İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın nəhəng enerji planının icrasında daha bir addım – İtaliya Bakıyla strateji tərəfdaşlığı yüksək qiymətləndirir

734 14.02.2023 22:32 Gündəm A A

Azərbaycanda 1280 MVt istehsal gücünə malik istilik elektrik stansiyasının təməli qoyulub. Stansiyanın 2,5 il ərzində tikilərək, 2025-ci ildə istifadəyə verilməsi nəzərdə tutulur.

Yeni stansiya müstəqillik dövründə Azərbaycanda inşa olunan ən böyük stansiya olmaqla yanaşı, ən müasir və yanacağa qənaətli texnologiya əsasında qurulması ilə də fərqlənir. Nəzərə alsaq ki, Azərbaycan ortamüddətli dövrdə elektrik enerjisinin ixracını dəfələrlə artırmağı hədəfləyir, onda yeni stansiyanın bu hədəfə çatılmasında rolunun yüksək olacağını söyləyə bilərik.

Xatırladaq ki, 2022-ci ilin dekabrında Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb. Saziş Azərbaycanda istehsal olunacaq elektrik enerjisini Avropaya ötürmək üçün Qara dənizin dibi ilə kabelin çəkilməsini nəzərdə tutur. İmzalanma mərasimində dörd ölkənin dövlət başçıları ilə yanaşı, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen də iştirak edib.

 Screenshot_5.png (1020 KB)

Avropa Komissiyası Qara dənizin dibi ilə kabelin çəkilişi üçün 2,3 milyard avro vəsait ayırıb. 2024-cü ildən etibarən layihənin icrasına başlanması və 3-4 ilə yekunlaşdırılması nəzərdə tutulur. Artıq Azərbaycandan ixrac olunacaq enerjinin saziş ölkələrindən kənarda ilkin müştəriləri də bəlli olmağa başlayır. Bunlardan biri Serbiyadır. Bu ölkənin Prezidenti Aleksandr Vuçiç Bakıda olarkın ölkəsinin Azərbaycandan həm qaz, həm elektrik enerjisi almaq niyyətində olduğunu deyib.

Sazişin imzalanma mərasimində çıxış edən Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın strateji investorlarının biri ilə 2027-ci ilə qədər 3 qiqavat külək və 1 qiqavat günəş enerjisi istehsal olunması planlaşdırılır. Bu enerjinin 80 faizi ixrac olunacaq. Şirkətlə Azərbaycan hökuməti 2037-ci ilə qədər ən azı 6 qiqavatlıq əlavə enerji gücləri yaratmağı planlaşdırır. Beləliklə, yalnız təkcə bir qlobal enerji şirkəti Azərbaycanda 10 qiqavat yaşıl enerjinin istehsalına yatırımlar etmək niyyətindədir.

16762778871346133302_1000x669.jpg (312 KB)

Məlumat üçün bildirək ki, hazırda Azərbaycanın ümumi elektrik enerjisi istehsalı gücü 7 937 MVt, iri su elektrik stansiyaları daxil olmaqla bərpa olunan enerji mənbələri üzrə elektrik stansiyalarının gücü 1 278 MVt-dır ki, bu da ümumi gücün 17 faizini təşkil edir. Eyni zamanda ümumilikdə Xəzər dənizinin Azərbaycan sektorunun külək enerjisinin potensialı yüksək qiymətləndirilir. Belə ki, ilkin təhlillərə görə, Azərbaycanda dənizdə külək enerjisinin texniki potensialı 157 QVt səviyyəsində qiymətləndirilib. Bu potensialın 35 QVt hissəsi dəniz sahilinə yaxın dayazsulu ərazilərə, 122 QVt hissəsi isə 50 metrdən artıq dərinlikli hövzələrə uyğun gəlir.

Hazırda Azərbaycanda bərpa olunan enerji mənbələrindən enerji istehsalının sürətli artımı istiqamətində böyük işlər görülür. Artıq azad edilmiş torpaqlarda 10-dan çox yarımstansiya, 10-dan çox su elektrik stansiyası inşa edilib. Prezident İlham Əliyevin yeni elektrik stansiyasının təməlqoyma mərasimində qeyd etdiyi kimi, iki il ərzində Şərqi Zəngəzur bölgəsində 50 meqavatdan çox generasiya gücü yaradılıb, bu rəqəm 2023-cü ilin sonuna qədər 200 meqavata çatacaq: “Ancaq azad edilmiş torpaqlarda cəmi 3 il ərzində 200 meqavatlıq enerji gücü yaratmış olacağıq. Şərqi Zəngəzurun və Qarabağın böyük hidroenergetika potensialı imkan verəcək ki, biz o bölgələrdə 500 meqavata qədər generasiya gücləri yaradaq.

16762778872912538113_1000x669.jpg (290 KB)

Bərpaolunan enerji növlərinin inkişafı üçün Azərbaycanda çox böyük potensial var. Təkcə Xəzər dənizinin külək enerjisi potensialı 157 qiqavata bərabərdir. Hazırda iki stansiya inşa edilir - 470 meqavatlıq günəş və külək. Üçüncü stansiyanın inşası yaxın vaxtlarda başlayacaq, o da bizə təqribən 240 meqavat əlavə güc verəcək. Hazırda xarici investorlarla imzalanmış sənədlər əsasında 25 qiqavata qədər günəş və külək elektrik enerjisi stansiyalarının inşası nəzərdə tutulur - böyük hissəsi Xəzər dənizində, bir neçəsi isə quru sahələrdə”.

Prezident yeni elektrik stansiyasının təməlqoyma mərasimində bildirib ki, onun işə salınması ilə ölkəmizin enerji potensialı böyük dərəcədə güclənəcək və Mingəçevirin Azərbaycanın elektroenergetika mərkəzi kimi önəmi daha da artacaq. Stansiyanın Mingəçevirdə tikilməsi isə təsadüfi seçim deyil – məhz bu şəhər ölkənin digər regionları ilə əlaqələndirilmiş və yüksək inkişaf etmiş enerji infrastrukturuna malikdir: “Mingəçeviri Qafqazın enerji mərkəzinə çevirən Ulu Öndər Heydər Əliyev olmuşdur. Onun rəhbərliyi və təşəbbüsü ilə 1976-cı ildə Mingəçevirdə böyük elektrik stansiyasının təməli qoyulmuşdur. Böyük stansiyanın birinci blokunun 1981-ci ildə Heydər Əliyevin şəxsən iştirakı ilə açılışı olmuşdur. Müstəqilliyin ilk illərində məhz Mingəçevir Elektrik Stansiyası ölkəni elektrik enerjisi ilə təmin edirdi. Ümumi generasiya gücü 2400 meqavat olan stansiya ölkəmizin nəinki enerji potensialını, ümumiyyətlə, sənaye potensialının böyük hissəsini ödəyərək imkan verdi ki, hətta müstəqilliyimizin ən ağır illərində, ilk illərdə Azərbaycanda elektrik enerjisi ilə təchizat təmin edilsin.

2018-ci ildə Mingəçevir Elektrik Stansiyasının yenidən qurulması prosesi başlamışdır. Qısa müddət ərzində - artıq iki ildə 8 blok tamamilə yenidən qurulmuş və istifadəyə verilmişdir. 2020-ci ildə stansiya öz əzəli gücü ilə yenidən işləməyə başlamış və 2400 meqavat generasiya gücünə malik olmuşdur. Bərpa-yenidənqurma işləri nəticəsində təqribən 600 meqavatdan çox itirilmiş güclər bərpa edildi”.

Onu da bildirək ki, yeni tikiləcək stansiyada şərti yanacağın sərfiyyatı kifayət qədər aşağıdır. Bu isə ildə təqribən 800 milyon kubmetr və ya 1 milyard kubmetr qaza qənaət olunmasına şərait yaradacaq: “Bu gün Avropa məkanında Azərbaycan qazına böyük tələbat olduğu üçün bu, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinə növbəti töhfə olacaqdır. Yeni tikiləcək stansiyanın müasir standartlara cavab verməsi nəticəsində karbon qazının miqdarı çox böyük dərəcədə – 2 milyon ton azalacaq və beləliklə, ətraf mühitə də bunun çox böyük faydası olacaqdır”.

16762778873133418013_1000x669.jpg (546 KB)

Yeni stansiya Azərbaycanın daxili resursları çərçivəsində inşa ediləcək. Stansiyanın ümumi dəyəri təqribən 400 milyon dollara qədər olacaq: “Stansiyaya sərf ediləcək vəsait bir qayda olaraq, bu böyüklükdə stansiyaların tikintisinə sərf olunan vəsaitdən 3-4 dəfə aşağıdır. Bunun da səbəbi səmərəlilikdir. Eyni zamanda, bunun səbəbi odur ki, Mingəçevirdə artıq güclü elektroenergetika infrastrukturu yaradılmışdır və bu stansiyanın məhz Mingəçevirdə inşa edilməsi də ilk növbədə bu məqsədi güdür”.

Təqdirəlayiq haldır ki, stansiyanın tikinti xərclərinin 60 faizi “Azərenerji” ASC-nin daxili vəsaiti hesabına maliyyələşdiriləcək, qalan 40 faiz isə kreditlər vasitəsilə təmin ediləcək. Yüksək səmərəlilik sayəsində bir neçə il ərzində bu stansiyanın fəaliyyəti nəticəsində həm qoyulan vəsait qayıdacaq, eyni zamanda, kredit borcu da bağlanacaq.

Stansiyanın tikintisində İtaliyanın və Çinin şirkətləri iştirak edəcək. Prezident İtaliya şirkətinin prosesdə iştirakını yüksək qiymətləndirib, bu isə təsadüfi deyil. İtaliya Azərbaycanın Avropada ən yaxın enerji vəstrateji tərəfdaşlarından biridir. Ölkələr arasında strateji tərəfdaşlığa dair iki sənəd imzalanıb. İtaliya yalnız enerji layihələrində deyil, Azərbaycanı Qarabağ münaqişəsi ilə bağlı məsələlərdə də dəstəkləyir. 2020-ci ildə 44 günlük Vətən Müharibəsi dövründə Azərbaycana qarşı beynəlxalq təşkilatlarda qətnamələrin qəbuluna imkan verməyən ölkələrdən biri məhz İtaliyadır. Təsadüfi deyil ki, həm müharibə dövründə, həm də ondan sonra Ermənistan mətbuatı, erməni lobbisi İtaliya hakimiyyətinə qarşı təbliğat kampaniyaları təşkil etmişdilər.

Prezident İlham Əliyev çıxışında qeyd edib ki, energetika sahəsində İtaliya ilə əməkdaşlıq ənənəvi xarakter daşıyır: “Azərbaycan neftinin böyük hissəsi İtaliya bazarına çatdırılır və iki ildən artıqdır ki, Azərbaycan qazı İtaliya bazarına çatdırılır. TAP layihəsi birgə uğurumuzdur. Cənub Qaz Dəhlizinin başlanğıcı Azərbaycanın Xəzər dənizindəki sektorudursa, bunun son məntəqəsi İtaliyadır və yol boyunca bir neçə ölkə Azərbaycan qazından faydalanır. İtaliya-Azərbaycan əlaqələri təkcə iki ölkənin maraqlarını təmin etmir, böyük coğrafiyanın maraqlarını təmin edir. Əməkdaşlıq təkcə energetika sahəsi ilə məhdudlaşmır. İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Hazırda Bakıda Azərbaycan-İtaliya Universitetinin yeni binası inşa edilir. Azad edilmiş torpaqlarda bərpa-yenidənqurma işlərində İtaliya şirkətləri çox fəal iştirak edirlər - dini abidələrin bərpası və tikintisi, qələbə muzeylərinin tikintisi və dizaynı”.

İtaliya Azərbaycanla əməkdaşlığı yüksək qiymətləndirir. Rəsmi Roma bu il ərzində Rusiya qazını almaqdan imtina edərək, yeni kanallar vasitəsilə təbii yanacaq tədarükçüsünə çevrilməyi hədəfləyir. Ölkənin şirkətlər və “Made in Italy” naziri Adolfo Ursonun İtaliya mətbuatına verdiyi məlumata görə, bu planın reallaşması Azərbaycan qazından asılıdır: “Gələn ildən biz özümüz qazı başqa ölkələrə çatdıra biləcəyik və o cümlədən TAP (Trans-Adriatik Qaz Boru Kəməri) kəmərinin buraxılış gücünün iki dəfə artması sayəsində tezliklə Avropada qaz mərkəzinə çevriləcəyik”.

16762778881502529263_1000x669.jpg (387 KB)

Nazir Bakıdakı təməlqoyma mərasimində qeyd edib ki,Azərbaycan ilə İtaliya arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə çərçivəsində Bakı ilə Roma arasında xüsusi münasibətlərə böyük inamla yanaşırıar: “İki ölkə arasında çoxölçülü strateji tərəfdaşlığa əsaslanan mövcud münasibətlərin, siyasi dialoqun hərtərəfli genişləndirilməsi üçün davamlı və əmin şəkildə çalışırıq”.

İki ölkə arasında yaradılmış siyasi anlaşma və dostluğu, eləcə də geniş əhatəli əməkdaşlığın davamlı gücləndirilməsini yüksək dəyərləndirən Adolfo Urso deyib: “Həmçinin biz energetika sahəsində çalışırıq. İtaliya ilə Azərbaycan arasında tərəfdaşlıq münasibətlərini bundan sonra da gücləndirəcəyik. Biz, həmçinin iqtisadiyyat sahəsində çalışırıq. İtaliya Azərbaycanın birinci ticari tərəfdaşıdır və Azərbaycan İtaliyanın əsas enerji təchizatçılarından biridir. Cənab Prezident (Prezident İlham Əliyev-red.) burada bizim həyata keçirəcəyimiz layihənin vacibliyini qeyd etdi. Söhbət burada, həmçinin TAP boru kəmərinin buraxılış qabiliyyətinin iki dəfə artırılmasından gedir. Beləliklə, İtaliyaya daha çox təbii qaz daxil olacaqdır.

167627788850947947_1000x669.jpg (485 KB)

İtaliya gələn illərdə də Azərbaycanın geniş energetika planları üçün etibarlı müttəfiq olacaq. Həyata keçiriləcək əməkdaşlığa gəldikdə, əminik ki, biz, həmçinin digər sənaye sahələrində, o cümlədən kənd təsərrüfatı və yeyinti məhsullarının istehsalında sizinlə işləyə biləcəyik. Biz sizin tərəfinizdəyik, istərdik ki, Azərbaycanın inkişafına və Avropanın enerji təhlükəsizliyinə öz töhfəmizi verək”.

 

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR