İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı görüş yeri ilə bağlı Ermənistanın nazı ilə oynamayacaq

1263 17.11.2023 12:51 Siyasət A A

İrəvan danışıqlar üçün Moskvaya getməkdən qorxur; Qərb paytaxtlarını isə ona görə istəyirlər ki... 

Sülh sazişini yekunlaşdırmaq üçün bu formatda danışıqları davam etdirməyə və mümkünsə, ilin sonuna qədər sülh sazişi imzalamağa hazırıq. “Yeni Müsavat”ın xəbərinə görə, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Azərbaycanla sülh danışıqları barədə danışarkən deyib. 

O deyib ki, Ermənistan-Azərbaycan danışıqları tezliklə Brüssel və ya Vaşinqtonda baş tuta bilər. Qriqoryan əlavə edib ki, ABŞ dövlət katibinin xüsusi nümayəndəsi Lui Bononun regiona səfərinin məqsədlərindən biri də Vaşinqtonda görüş təşkil etməkdir. İrəvan rəsmilərinin niyə hələ də Moskvaya getməməsi ilə bağlı sualı cavablandıran Qriqoryan “biz vacib hesab etdiyimiz, hazırda fürsət gördüyümüz və aydın təkliflər aldığımız yerə gedirik” deyib. 

Yada salaq ki, xarici işlər nazirləri sonuncu dəfə iyunun sonunda Vaşinqtonda üç günlük danışıqlar aparıblar. Onların oktyabr ayında regional “3+3" platforması çərçivəsində qeyri-rəsmi əlaqəsi olub.

Moskvadan həm liderlərin, həm də xarici işlər nazirlərinin görüşünün təşkili ilə bağlı təkliflər irəli sürülüb, lakin son dövrlərdə Ermənistanla Rusiya arasında açıq-aşkar gərgin münasibətlər fonunda İrəvandan cavab gəlməyib.

İrəvan rəsmiləri deyirlər ki, bu ilin iyun ayının sonundan bəri Rusiyanın sülh müqaviləsi ilə bağlı yeni ideyası yoxdur.

Ermənistan və Azərbaycan liderlərinin əvvəl Qranada da, oktyabrın sonunda isə Brüsseldə keçirilməsi planlaşdırılan görüşü Fransanın “burnunu soxması” nəticəsində baş tutmamışdı. Azərbaycan Prezidenti İlham Əliyev son olaraq Tiflisin vasitəçiliyini təklif edib. Ermənistanın baş naziri Paşinyan isə nə Tiflis variantında, nə də İlham Əliyevlə təkbətək görüşdə maraqlıdır. 

Paşinyan danışıqlar platformasında Fransa kimi bir gücün olmasını, Azərbaycana təzyiq göstərməsini arzulayır. Paşinyan yanlış olaraq inanmaq istəyir ki, Fransa başda olmaqla, Aİ Azərbaycana təzyiqlər, sanksiya təhdidləri etməklə vəziyyəti Ermənistanın xeyrinə dəyişə bilər. O səbəbdən Azərbaycanın təklif etdiyi ikitərəfli danışıqlara, bu olmasa, tərəfsiz bir ölkənin vasitəçiliyi ilə, məsələn, Gürcüstanla müzakirələrin aparılmasına razılıq vermir. 

Yeri gəlmişkən, İrəvanın Rusiya vasitəçiliyinə qarşı olması ötən ilin dekabrında Moskvada keçirilməsi nəzərdə tutulan üçtərəfli görüşü Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın qatılmaması da təsdiqləyirdi. 

Prezident İlham Əliyev isə oktyabrın 11-də MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçılarını qəbul edərkən Ermənistanın Rusiya vasitəçiliyinə qarşı olduğunu qeyd etmişdi. “Erməni tərəfinin Rusiya Federasiyasının vasitəçiliyindən imtina edəcəyi təqdirdə, düşünürəm ki, Azərbaycanla Ermənistanın xarici işlər nazirləri arasında birbaşa danışıqlar alternativ ola bilər. Hər hansı digər platformalar öz xidmətlərini təklif edən həmin ölkələrin Azərbaycana deyil, həqiqətə, haqlı mövqeyə və beynəlxalq hüquqa münasibəti nəzərə alınmaqla tərəfimizdən təhlil ediləcək”, - Prezident İlham Əliyev qeyd edib. 

İrəvanın Moskvanın vasitəçiliyindən imtinası öz işidir, amma bu o demək deyil ki, Azərbaycan Ermənistanın könlü xoş olsun deyə onun arzuladığı yerdə görüşəcək. Prezidentdən yuxarıda xatırladığımız sitat da belə düşünməyə əsas verir. 

Ermənistanı DƏHŞƏT gözləyir

Aqşin Kərimov 

Siyasi şərhçi Aqşin Kərimov sülh danışıqlarının niyə Moskvada olmamasını Rusiya-Ermənistan əlaqələri ilə izah edir: “Cənubi Qafqaz qlobal siyasi qarşıdurmaların qaynar nöqtələrindən birinə çevrilmək ərəfəsindədir. Özü də belə barıt çəlləyini odlamaq missiyasında Ermənistanın "piyada" kimi təmsilçiliyi artır. Baş nazir Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Minskdə keçiriləcək sessiyasında iştirakdan imtina edir, paralel olaraq Rusiyanın ölkəsindəki hərbi bazasından tutmuş digər siyasi vektorlarına qarşı genişmiqyaslı kampaniyaya start verir. İndi proqnoz doğur ki, Ermənistan qərbyönümlü oriyentasiyasına sadiq qalsa, ölkə daxilində xaotik vəziyyətin yaradılması üçün düymələr bərk sıxılacaq. Bu ssenari üzrə ciddilik əmsalını zaman göstərəcək, lakin artıq Rusiya üçün də, Ermənistan üçün də ox yaydan çıxmış vəziyyətdədir".

Təhlilçi Asif Nərimanlının sözlərinə görə, Paşinyan Paris Sülh Forumunda çıxışı zamanı Azərbaycanla sülh üçün məlum 3 prinsipi - ərazi bütövlüyü, sərhədin Almatı Bəyannaməsinə uyğun delimitasiyası və kommunikasiyanın açılmasında yurisdikasiya çərçivəsində açılmasını (bununla dəhliz məntiqini arxa plana keçirir) - yenidən təkrarlayıb: “Və əlavə edib ki, indi ən vacib nüans Bakının Brüsseldə artıq razılaşdırılmış və Mişelin bəyanatlarında yer alan məsələləri bir daha təsdiq edib-etməyəcəyidir. Nikol bununla yenidən planlaşdırılan Brüssel görüşündən öncə Bakını dilemma qarşısında qoymağa çalışır: Azərbaycan görüşə getməsə, "sülh sazişində maraqlı olmayan tərəf" kimi təqdim ediləcək; görüşdə iştirak etsə, İrəvanın dediyi üç prinsipi yenidən təsdiq etməlidir". Ekspertin fikrincə, hərçənd rəsmi Bakı üçün Brüssel formatı müharibədən sonra Qərb cəbhəsində Minsk Qrupunun “dirildilməsinə” qarşı alternativ xarakter daşıyırdı və xüsusilə Qarabağa (ermənilərin yaşadığı ərazilər) görə lazım idi: “Qarabağ məsələsi tamamilə həll ediləndən sonra sərhədin necə delimitasiyası edilməsi və kommunikasiyanın hansı prinsiplə açılması məsələsində Qərb masası maraqlarımıza tam cavab vermir. Bundan sonra məsələlərin regional müstəvidə həlli prinsipi ön plandadır”.

Fransanın qərəzli mövqeyi (Murad Özkalili, Məhəmməd Əsədullazadə) - ARB24  (Gündəm) - YouTube

Məhəmməd Əsədullazadə

Siyasi icmalçı Məhəmməd Əsədullazadə isə hesab edir ki, ABŞ və Avropa İttifaqı Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasında maraqlı deyil: “Fransanın təlimatı ilə Avropa İttifaqının Prezidenti Şarl Mişel, xarici siyasət və təhlükəsizlik məsələləri üzrə komissarı Cozef Borrel Azərbaycana qarşı Ermənistanın avantürist siyasətini dəstəkləmək kursu götürüblər. Bu ritorika ilə Avropa İttifaqının Ermənistanla Azərbaycan arasında vasitəçilik missiyasını praktiki şəkildə davam etdirməsi mümkün deyil. Əgər Brüssel əvvəlki kursunu davam etdirsəydi, iki ölkə arasında sülh müqaviləsinin bağlanması yekunlaşa bilərdi. Avropa İttifaqı və ABŞ isə hesab edir ki, Ermənistana siyasi dəstək verməklə, Azərbaycana təzyiq siyasəti ilə Cənubi Qafqazda geosiyasi mövqelərini möhkəmləndirəcək”. 

Ekspertin qənaətinə görə, əslində ABŞ və Aİ sülh müqaviləsinin bağlanması istiqamətində real işlər görə bilər: “Hazırda Rusiyanin Ermənistanda dayaqları zəifləyib. Qərbin Ermənistan hakimiyyətinə kifayət qədər təsirlərini nəzərə alsaq, sülh müqaviləsinin bağlanması mümkündür. Amma izlədikləri siyasət regionda hərbi eskalasiyaya gətirib çıxaracaq bir prosesdir. Bu gün Avropa İttifaqının tutduğu siyasi kursla Ermənistan revanşizmə dəstək verir. Qərb Rusiyanı Ermənistandan uzaqlaşdırmaq siyasətini Azərbaycana təzyiq və sülhə mane olacaq müstəvidə həyata keçirir”. 

Emil SALAMOĞLU
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR