İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanlı rejissorun filmi kinofestivalda seçilmiş filmlər siyahısında FOTO

1304 28.05.2022 15:34 Mədəniyyət A A

Azərbaycanda istehsal olunmuş “100 il şərəfli ömür” filmi və “Nobel qardaşlarının ilk uğuru” sənədli filmləri daha bir uğura imza atıb. Belə ki, Azərbaycanın tanınmış xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevdən bəhs edən “100 il şərəfli ömür” filmi 2022 Panama Series Festivalında seçilmiş filmlər siyahısında yer alıb. Ekran əsəri iyunun 10-də Beynəlxalq Festivalda nümayiş olunacaq və ölkəmizi təmsil edəcək.

“Nobel qardaşlarının ilk uğuru” sənədli filmi isə AİZANOI QISA FİLM Festivalında seçilmiş filmlər siyahısında yer alıb. Ekran əsəri iyunun 4-də Beynəlxalq Festivalda böyuk ekranda nümayiş etdiriləcək və həmin əsər də ölkəmizi təmsil edəcək.

AİZANOI QISA FİLM FESTİVALI Türkiyənin Mədəniyyət və Turizm nazirliyinin dəstəyi, Kütahya valiliyinin himayəsi altında, Kino Ümumi Müdirliyinin, Sənaye və Texnologiya Nazirliyinin, Zəfər İnkişaf Agentliyinin, Çavdarhisar İlçə valiliyinin dəstəyi tərəfindən təşkil olunur. Çavdarhisar Bələdiyyəsi və Kino Prodüserlər Birliyi (FIYAB), Aizanoi Kino və Fotoqrafiya Dərnəyi tərəfindən “Mədəni İrs, Ətraf Mühit Maarifləndirmə və İqlim Böhranı, İdman və Sağlamlıq” mövzusu ilə təşkil olunacaq festivalda qısametrajlı filmlər və sənədli filmlər yarışacaq. Mükafat mərasimi və Qala gecəsi Qədim Aizanoi şəhərində keçiriləcək.

Bu barədə “Azərtac”-a filmin ssenari müəllifi, rejissoru və baş prodüsseri Cəlaləddin Qasımov məlumat verib:

- Biz şəxsi mənafelərimiz və kommersiya məqsədi üçün yox, Azərbaycanı dünyada tanıtmaq üçün filmlər çəkirik və istəyimizə də nail oluruq. Bu, təkcə bizim deyil, eyni zamanda, Azərbaycanın uğurudur. Düşünürəm ki, hər bir yaradıcı insan ölkəmizin təbliği işinə qismən də olsa öz töhfəsini verməlidir. Filmlərin çəkilişlərini heç bir maddi dəstək olmadan öz hesabımıza aparmışıq. Çəkdiyimiz filmlər son iki ildə Beynəlxalq Festivallarda 170-dən çox mükafat alıb.

Filmin çəkilmə səbəbləri ilə bağlı fikirlərini bölüşən C.Qasımov əlavə olaraq onu da vurğulayıb ki, Hacı Zeynalabdin Tağıyev harada yaşamasından asılı olmayaraq soydaşlarının imdadına çatıb, Azərbaycan xalqının maariflənməsi, istedadlı insanların yüksək təhsil alması, kütləvi savadsızlığın aradan qaldırılması, ölkədə iqtisadiyyatın hərtərəfli inkişafının təmin olunması, habelə milli kadrların hazırlanması üçün zəruri tarixi missiya həyata keçirib. Hələ Bakı Dövlət Univerisitetində oxuduğum illərdən başlayaraq, bu görkəmli sahibkar və xeyriyyəçi haqqında çoxlu məlumatlar əldə etmişdim, bir sözlə, onunla bağlı çap olunan bütün materialları yığırdım. Amma ağlıma da gəlməzdi ki, nə vaxtsa bu sənədlər, kitablar, fotoşəkillər mənim sənədli filmimin çəkilməsi üçün əsas verəcək.

Ssenarisi üzərində üç ildən çoxdur işlədiyini söyləyən C.Qasımov, həm tələbəlik illərində, həm də sonradan əldə etdiyi məlumatların onda əminlik yaratdığını vurğulayıb: “Elə bu məqsədlə 36 dəqiqəlik bədii-sənədli filmdə əsas kadrların 30 faizini o dövrdəki köhnə kadrlar təşkil edir. Bütün bunlar əsasən Beynəlxalq Festivallar üçün nəzərdə tutulub”.

Azərbaycanda “SSP Production” tərəfindən istehsal olunan və dünyada böyük maraqla qarşılanan “Nobel qardaşlarının ilk uğuru” sənədli filmi 35 Beynəlxalq Festivaldan müxtəlif mükafatlar alıb. O, bu filimində Nobel qardaşlarının Azərbaycanda yaşadığı illərdən bəhs edib.
Sonda məlumat üçün onu da qeyd edək ki, redaktoru Əkbər Qoşalı olan sənədli filmin mətnini xalq artisti Eldost Bayram oxuyub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR