbçiləri ilə toqquşmamalıdırlar. “Bu da erməniləri ciddi narahat edir. Çünki erməni separatçıları Rusiya hərbi kontingentinin Azərbaycan hərbçilərini dayandırmasını istəyir. Bu baş vermədiyi üçün separatçıların Rusiyadan məyusluğu artır. Bu o demək deyil ki, Rusiya Azərbaycanın maraqlarına uyğun hərəkət edir, sadəcə, biz Qarabağda hədəflərimizə doğru irəliləməkdə davam edə bilərik”.

Davam da edirik və edəcəyik. Xankəndinə doğru məsafə aybaay kiçilməkdədir. Özü də güllə atmadan...

Siyasət şöbəsi,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR