İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın yeni enerji layihələri: qlobal və yerli faydamız nə olacaq?

2426 09.02.2023 08:57 İqtisadiyyat A A

Ekspert: “Burada bəzi təhlükələr var ki, onları nəzərə almaq lazımdır”

“Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” təsdiq edilib.

Prezident İlham Əliyevin bununla bağlı fevralın 7-də imzaladığı fərmana əsasən, 2022-ci il dekabrın 17-də Buxarest şəhərində imzalanmış “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Energetika Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Gürcüstan, Rumıniya və Macarıstan hökumətlərinə bildiriş göndərməlidir.

Azərbaycan ortamüddətli perspektivdə alternativ mənbələrdən əldə olunan elektrik enerjisinin və yaşıl enerjinin - hidrogenin ixracatçısına çevrilməyi hədəfləyir. Əsas ixrac coğrafiyası olaraq Gürcüstan, Türkiyə və Avropa nəzərdə tutulur. Bu, 2022-ci ilin iyulunda Avropa İttifaqı ilə Azərbaycan  arasında imzalanan memorandumda nəzərdə tutulur. Memorandumun müddəaların icrası istiqamətində ilk real addım 2022-ci il dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması ilə qoyulub. İmzalanma mərasimində dörd ölkənin dövlət başçıları ilə yanaşı, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen də iştirak edib. Sazişlə bağlı danışan Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Azərbaycan Avropanın mühüm elektrik enerjisi, əsasən yaşıl enerji təchizatçısına çevrilməyi planlaşdırır: “Azərbaycanın bərpaolunan enerji potensialına gəldikdə, quruda külək və günəş enerjisinin həcmi 27 qiqavatdan çoxdur, Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisi 157 qiqavat təşkil edir. Ölkəmizin strateji investorlarının biri ilə biz 2027-ci ilə qədər 3 qiqavat külək və 1 qiqavat günəş enerjisini istehsal etməyi planlaşdırırıq. Onların 80 faizi ixrac olunacaq. Biz 2037-ci ilə qədər ən azı 6 qiqavatlıq əlavə gücləri yaratmağı planlaşdırırıq. Beləliklə, yalnız təkcə bir qlobal enerji şirkəti Azərbaycanda 10 qiqavat yaşıl enerjinin istehsalına yatırımlar etməyi planlaşdırır. İki gün əvvəl Azərbaycanın Energetika Nazirliyi digər qlobal enerji şirkəti ilə çərçivə sazişini imzalayıb. Həmin şirkət Azərbaycanda 12 qiqavata qədər külək və günəş enerjisinin istehsalına sərmayə qoymağı planlaşdırır. Beləliklə, Azərbaycan ixracının birinci mərhələsində ən azı 3 qiqavatlıq əlavə ötürmə gücü yaradılacaqdır”.

Məlumat üçün bildirək ki, Prezidentin haqqında bəhs etdiyi strateji investor BP şirkətidir. BP Cəbrayıl rayunu ərazisində günəş elektrik stansiyası quracaq. İkinci memorandum isə Energetika Nazirliyi və Avstraliyanın Fortescue Future Industries (FFI) şirkəti arasında imzalanıb. Azərbaycanda bərpa olunan enerji layihələri və “yaşıl hidrogen”in potensialının öyrənilməsi və inkişafı üzrə birgə əməkdaşlığa dair Çərçivə Müqaviləsi Azərbaycanda bərpa olunan enerji və “yaşıl hidrogen”in istehsalı üzrə ümumi gücü 12 QVt-dək layihələrin araşdırılması və reallaşdırılmasını nəzərdə tutur.

Onu da bildirək ki, Avropa Komissiyası Qara dənizin dibi ilə kabelin çəkilişi üçün 2,3 milyard avro vəsait ayırıb. Komissiyanın prezidenti Ursula fon der Lyayen hesab edir ki, Saziş Avropa İttifaqını Cənubi Qafqazdakı tərəfdaşlarına daha da yaxınlaşdıracaq və regiona təmiz enerjiyə keçidə nail olmağa kömək edəcək: “Bərpaolunan enerji mənbələrinin artmaqda olan payını inteqrasiya etmək üçün bizə güclü elektrik enerjisi interkonnektorları lazımdır. Məhz buna görə Rumıniya, Gürcüstan və Azərbaycan arasında Qara dənizdən çəkiləcək elektrik xətti olduqca vacibdir”.

Artıq Azərbaycandan ixrac olunacaq enerjinin saziş ölkələrindən kənarda ilkin müştəriləri də bəlli olmağa başlayır. Bunlardan biri Serbiyadır. Bu ölkənin prezidenti Aleksandr Vuçiç Bakıda olarkən ölkəsinin Azərbaycandan həm qaz, həm elektrik enerjisi almaq niyyətində olduğunu deyib.

Azərbaycandan Avropaya elektrik enerjisi ötürəcək sualtı kabel xəttinin çəkilməsi layihəsinin texniki-iqtisadi əsaslandırmasını İtaliya şirkəti hazırlayacaq. Dünya Bankının ayırdığı 2,5 milyon avro hesabına maliyyələşəcək əsaslandırma 2023-cü ilin sonuna hazır olacaq. 2024-cü ildən etibarən layihənin icrasına başlanması və 3-4 ilə yekunlaşdırılması nəzərdə tutulur.

Qara dənizin dibi ilə kabelin çəkilməsi başa çatana qədər Azərbaycan lazımi enerji istehsalını təmin etməlidir. Bu baxımdan, böyük investorların layihəyə maraq göstərməsi mühüm amildir. 2022-ci ilin dekabrında Azərbaycanda olan Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri, iki ölkə arasında müştərək komissiyanın həmsədri Xalid bin Əbdüləziz Əl-Falih Bakıda keçirilən Azərbaycan -Səudiyyə Ərəbistanı Müştərək Komissiyanın 7-ci iclasında çıxışı zamanı bildirib ki, ölkəsi bu layihəyə qoşulmaq istəyir: “Bildiyiniz kimi "Acwa Power" şirkəti 240 meqavatlıq enerji layihəsi Azərbaycanda icra edir. Amma bu bizim üçün azdır. İstərdik ki, daha böyük enerji layihələri icra edək və Azərbaycanın bir neçə gün öncə Avropaya elektrik enejisi ixracı ilə bağlı imzaladığı müqaviləyə biz də qoşulaq".

Azərbaycanın Avropaya növbəti töhfəsi; yeni yaşıl enerji dəhlizi

Hazırda Azərbaycanın ümumi elektrik enerjisi istehsalı gücü 7 937 MVt, iri su elektrik stansiyaları daxil olmaqla bərpa olunan enerji mənbələri üzrə elektrik stansiyalarının gücü 1 278 MVt-dır ki, bu da ümumi gücün 17  faizini təşkil edir. Eyni zamanda ümumilikdə Xəzər dənizinin Azərbaycan sektorunun külək enerjisinin potensialı yüksək qiymətləndirilir. Belə ki, ilkin təhlillərə görə, Azərbaycanda dənizdə külək enerjisinin texniki potensialı 157 QVt səviyyəsində qiymətləndirilib. Bu potensialın 35 QVt hissəsi dəniz sahilinə yaxın dayazsulu ərazilərə, 122 QVt hissəsi isə 50 metrdən artıq dərinlikli hövzələrə uyğun gəlir.

Qeyd edək ki, Azərbaycanda külək enerjisinin istehsalı ilə bağlı təkliflər 20 ildən yuxarıdır səsləndirilir. 2000-ci illərin əvvəllərində Abşeron yarımadasının külək enerjisi potensialına dair bir neçə araşdırmalar aparılıb. Son illərdə bütün dünyada külək enerjisinə yatırımların sürətlə artması Azərbaycanda bu məsələnin yenidən gündəmə gəlməsinə səbəb olub. Xüsusilə Avropa ölkələrinin dənizdə külək istehsalına başlaması daim küləklərlə zəngin olan Xəzər dənizinin potensialından istifadə məsələsini aktuallaşdırıb. Son 3 ildə bu potensialın müəyyənləşdirilməsi istiqamətində araşdırmalar aparılmaqla, onun 157 giqavatta bərabər olduğu aydınlaşdırılıb. Bu qədər böyük potensialın reallaşdırılması kifayət qədər iddialı, amma mümkün məsələdir. Çünki dünyada dənizdə külək enerjisi istehsalının maya dəyəri sürətlə azalır. Avropa İttifaqında bu göstərici qazdan alınan enerjidən aşağıdır hazırda. Buna görə də Azərbaycanın Xəzərdə külək stansiyaları quraraq alınan enerjini ixrac etmək planı potensial investorlar tərəfindən real qiymətləndirilməklə ciddi marağa səbəb olub.

Ötən il Azərbaycan 1,6 milyard kilovat/saat elektrik enerjisi ixrac edib -  AZƏRTAC

Dövlət Gömrük Komitəsinin statistikasına əsasən ötən il Azərbaycan xaricə 1 milyard 711 milyon 432,88 min kilovatt/saat elektrik enerjisi ixrac edərək bundan 121 milyon 598.37 min dollar gəlir əldə edib. 2021-ci ildə ixrac 1 milyard 588 milyon 412.05 min kvt/saat olmuşdu ki, bundan da 69 milyon 343.43 min dollar gəlir götürülmüşdü. Göründüyü kimi, 2021-ci illə müqayisədə ixrac həcmi 7,2 faiz, əldə olunan gəlir həcmi isə 75,3 faiz artıb. Bu isə elektrik enerjisi ixracının getdikcə daha çox gəlir gətirdiyini göstərir.

Azərbaycan ilkin mərhələdə Avropaya elektrik enerjisi, daha sonra isə elektrik enerjisindən əldə olunan maye hidrogen ixrac etməyi hədəfləyir. Bu böyük layihələrin reallaşması Azərbaycana böyük gəlirlər, yoxsa problemlər gətirə bilər? Hökumət hansı məqamları nəzərə almalıdır? İqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, Azərbaycanın enerji layihələri dünyada gedən trendə uyğundur: “Lakin hökumət bunun təhlükəli tərəflərini də düşünməlidir. Təhlükə isə ondan ibarətdir ki, əgər paralel olaraq məmləkətdə bu sahədə ciddi mütəxəssislər yaranmasa və detalların istehsalı, proqram təminatı ilə bağlı yerli müəssisələr olmasa, bir müddətdən sonra bu sahədə də xaricdən ciddi asılılığımız yaranacaq.

Bu sahədə istehsal texnologiyaları, proqram təminatı, detalların istehsalında lider ölkələr var - onların da marağındadır ki, inkişaf etməkdə olan ölkələri “bərpaolunan enerji iynəsinə” otuzdursunlar. Enerji bizim ərazidə istehsal olunub xaricə valyuta ilə satılsa da, sonradan həmin valyutanın böyük bir hissəsi xarici mütəxəssislərə maaş kimi, avadanlıq istehsalçılarına və proqram təminatçılarına ödəniş kimi geri, elə həmin inkişaf etmiş ölkələrin şirkətlərinə ödəniləcək.

Bu gün Qərbin inkişaf etməkdə olan ölkələrdən necə neft-qaz asılılığı varsa, sabah neft-qaz ölkələrinin onlardan avadanlıq, detal, proqram təminatı və mütəxəssislər asılılığı yaranacaq".

Ekspertin fikrincə, bu təhlükəni önləmək üçün hökumət bir sıra addımlar atmalıdır: “Bu sahədə ixtisaslaşmış böyük və nüfuzlu xarici universitetlərin məmləkətdə filialları açılmalı, müasir kampusları, laboratoriyaları olan, bilikli müəllimlər dərs deyən ali məktəblər yaradılmalıdır. Paralel olaraq xarici tərəfdaşlarla birgə istehsal müəssisələri qurulmalı, həmin zavod-fabriklər dövlət tərəfindən uzunmüddətli və çox aşağı faizli kreditlərlə təmin edilməlidir.  Əgər bu işlər paralel olaraq görülməsə, Azərbaycanın bərpaolunan-alternativ enerji sevdası məmləkət üçün valyuta qazanan deyil də, növbəti dəfə valyuta çıxaran, asılılıq yaradan sahəyə çevriləcək”...

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR